“Azərbaycan millisində oynamaq ağılsızlıq olardı”

“Mən özümü isveçli hesab edirəm və məhz bu ölkənin millisində oynamaq arzusundayam”

Isveçin “Malmü” klubunun kürd əsilli futbolçusu, hücumameylli yarımmüdafiəçi Jiloan Hamad Azərbaycan millisində oynamaq üçün təklif aldığını təsdiqləyib. Isveç mətbuatına müsahibəsində o, bir müddət əvvəl Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqtsla görüşdüyünü bildirib.
Isveç yığmasına dəvət alan və Cənubi Afrika Respublikasında təlim-məşq toplanışında iştirak etmiş Hamad Bakıda doğulduğunu, amma Azərbaycan haqda çox eşitmədiyini deyib: “Mən bura gələndən sonra Azərbaycana qayıtmağın marağında olmamışam. Indiyədək heç yerdə demədiyim açıqlamanı vermək istəyirəm. Mənə Azərbaycan milli komandasında oynamaq üçün bir neçə dəfə təklif gəlib. Soruşdular ki, bizim komandada oynamaq istəyirsən? Cavab verdim ki, mən özümü isveçli hesab edirəm və məhz bu ölkənin millisində oynamaq arzusundayam”.
Futbolçunun sözlərinə görə, Berti Foqtsla ötən ilin payızında söhbətləşiblər. O zaman Isveçdə Foqtsla görüşdüklərini deyən Hamad almaniyalı mütəxəssisin təklifini rədd edib.
“Əlbəttə, mən Foqtsun böyük idmançı olduğunu bilirəm. O, məni Azərbaycan millisinə dəvət etdi. Mən isə öz durumumu ona izah etdim. Dedim ki, artıq Isveçin U-21 komandasında oynamışam və bundan sonra risk edib Azərbaycan millisində çıxış etmək mənim tərəfimdən ağılsızlıq olardı. Əgər mən Azərbaycan millisində oynasaydım, o zaman Isveç yığmasının qapıları mənim üzümə bağlanacaqdı. Foqts məni anlayışla qarşıladığını dedi. Amma qeyd etdi ki, əgər fikrimi dəyişsəm, mütləq xəbər edim”, – deyə Hamad bildirib.
J.Hamad 1990-cı il noyabrın 6-da Bakıda doğulub. Futbolçu karyerasına isə Isveçdə başlayıb. “Malmü” klubunun tərkibində sonuncu Isveç çempionatının qalibi olan Hamad bu ölkənin U-21 komandasının şərəfini qoruyub. Bir müddət əvvəl isə o, Isveçin əsas milli komandasına dəvət alıb.