Azər Həsrət azarladımı?

“Mən öz millətimdən olan diktatoru, başqa xalqın demokratından üstün tutaram” – bu fikri Etibar Məmmədov laçın vaxtlarında işlətmişdi. Populistcəsinə deyilən bu fikir, uzun müddət nə qədər adama qaz verdi, nə qədər gözləri yaşartdı.

Amma bir gün yetişdi…

Azərbaycan xalqının başına bir diktator əngəl-kələf oldu və hamı bildi, gördü ki, diktatoru üstün tutmaq olmur. Onun seviləcək, tərəfi saxlanılacaq bir cəhəti yoxdur.
Azərbaycan xalqı gördü ki, onu əzənlərdən, istismar edənlərdən qoruyan, tutaq ki, bir isveçrəli Andreas Qross da ola bilir. Ancaq elə Qrossun böyründə oturan türk Çavuşoğlu bizi talayanlara “maşallah” deyənlərdən olur – bunu da bildik, gördük.
Demək istədiyim o ki, XXI əsrdə insanları millətinə görə sevmək, yamanlamaq, yarğılamaq, ancaq sonu uğursuzluğa, dalana dirənən etibarməmmədovların işidir.
Demokratiya, azadlıq kimi dəyərlərə sayğı bəsləyən insan əsla bu düşüncədə olmamalıdır. Ancaq nə edəsən, etibarməmmədovlarla mən hər gün rastlaşıram.

Onlardan biri də Azər Həsrətdir…

Deputatlığa keçmiş namizəd Azər Həsrət bugünlərdə öz saytında bəyanat verib, demiş: “Mən öz dövlətini məhkəməyə verəcək insan deyiləm!”
Qısa arayış verim ki, Azər Həsrət seçkidə saxtakarlığa düçar olduğunu iddia edir, ancaq başqa yoldaşlar kimi, o, bu saxtakarlıq edənləri Avropa Məhkəməsi səviyyəsində ifşa etmək niyyətində deyil.
Və bu adam deputat olmaq istəyirdi. Avropa Məhkəməsində hüquqlarını qorumağı özü üçün ar bilən bir deputat…
Azər Həsrətə baş qoşmamaq olardı, faciəli bir şey olmayıb ki… Yeniyetmə vaxtlarımızda onun kimi qəribə fikirlərə hamımız çox düşmüşük. Di gəl ki, Azər müəllim macərapərəstliyi ilə adamı sakit yaşamağa qoymur. Məsələn, deputatlıq sevdasına dalmazdan az əvvəl o, türk dünyası üçün bir ortaq əlifba hazırlamışdı.
Sayğılı Azər müəllim, Türk xalqları Don Kixotluğunuzun məhsulu olan əlifbanız olmadan da keçinəcək. Ancaq siz demokratiyanın əlifbasını öyrənmədən Altay dağlarının zirvələrini fəth edə bilməyəcəksiniz. Lütfən, oxuyun, bilin ki, dövlət nədir, insan haqları nədir, Avropa Məhkəməsi nə mənədir…
Oxuyun, öyrənəcəksiniz. Öyrənməsəniz, o zaman sizi tibbin öhdəsinə buraxarıq.

Ruslan Bəşirli

Il sonu əfv oldu və biz o siyahıda nə Eynulla Fətullayevin adını oxuduq, nə də Ruslan Bəşirlinin. O başqa məsələdir ki, adıçəkilən şəxslərin heç biri əfvlik bir iş görməyib. Ruslan da, Eynulla da qurama ittihamla həbs olunublar və illərdir, heydərizm onları məhbəsdə saxlamaqla bütün mütərəqqi dünyanın lənətini qazanmaqdadır.
Ruslan artıq 6 ildir siyasi məhbusdur. Mən bu yanvarı özüm üçün “Ruslan Bəşirli ayı” elan etmişəm.
Hər gün Ruslandan nəsə yazacağam. Hər gün onu xatırladacağam. Bütün azadlıqsevər yoldaşları bu aksiyaya qoşulmağa səsləyirəm.
Niyə görə bu günahsız gəncin illərdir həbsdə saxlanılması bu qədər sakitliklə ötüşdürülməlidir? Kim Ilham Əliyevə və onun sülaləsinə ixtiyar verdi ki, kefi istədiyini tutsun, öldürtsün, azaltsın?
Ruslan Bəşirlini bu dəqiqə qollarımızı çirmələyib, həbsdən çıxartmaq imkanında deyilik. Ancaq onu gündəm etməyə nə var ki?
Özündə təpər tapan hər kəsi, bu yazını oxuyan hər bir vətəndaşı Ruslan barədə düşünməyə çağırıram. Azərbaycan dövləti onu gözümüz önündə repressiya edir. Ruslan quldur deyil, qatil deyil, yetim malını da oğurlamayıb. Heç bir milyona ayı kababı da yeməyib, onun Dubayda 75 milyonluq villası da yoxdur…
Ruslan hamımızın azadlığı üçün təpəgöz rejimlə savaş aparan dəliqanlıdır. Onu unutmayaq…