Azadlıq yolundan çıxanlar

ABŞ-ı bütövlükdə «Azadlığı yoldan çıxaran» adlandıranların yolu haradır?

Ötən ilin sonuncu iş günündə “Azərbaycan” qəzeti ölkə hakimiyyətinin ABŞ-a qarşı tutduğu mövqeyi açıq-aşkar ortaya qoyan və dünyanın hegemon dövlətinə aqressiv təhqirlərlə müşayiət olunan yazını dərc etmək cəsarəti göstərdi. Elə həmin gün də baş redaktor Bəxtiyar Sadıqov müəllif qismində açıqlama verməklə bu ağır məsuliyyəti üzərinə götürməyə çalışdı. Uğursuz cəhddir, çünki ilk baxışdaca yazının Bəxtiyar Sadıqovun qələmindən çıxmadığını təsdiqləyən xeyli faktlar göstərmək olar:

1. Ifadə tərzi və üslub

Dil, bu kontekstdə yazı – təfəkkür və düşüncə vasitəsidir və heç bir halda mənsub olduğun millətin özünüifadə formalarından kənara çıxmır. “ABŞ – ”Azadlığı” yoldan çıxaranlar” başlıqlı məqalədə isə (“Azadlıq” sözünün dırnaqda verilməsi ikibaşlı anlama gəlir və siyasi səhvdir: “Azadlıq” qəzetinə və ya blokuna ABŞ-ın dəstək verdiyi assosiasiyasını doğurur) milli düşüncə tərzinə və ifadəsinə qətiyyən uyğun olmayan üslubdan istifadə edilib:
a) “ABŞ mütəmadi olaraq siyasi şantaj məqsədilə informasiya ”istehsal edir”; “narkoticarət istehsalının ”çiçəklənməsi”; “Uoll Strit” maliyyəçilərinin həyasızlığı ilə “əlamətdar” olmuş illər” və s. cümlələrdəki obrazlaşdırmalar dırnaq içərisində verilib. Halbuki Azərbaycan düşüncə tərzi bu ifadələrin dırnaqsız verilməsini təlqin edir.
b) “Vaşinqtonun ”altına uzanmamağa” cəsarət edənlər” cümləsindəki dırnaqda verilən ifadə rusdilli mətnlərdə normal qarşılansa da, Azərbaycan ziyalısının yazıda işlətməyi özünə rəva görmədiyi üslubdur.
v) “ABŞ-da informasiya sahəsi heç də az sərt nəzarətdə deyil”.
“Az sərt nəzarətdə deyil” birləşməsi Azərbaycan dilində yoxdur. Bu, rus dilinin qrammatik quruluşuna uyğundur (“ne menşe”) və “çox sərt nəzarətdədir” kimi tərcümə olunur.
…”Devid Obi “Milli Parklar haqqında” qanuna ABŞ milli parklarının abadlaşması üçün 2 milyard dollar məbləğində xərclər maddəsinin daxil edilməsinə çalışırdı, eyni zamanda, onun oğlu Milli Parkların Mühafizəsi Assosiasiyasının əsas lobbiçisi idi” cümləsindəki “eyni zamanda” qəlibi də milli düşüncə tərzinə uyğun deyil və rus dilinin cümlə strukturuna daxildir. Bu kontekstdə “to est” sözü “eyni zamanda” kimi tərcümə olunmur, ən pis halda, “çünki” sözündən istifadə edilir.
“Senator Lari Kreq aeroportun tualetində başqa kişi ilə seksual əlaqədə olmaqda ifşa edilmişdir” cümləsində fərqləndirdiyimiz ifadə də qüsurlu tərcümənin nəticəsidir. Azərbaycan düşüncə tərzində “olmaqda ifşa edilmişdir” deyilmir və s.

2. Terminologiya

Yazıda iqtisadi terminologiyadan istifadə bəzən bütöv cümlə quruluşunda özünü göstərir ki, (məsələn, “derivativlərin spekulyativ bazarının məsuliyyətsizcəsinə şişirdilməsi ən iri investisiya banklarının iflasa uğramasına və bunun ardınca iqtisadiyyatın real sektorlarında da müflisləşməyə gətirib çıxarmışdır”) bu da ixtisasca jurnalist olan Bəxtiyar Sadıqovun məqalə müəllifi olmasına şübhələri artırır. Nəzərə alsaq ki, yazıda o qədər də tanış olmayan bir sıra iqtisadi birliklərin abbreviaturasından da istifadə edilib, onda bu şübhə bir qədər də dərinləşir.

