Oğuz-Qəbələ-Bakı korrupsiya kəməri…

Nizaməddin Rzayevin Ceyranbatan yalanı

Dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Deyilənlərə inansaq, Bakı əhalisinin 75 faizi bundan sonra fasilələrlə su verilməsini biryolluq unudacaq. Şübhəylə yanaşmanı qəribçiliyə salmayın. Bu kəmərin çəkilişi başlanandan (mart, 2007) çox yalanların şahidi olmuşuq. Kəmərin çəkilişi ilə bağlı ilk tender elanından üzü bəri.
2007-ci il martın 2-də “Azərsu” prezidenti Nizaməddin Rzayev kəmərin təməlinə beton tökən ölkə başçısı Ilham Əliyevə dedi ki, kəmərin uzunluğu 248 km-dir. Yenə həmin Nizaməddin Rzayev 2010-cu il dekabrın 28-də suyun Bakıya çatmasını bildirən düyməni basan Ilham Əliyevə dedi ki, kəmərin uzunluğu 262 km-dir. Ilk tender elanı veriləndəsə, kəmərin uzunluğu 300 km göstərilmişdi.
Neft Fondu isə ayrı-ayrı vaxtlarda kəmərin uzunluğunu 250, 267, lap sonuncu məlumatında isə 268,3 km göstərib. Açılışda səslənən rəqəmdən göründü ki, sona qədər marşrutu tam ölçmək və yekun nəticəyə gəlmək nə “Azərsu”ya, nə də Neft Fonduna nəsib olub. Bir neçə ildən sonra su kəmərinin km-də dəyişiklik olsa, mən dünyanın fırlanmasına, yerin qabarıb-çəkilməsinə, hətta məsafələrin dəyişməsinə sidq-ürəkdən biryolluq inanacam…
Ilham Əliyev su kəmərinin təməlinə beton tökəndə Nizaməddin Rzayev işlərin 14 aya başa çatdırılacağını bildirmişdi. 2010-cu ilin 28 dekabrında açılış olanda təməlqoymadan 44 ay keçirdi. “Azərsu” prezidenti vur-tut 30 ay səhv etmişdi. Maraqlıdır ki, açılış mərasimində Ilham Əliyev bunu onun üzünə vurmadı. Bakıdakı su anbarında yaradılmış “Heydər Əliyev muzeyi”ni çox diqqətlə seyr edən ölkə başçısı N.Rzayevin “Bakı şəhərinin içməli suya artan tələbatı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərlərinin tikilməsi sayəsində həll edilmişdir” sözlərinə əhəmiyyət belə, vermədi. Heç demədi ki, 1958-ci ildə istifadəyə verilən Ceyranbatan su anbarına 1957-ci ildə tarix fakültəsini bitirən “ümummilli lider” necə rəhbərlik edə bilərdi.ÿ Ola bilsin, heç ona qulaq asmırmış…
Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42s saylı Sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmiş bu işdə saysız qaranlıq məqamlar var. Başlıcası odur ki, 660 milyonluq büdcə vəsaiti heç bir tender keçirilmədən talan edilib. 
Ilkin olaraq layihənin dəyəri 480 milyon manat () idi. Amma başqa layihələrdə olduğu kimi burada da geniş manevr imkanları olub. Elə buna görə də hər ötən ay, il layihənin qiymətinə dəyişikliklər edilib. Neft Fondundan verilən son (1 oktyabr 2010) məlumata görə, layihənin maliyyələşdirilməsinə müqavilələr üzrə ümumilikdə 659,6 milyon manat vəsait sərf olunub.
Su kəməri layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair Almaniyanın “CES Consulting Engineers” şirkəti ilə 6 yanvar 2006-cı il tarixində 2,1 milyon avro məbləğində müqavilə imzanlanıb. Amma iş bununla bitməyib. Layihə üçün idarəetmə və texniki nəzarət üzrə məsləhətçi xidmətlərinin həyata keçirilməsi məqsədi ilə “CES Consulting Engineers” şirkəti ilə 24 noyabr 2006-cı il tarixində 12,0 milyon avro məbləğində yenidən müqavilə imzalanıb. 02 mart 2009-cu ildə müqaviləyə 1 saylı düzəliş imzalanıb və müqavilənin dəyəri 19,9 milyon avroya qaldırılıb.
