Yaşadığımız ilin başa çatmasına çox az vaxt qalıb, amma içimizdə zərrə qədər də yeni il həyəcanı yoxdur. Çünki bizim üçün zaman dayanıb, bəlkə də dayandırılıb. Bir vaxtlar Sidxartxa Qautamanın qonaq çağırıb, fərqli təbiətlərinə görə seçmiş olduğu on iki heyvan – siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun, meymun, xoruz, it və qaban illərin başında hökmranlıq edir. Çin təqviminə görə, dekabrın 31-də pələng ili yerini dovşan ilinə verəcək. Amma biz nə Pələngin gedişini hiss edirik, nə də Dovşanın gəlişini. Çünki Azərbaycan təqviminə görə, biz on səkkiz ildir ki, DOVŞAN ilində yaşayırıq. Odur ki, qəssabların, cəlladların yeni ildə “ət, yağ bahalaşacaq” hay-küylərinin Azərbaycan vətəndaşlarına heç bir dəxli yoxdur. Təki kələm, kök, ot bahalaşmasın… Hər yerdə böyük hərflərlə yazılan şüarlar da dovşanlaşan millətin ILHAM mənbəyidir: “Neft qoxuyan dovşan olmaq şərəfdir!”, “Qaçma, dayan a dovşan!”, “Dovşan görmək istəyən Azərbaycana gəlsin!..”.
Vaxt vardı ki, həyətimdə inək, qoyun, keçi, xoruz, hindtoyuğu, səbzi… səsləri bir-birinə qarışardı. Nə mən, nə də qonşular ət, yağ, süd, yumurta… sarıdan korluq çəkərdik. Çox sevdiyim rəngli bir xoruzum vardı, sayəsində məhəllədə tənbəl qalmamışdı: dəyərli xoruz hər səhər düz saat altı tamamda hasarın üstünə qonub altı dəfə sidq-ürəkdən banlayırdı. Xoruzun banlamasından sonra toyuqlar sevgi ilə qaqqıldaşar, quzular şirin-şirin mələyər, səbzilər eşqlə oxuyardılar. Sanki hər səhər heyvan səslərindən ibarət insanın içini silkələyən bir musiqi səslənərdi. Məhəllədəki küçə qapılarının cırıltısı, işə tələsənlərin addım səsləri isə “musiqi əsərini” tamamlayırdı. Artıq on səkkiz ildir ki, adamların hər səhər tələsik evdən getmək üçün nəinki sevdikləri, heç bezdikləri iş yerləri də yoxdur. Nazim Hikmət demişkən, xoşbəxt o adamdır ki, səhər getməyə sevdiyi iş yeri, axşam dönməyə sevdiyi evi olsun. Amma bu dəyərli sözlər Azərbaycan mühitində əlçatmaz bir xəyaldır.
Həyatın göz görə-görə dayandırıldığı bir məmləkətdən daha nə gözləmək olar? Ölkənin başında hansı adamın, ilin başında hansı heyvanın durduğunun lal-karlar üçün heç bir anlamı yoxdur. Canlı nə varsa; insanlı, heyvanlı hamısının ağzına qıfıl vurulub. Məhəllədəki hüzn, tənbəllik, işsizlik sevimli heyvanlarıma elə təsir etdi ki, hamısı bir-bir çərlədi. Hasarın üstündə bütün günü banlayan xoruz isə sanki ölkə üçün “veda şarkısı” oxuyurdu. Evdəkilər ah-ufumdan bezib mənə bir dovşan aldılar. Sözün düzü, dovşan iki-üç gün mənə təsəlli, sonra isə başıma bəla oldu. Hər gün qonşular dovşandan mənə şikayətlər etməyə başladı: “Dovşanın başına ağıl qoy, nə əkirik, gəlib dişləyib qaçır”. Şikayətlərdən bezib, şuluq dovşanı məhəllədən uzaqlaşdırıb kənddəki qohumlarımıza yolladım. Dovşanlarınızdan görəsiniz, bu yaxında kənddən muştuluğa gəldilər ki, dovşanımızın beş balası dünyaya gəlib. Çox həyəcanlandım. Kələmdən, kökdən bazarlıq edib getdik dovşanın yanına. Ana dovşan heç üzümüzə də baxmadı, eləcə tüklərini yolub ətcə balalarının üstünə yığırdı, eyni ilə Azərbaycan adlı məmləkətdə çar-naçar qalan bizlər kimi.
Xülasə, tüklərimizi yolmağa gələn on doqquzuncu dovşan ilimizdə qoy həmişə kələmimiz, kökümüz, otumuz bol olsun!..
On doqquzuncu DOVŞAN ili
•