3. Şübhəli milli kimlik

Yazıda bəzi fikirlər var ki, Azərbaycan oxucusu onu ciddi siyasi xəta adlandıra və müəllifin milli kimliyi haqda şübhələrə düşə bilər. Məsələn, “ABŞ-ın Çin Xalq Respublikasına verməkdən imtina etdiyi uyğur separatçıları” fikri.
ÇXR-in çox böyük tarixi olan Uyğur dövlətini məhvetmə siyasəti, uyğurlara qarşı apardığı soyqırım, onları assimilyasiyaya uğratma cəhdi və əhali artımının qarşısını almaq üçün uyğur qızlarını analıqdan məhrum etməsi kimi dəhşətlər Azərbaycan mətbuatında vaxtaşırı etirazla qarşılanan olaylardır. Urumçidəki qətliam səs-küyünün yatmadığı, uyğur qanının hələ də qurumadığı bir məqamda özünə türk və azərbaycanlı deyən hansı ziyalı, yaxud vətəndaş siyasi təzyiqlərdən ABŞ-a sığınan uyğur mühacirlərini “separatçı” adlandırar?

4. Faktlara əminlik hardandır?

Məqalə MKI-nin informasiya siyasəti, jurnalistlərlə bağlanan “qeyri-rəsmi” sazişləri, müqaviləni pozan qəzetçilərin cəzalandırılması kimi məlumatları, həmçinin ABŞ xüsusi kəşfiyyat orqanlarının dəstəyi ilə Ikinci Dünya Müharibəsindən sonra müxtəlif ölkələrdə həyata keçirilən hakimiyyət dəyişikliklərinin az qala 60 illik xronikasını əhatə edir. Informasiya qaynaqlarının göstərilməməsi isə bu məlumatların hazır şəkildə MKI-nin “kiçik qardaşları” tərəfindən sızdırılması anlamına gəlir. Çünki ABŞ kimi nüfuzlu bir dövlətin üçüncü prezidentindən üzü bəri bir sıra siyasi xadimlərini əxlaqsız əməllərdə ittiham etmək üçün gərəkən “istehsal edilmiş” faktları sistemləşdirmək fərdi araşdırma dairəsindən kənara çıxır. Bu məlumatlar hardan əldə edilib və MKI-ni informasiya manipulyasiyasında suçlayan müəllif söykəndiyi əsasların mötəbərliyinə niyə əmindir?
Diqqətli oxucu “soyuq müharibə” illərində MKI-nin keçirdiyi əməliyyatların bir çoxunun SSRI DTK-sına cavab xarakteri daşıdığını dərhal sezir. Söz yox, bu, heç bir halda günahsız insan qırğınlarının alibisi kimi qəbul edilə bilməz. Maraqlı olan odur ki, MKI-yə girişin döşəməsinə həkk edilmiş ifadəyə fikir verəcək qədər diqqətli olan müəllif DTK-nın dəstəyilə hakimiyyətə gəlmiş və SSRI-yə güvənərək Qərb dövlətlərinə məxsus şirkətləri milliləşdirmək cəsarəti göstərən şəxsləri niyə “demokratik yolla seçilmiş prezident” adlandırır?

5. Yarımbaşlıqların dili

Müəllif yazıya qoyduğu yarımbaşlıqların, o cümlədən şəxs, şirkət adlarının ingilis dilindəki qarşılığını verməklə kifayətlənmir, həm də yeri gələndə ingilisdilli mətbuatdan və kitablardan sitatlar gətirir.
Kolumbiya Universitetinin professoru Ceffri D.Saksın tanınmış iqtisadçı olduğuna diqqət çəkən (yazı müəllifinin iqtisadçılarla maraqlandığına şübhə ola bilməz – yuxarıda bildirdik) müəllif, onun 27 dekabr 2010-cu ildə “Proyekt Sindikate”dəki çıxışının mənbəyini orijinaldan göstərir. Və bu da yazı müəllifinin nəinki ingilis dilini bildiyinə, hətta ABŞ mediasını ciddi şəkildə izlədiyinə inamı artırır.
Bəxtiyar Sadıqovun bioqrafiyasında isə onun rus dilindən başqa hər hansı dili bildiyinə aid bir cümlə də yoxdur. Belə çıxır ki, ya B.Sadıqov ingilis dilini bildiyini bir sirr kimi saxlayır və gecə-gündüz ABŞ mediasını diqqətlə izlədiyindən kimsənin xəbər tutmasını istəmir, ya da məqalədə faktı orijinaldan göstərməklə blef eləyir.

6. Bu, doğrudan da əxlaq məsələsidir!

Barak Obamanın istirahətə israfçılıqla pul səpdiyini tənqid edən ABŞ mətbuatından sitatlar gətirən müəllif, Mişel Obamanın bir neçə günlük “Ispaniya tətillərinə” bütövlükdə 375 min ABŞ dolları xərclədiyini bildirir.
Amerika vergi ödəyicilərinin pulları hesabına istirahət etdiyini xüsusi vurğulayan müəllif Obama ailəsinin həftədə 50 min ABŞ dollarına başa gələn bahalı Vineyard kurortunda dincəlməsini də qabardır.
Büdcəsi trilyonlarla ölçülən ABŞ kimi nəhəng dövlətin başında duran şəxsin istirahətinə ildə bir neçə yüz min xərcləməsi qəbahət kimi vurğulanırsa, bəs, cəmi 12 milyardlıq büdcəsi olan Azərbaycanın prezidentinə məxsus 75 milyonluq Dubay mülkləri, Bakının göbəyində milyonlar hesabına inşa edilən və bəyənilmədiyindən dəyərsiz bir şey kimi yarımçıq saxlanılan iqamətgaha nə deyilməlidir? Ildə 4 dəfə rəsmi tətilə yollanan Azərbaycan prezidenti istirahətinə nə qədər xərcləyir və bu vəsait “azərbaycanlı vergi ödəyicilərinin” hesabına deyilsə, nəyin hesabınadır?
Heç olmasa, Obamanın istirahət israfçılığını vurğulamamaq olardı…

