2010-cu il iqtisadi baxımdan necə keçdi?

Məhəmməd Talıblı: «Ötən il aqrar sektorda tənəzzül ili kimi yadda qaldı»

«Bizdə öncə qiymətlərin qalxmasına şərait yaradılır, sonradan onun enməsinə can atılır»

Hakimiyyət təmsilçilərinin Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etdiyi ilə bağlı açıqlamalarına baxmayaraq reallıq göz önündədir. Bu baxımdan söyləmək olar ki, ötən il ölkə iqtisadiyyatı haqqında dolaşan miflərin faş olması ilə  yaddaşlarda qaldı. Bunu beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarına nəzər yetirdikdə görmək olar. 2010-cu il arxada qaldı. Ilin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi və bu barədə ətraflı söhbətləşmək üçün iqtisadçı-ekspert Məhəmməd Talıblıya müraciət etdik.
– Məhəmməd bəy, ili başa vurduq. Bu bir il hansı əhəmiyyətli iqtisadi hadisələrlə yadda qaldı?
– Doğrudan da ölkə ötən ildə çox maraqlı hadisələrlə yaddaşlarda qaldı. Bura ümumi makroiqtisadi konteksdə yanaşsaq, əslində onların təsnifatı və xarakteri olduqca zəngin oldu. Ona görə təklif edərdim ki, ümumi qiymətləndirməni xronoloji ardıcıllıqla aparaq.

– O zaman ilkin olaraq diqqəti cəlb edən sahədən başlayaq. Bu sahə son illər ciddi qiymət artımı müşahidə olunan kənd təsərrüfatıdır. Sizcə, kənd təsərrüfatında hansı əhəmiyyətli hadisələr baş verdi?
– Bu sahədə mövcud vəziyyət və onunla bağlı uzun müddət söylədiyimiz diaqnozlar özünü doğrultdu. Belə ki, bu sahədə real vəziyyəti təhlil etdiyimiz zaman ciddi şəkildə nöqsanların olduğunu söyləmişdik. Indi həmin vəziyyət tamamilə açıq və gözlə görünən halda cərəyan etməyə başladı. Belə ki, ilkin olaraq Kürün deltasında lillənmənin artması və ümumilikdə irrasional idarəetmənin nəticəsindən fəlakətin miqyası artdı və sonra aqrar bölgədə vəziyyət olduqca gərginləşdi. Belə ki, həmin daşqınlara məruz qalan altı rayonun kənd təsərrüfatının potensialı məhv olmağa doğru getdi. Müxtəlif hesablamalara görə, bu rayonların ölkədə kənd təsərrüfatı məhsullarının toplam istehsalında payı 33 faizdən artıq idi. Bu isə hətta yay aylarında belə bostan məhsullarının qiymətlərinin nəinki aşağı düşməməsinə, hətta əvvəlki illərdən kəskin surətdə daha da bahalaşmasına gətirib çıxardı. Fikrimcə, bu, əslində təbii deyil, Əli Kərimlinin çox düzgün olaraq ifadə etdiyi kimi “qeyri-təbii fəlakətin” yaranmasına gətirib çıxardı. Bu isə onu ortaya çıxardı ki, bu fəlakət nəinki aqrar sektorda məhsul istehsalçılarına, həmçinin bütün ölkədə istehlakçılara daha böyük zərbə oldu. Sonradan büdcədən ayrılan 300 milyon manat vəsaitin təyinatı üzrə necə xərclənməsi ölkə ictimaiyyətinə məlumdur.