Şüşəlifli poliestr boru, dirsək və üçlüklərin satınalınması üçün guya tender keçirilib və 2006-cı ilin dekabrın 29-da açılış mərasimi keçirilən Sumqayıtdakı “Azkompozit” zavodu fəaliyyətə başlamazdan qabaq, 2006-cı ilin avqustunda “tenderin” qalibi olub. “Azkompozit”lə 229,4 milyon manatlıq müqavilə imzalanıb. “Sonradan su kəmərinin müəyyən hissəsində şüşəlifli poliestr borularının polad borularla əvəz edilməsinə yaranmış zərurətlə əlaqədar 53,2 km uzunluğunda şüşəlifli borular və boru məmulatlarının müqavilənin dəyərindən çıxarılması nəticəsində müqavilənin dəyəri 188,8 milyon manata qədər azaldılmışdır. Bundan başqa, enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı bu müqavilə üzrə 42,3 milyon manat dəyərində qiymət artımı hesablanmışdır ki, bunun 18,9 milyon manatı 11 noyabr 2008-ci il tarixli 2 saylı düzəlişləÿ və 23,4 milyon manatı isə 16 mart 2010-cu il tarixli 4 saylı düzəlişlə müqavilənin dəyərinə əlavə olunmuşdur. Yekun müqavilə dəyəri 230,6 milyon manat təşkil edir” – bu, Neft Fondunun saytından götürülüb. Göründüyü kimi, bütün imkanlar qiymətlərin azaldılmasına yox, artırılmasına yönəldilib. 53 km-lik şüşəlifli boru müqavilədən çıxarılsa da müxtəlif yollarla qiyməti 230,6 milyona qaldırıblar.
Polad boruların təchizatı üçünsə layihəyə Türkiyənin “Han Teknolocik Imalat Montac Taahhüt San vəÿTIC.” Anonim şirkəti qoşulur. Bu şirkətlə 91,9 milyon ABŞ dollarıÿ məbləğində müqavilə imzalanıb.
Amma bundan qabaq kəmərin çəkilişi üçün keçirilən tenderin “qalibi” Türkiyənin “Turan Hazinadaroğlu Inşaat və Ticarət” Anonim şirkəti olur. Xatırladaq ki, bu şirkət Ipək yolu layihəsinin qalibi olmuşdu və yolun Ələt-Hacıqabul hissəsini çəkmişdi. Yolu keyfiyyətsiz çəkdiyinə görə də 2 milyon manat cərimə olunmuşdu. Belə “qabiliyyətli” şirkət heç bir problem yaşamadan yenidən Azərbaycanda böyük bir layihənin iştirakçısına çevrilmişdi. Onunla qabaqca 167,7 milyon ABŞ dolları məbləğində müqavilə imzalanmışdı. “Sonradan su kəmərinin müəyyən hissəsində şüşəlifli poliestr boruların polad borularla əvəz edilməsinə yaranmış zərurətlə əlaqədar ”Turan Hazinadaroğlu Inşaat və Ticarət” Anonim Şirkəti tərəfindən 20,2 km uzunluqda polad boru təchizatı (0,5 km ehtiyat üçün nəzərdə tutulur) və ümumilikdə 47,7 km uzunluqda polad boruların quraşdırılmasının müqavilənin dəyərinə əlavə olunması nəticəsində müqavilə qiyməti 264,9 milyon ABŞ dollarına qədər artmışdı. Bundan başqa, enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı müqavilənin dəyəri 291,4 milyon ABŞ dollarına qədər artırılmışdır” – yenə də Neft Fondunun məlumatında belə deyilir.
Iştah diş altındadır prinsipi ilə işləyən məmurlarımız kəmərin qiymətini qaldırmaqda davam edirlər. Milli Məclisin sədri, “Azərsu”nun keçmiş prezidenti Oqtay Əsədovun sahibi olduğu deyilən “Azkompozit” zavodu ilə yenidən müqavilə imzalanır.ÿ “Sugötürücülər üçün şüşəlifli poliestr boru, dirsək və üçlüklərin istehsalına dair müvafiq qanunvericiliyə uyğun olaraq satınalma proseduru həyata keçirilmiş və “Azkompozit” firması ilə 05 avqust 2009-cu il tarixli 15,8 milyon manat məbləğində müqavilə imzalanmışdır. Sonradan müqavilənin iş həcmlərində dəyişiklik baş vermiş və 08 iyul 2010-cu il 1 saylı düzəlişlə müqavilə dəyəri 22,2 milyon manata qədər artmışdır”.
“Varlığa nə darlıq”. Yerinə düşür, hörmətli oxucu. Dünən AzTV-nin səhər efirinə çıxan iki YAP-çı – Eldar Ibrahimov və Mübariz Qurbanlı heç bir əxlaq normasına sığmayan davranış nümayiş etdirib bu talançılığa haqq qazandırırdılar. Iqtisadi “əsaslandırmadan” danışan E.Ibrahimov kəmərin “çox ucuz” başa gəldiyini deyirdi. M.Qurbanlı isə yenə də regionun lider-filan dövləti nağılını danışdı və bu gəvəzəliyinə siyasi əsaslandırma adı verdi.
Quyuların qazılmasını və tikintisini Türkiyənin “Arsan Arıtma” şirkəti aparırdı. Bu şirkətlə 44,9 milyon ABŞ dolları məbləğində müqavilə imzalanmışdı. Bu müqavilə çərçivəsində ümumilikdə 24,3 milyon manat vəsait istifadə olunub.