7. Ixtisar və əlavələr

“ABŞ – ”Azadlığı” yoldan çıxaranlar” məqaləsinin rus dilində düşünən şəxs (və ya şəxslər) tərəfindən yazıldığına heç bir şübhə yoxdur və qəzetin imkanları çərçivəsində bunu sübut etməyə çalışdıq. Yazı Azərbaycan dilinə tərcümə edilib və tərcümə zamanı bir sıra yanlışlıqlarla bərabər, Azərbaycan ziyalısının etik və siyasi reallıq baxımından yazması mümkünsüz görünən fikirlərin çıxarılması unudulub.
Hesab edirik ki, rus dilində analitik qrup tərəfindən yazılmış bu məqalə müəyyən ixtisarlara və əlavələrə məruz qalıb. Çünki:
1. Bir neçə yerdə verilən fikirlər sonradan inkişaf etdirilməyib, nəticədə ümumi ahəngdən kənarda qalıb. Məsələn, Konqresdə etika məsələlərinə dair təhqiqatların aparılması ilə bağlı informasiyanın hədəfi qeyri-müəyyənliklə yarımçıq saxlanılır.
2. “Ümumiyyətlə” kimi sözlərlə gəlinən qənaətlər, o cümlədən Metyu Brayzanın səfir təyinatı ilə bağlı “araşdırma” bütöv mətndən üslub baxımından çox fərqlənir. Hiss olunur ki, “ümumiyyətlələr” ixtisarları ört-basdır etmək, “Metyu Brayza” isə yazını “azərbaycanlılaşdırmaq” istəyindən doğur.
Təəssüf ki, hər iki cəhd uğursuzluğa düçar olub. Birincini dedik. Ikincini isə yazı müəllifinin “səhlənkarlıqda” ittiham etdiyi ABŞ prezidenti Barak Obama Brayzanı Azərbaycana səfir təyin etməklə sıradan çıxardı.
Ciddi araşdırma aparmasıyla bağlı şübhə yeri qoymamağa çalışan müəllif Metyu Brayza məsələsində gərək Amerika Universiteti nəzdində Konqres və Prezident Araşdırmaları Mərkəzinin direktoru Ceyms Törberqin 2010-cu il noyabrın 1-də “Köhnə Konqresin buraxıldığı və Yeni Konqresin hələ toplanmadığı məqamda prezident Barak Obamanın Azərbaycana səfir təyin edəcəyi” ilə bağlı proqnozunu da nəzərə alaydı.
Əminəm ki, məqalənin əsl müəllifləri Brayza məsələsinə toxunsaydılar, bu fakta mütləq diqqət çəkərdilər.

Nəticə

Ən yüksək səviyyədən gələn xeyir-dua ilə işıq üzü görən və rusdillilərin ortaya qoyduğu “ABŞ – ”Azadlığı” yoldan çıxaranlar” (yeri gəlmişkən, “çıxaranlar” sözündə cəm şəkilçisindən istifadə etmək qüsurludur) adlı məqalə 2010-cu ilin lap əvvəlindən Amerikanın Azərbaycan haqda bəzi həqiqətləri dərc edən mətbuatıyla başladığı siyasətə qarşı Azərbaycan hakimiyyətinin il ərzində verdiyi qarşılığın əksidir. Ancaq unutmayaq ki, “Azərbaycan” qəzeti “Vaşinqton Post”la müqayisədə nədirsə, Azərbaycan Prezident Administrasiyası da ABŞ Administrasiyası ilə müqayisədə odur!
O ki qaldı ABŞ-a qarşı təhqirlərlə müşayiət olunan və bütövlükdə ABŞ cəmiyyətini “Azadlığı yoldan çıxaran” sayıb da Rusiyaya meylləndiyini birmənalı olaraq göstərən yazını Bəxtiyar Sadıqovun üstünə çəkməsinə, bu, “barıtın çox olması” səbəbindən baş redaktorun qurban verilməsinə köklənən mümkün siyasi jestdir və qarşı tərəfin bu jesti qəbul edəcəyi şübhəlidir. Çünki ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat katibi Kis Bin artıq münasibətini bircə cümləylə bildirib: “Yazını müəllifin və yazını hazırlayan şəxslərin şəxsi mövqeyi kimi qiymətləndiririk”.
Siz “Yazını hazırlayan şəxslər” ifadəsinin təsadüfən seçildiyini düşünürsünüz?