Hökumət seçkiyə görə planları dəyişibmiş

– Bunun ardınca isə un və un məmulatlarının qiymətlərinin, o cümlədən çörəyin qiyməti də qalxması aqrar sektorun daha ciddi qüsurlarından oldu. Sizcə, bu artıma səbəb nə idi?
– Bilirsiz, ölkədə çörəyin qiymətinin qalxması üçün ictimai zəmin və zərurət yox idi. Əslində çörəyin qiymətinin qalxmasına hökumət yay aylarında start verməli idi. Sadəcə olaraq qarşıda parlament seçkisi olduğu üçün bu addımın atılması ertələndi. Sonrakı mərhələdə bu addımın atılması üçün daha sərbəst vəziyyət əldə edildi, ona görə müxtəlif sosial qruplar üçün deyil, bütün xalqın gündəlik istehlak etdiyi çörəyin qiymətinin qalxması baş verdi. Bu, hökumətin seçkidən sonra xalqa verdiyi mükafat oldu. Sonradan qiymətlərin qalxmasına şərait yaradan dövlət qurumları sakitcə prosesin üstündən keçdi.
Yəni, bu prosesə müdaxilə etməməklə rəsmi olaraq buna rəvac vermiş oldu. Daha sonra çörəyin qiymətində qalxmalar dayandırıldı, amma onun çəkisində azalmalar baş verdi. Bu, əslində iqtisadçıların adlandırdıqları “gizli inflyasiyanın” baş verməsi prosesi idi. Nəticədə seçkidən öncə müxtəlif sosial qruplar üçün nəzərdə tutulan 10 manat civarında artımları həmin inflyasiya “yeməyə” başladı.

– Amma ötən həftə hökumət un və un məmulatlarına tətbiq olunan ƏDV-ni aradan qaldırdı. Sizcə, bu, qiymətlərin enməsinə zəmin yarada bilərmi?
– Bilirsiz, idarəetmənin effektivliyini şərtləndirən faktorlardan əsası hökumətdə istənilən qərarların qəbulu və onun mükəmməl icra mexanizmlərinin çevikliyi hesab olunur. Bizdə qiymətlərin qalxmasına şərait yaradılır, sonradan onun enməsinə can atılır. Bu, olduqca yanlış yanaşma tərzidir. Preventiv tədbirlər hesabına neqativ tendensiyaların qarşısını almaq olar, amma proseslərin arxasınca sürünmək həmin neqativ gərginliyi daha da dərinləşdirir. Ikincisi, bazar iqtisadiyyatı şəraitində qızıl qaydalardan biri odur ki, qiymətlərin qalxmasından sonra onların enməsi çox nadir hallarda baş verir. Çünki, yüksələn xətt üzrə davam edən iqtisadi elastiklik özünü daha yüksəklərə dartmağa doğru gedir. Eyni zamanda aqrar sektorda ümumi panoramada tənəzzül özünü daha çox ifadə elədi. Belə ki, Statistika Komitəsinin sədri A.Vəliyev açıqlamasında söylədi ki, Azərbaycanda taxıl istehsalı 25 faiz azalıb. Halbuki ümumi məhsul istehsalında 3,4 faiz həddində geriləmə qeydə alındı. Bu isə bitkiçilik sahəsində 9,2 faizlə enmə hesabına baş verib. Heyvandarlıq sahəsində isə 7 faiz həcmində artımlar baş verib. Bu isə özündə onu ehtiva edir ki, əkinçilik sahəsində tənəzzül elementləri özünü daha qabarıq şəkildə büruzə verib.

Əkinçiliyə ayrılan pullar nəticə vermədi

– Bütün bunları nəzərə alaraq o nəticəyə gəlmək olar ki, illər boyu büdcədən aqrar sektora yönələn subsidiyalaşma siyasəti özünü doğrultmadı?
– Bu sahəyə son üç-dörd ildə təxminən 300 milyon manatdan artıq vəsait xərclənib. Məsələn, illər üzrə büdcədən aqrar sektora ayrılan subsidiyaların böyük hissəsi əkinçiliyə ayrılırdı. Amma indi məlum olur ki, kənd təsərrüfatında azalmalar məhz heyvandarlıq yox, əkinçilik sahəsində baş verib. Onda bəs illər üzrə aqrar subsidiyaların xərclənməsinin nəticəsi niyə olmadı?
Paradoksa diqqət edin: büdcədən aqrar sektora əvəzsiz maliyyə yardımları artır, amma bu sahədə istehsal templəri aşağı düşür. Sizcə, bunun adı nədir? Bizim təşkilat subsidiyaların səmərəli istifadəsi ilə bağlı 2007-ci ildə bir monitorinq həyata keçirdi. Tövsiyə və təkliflərimizi Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdik ki, fermerlərə veriləcək indikatorlarda bunları nəzərə alıb, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalara dəyişiklik etsin. Düzdür, sonrakı illərdə , onların bir çoxundan istifadə etsələr də, hamısından yararlana bilmədilər. Amma bizdə nə vaxta qədər vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarına təqdim etdiyi tövsiyələr qulaqardına vurulacaq, o zamana qədər də məhsuldarlıq yüksək olmayacaq.

ardı var

Xəyal