Işlərin lap başlanğıcından nədənsə bu şirkətə ögey münasibət vardı. Səbəbini hələlik aydınlaşdırmaqda çətinlik çəkirik. Neft Fondunun məlumatlarında göstərilir: “Hazırda bu müqaviləyə xitam verildiyindən quyuların qazılması işləri iki podratçı təşkilat tərəfindən həyata keçirilir. Belə ki, müvafiq qanunvericiliyə uyğun şəkildə satınalma proseduru həyata keçirilmiş və 25 iyun 2010-cu il tarixdə ”Transvell Naxçıvan” MMC ilə 10,6 milyon manat dəyərində müqavilə imzalanmışdır. Bundan başqa, müvafiq satınalma proseduruna uyğun olaraq 25 iyun 2010-cu il tarixdə “Qalf Drillinq Saplay Fze” şirkəti ilə 7,6 milyon manat dəyərində müqavilə imzalanmışdır” (Adına fikir verməyin, bu da Azərbaycan şirkətidir. Arxasında kimlərin dayandığını aydınlaşdırmağa çalışacağıq). Deməli, “Arsan Arıtma” işdən kənarlaşdırılmışdır. Amma yeni şirkətlərin layihəyə qoşulması ilə bağlı qəzetlərdə hər hansı elan verilməyib və yenə də qanunsuzluğa yol verilib.
Bundan başqa, Oqtay Əsədovun nəzarətində olan Sumqayıtdan daha bir cəmiyyət – “Sumqayıt Elektrik Dəstləşdirmə” Açıq Tipli Səhmdar Cəmiyyəti bol yem olan layihəyə cəlb edilir. Neft Fondu bunu da qeydə alır: “Su kəməri layihəsi üçün elektrik şəbəkəsinin tikintisinə dairÿ müvafiq qanunvericiliyə uyğun şəkildə satınalma proseduru həyata keçirilmiş və ”Sumqayıt Elektrik Dəstləşdirmə” Açıq Tipli Səhmdar Cəmiyyəti ilə 15 iyul 2009-cu il tarixli 22,2 milyon manat məbləğində müqavilə imzalanmışdır. Sonradan müqavilənin iş həcmlərində dəyişiklik edilməsi zərurəti ilə əlaqədar olaraq müvafiq satınalınma proseduru həyata keçirilmiş və 18 may 2010-cu il tarixində müqaviləyə 1 saylı düzəliş imzalanmışdır. Yekun müqavilə dəyəri 23,3 milyon manat təşkil etmişdir”. Bu hələ son deyil. Hər yerdə baş olan “Azenko” da bu bazarda özünə yer edir. “Su kəməri layihəsi çərçivəsində sugötürücü qovşağın tikintisi üçün 3 ədəd yuvanın tikintisinə dair müvafiq satınalma proseduruna uyğun olaraq ”Azenko” ASC ilə 14 iyun 2010-cu ildə 1,8 milyon manat dəyərində müqavilə imzalanmışdır” – Neft Fondunun saytında yazılıb.
Nəhayət, hələlik sonuncu məlumat. Bunu da Neft Fondu yayıb: “Su kəməri layihəsi üçün sugötürücü qovşağın tikintisinə dairÿ müvafiq qanunvericiliyə uyğun şəkildə satınalma proseduru həyata keçirilmiş və ”T.T.Ş.” MMC ilə 05 avqustÿ 2009-cu il tarixli 68,0 milyon manat dəyərində müqavilə imzalanmışdır”. Beləliklə, 4 şirkətlə fəaliyyətə başlayan layihəni “Azərsu” 11 şirkətlə başa vurur… Layihə başa çatıbsa, hərçənd kəmərlə gələn suyun mənbəyinin Oğuz olduğu da şübhəlidir. Yazının başlanğıcında olduğu kimi, sonunu da şübhəylə qurtarmağımız səbəbsiz deyil.
“T.T.Ş” MMC və müqaviləyə sonradan qoşulmuş başqa şirkətlər, onların indiyə qədər həyata keçirdiyi layihələr, sahibləri və arxasında dayananlar, eyni zamanda müxtəlif illərdə çəkildikləri məhkəmə prosesləri ilə bağlı araşdırmalarımız davam edəcək. Növbəti saylarımızda kəmərlə, kəmər keçən ərazilər və əhaliyə ödənilən, ödəniləcək kompensasiyalarla bağlı da sizi məlumatlandırmağa çalışacağıq. Maraqlıdır ki, hər bir işlə bağlı “tövsiyə və tapşırıqlarını” verən prezident əhaliyə kompensasiyaların ödənilməsi ilə bağlı nəinki tapşırıq verdi, heç bunu dilinə də gətirmədi.
Su aydınlıqdır deyirlər. Onunla bağlı işlər də aydın, şəffaf olsun gərək. Oqtay Əsədov və Nizaməddin Rzayev istəməsə belə…

Rövşən Hacıbəyli