Bir daha yada salmaq gərəkir: “Ən böyük biclik düzlükdür”. Əliyevçi rejimin ən böyük, başlıca problemi yaranışından düzlükdən uzaq olmasıdır. Yalanlar içindəcə bu rejim sına-sına gedir. Bir ara hər yerdən tanınmışların adlarını yığışdırdılar. Bunu xalqa Fransa mədəniyyəti olaraq sırımağa çalışdılar. Sonra da bütün ölkəni Əliyevlərin adlarına, anıtlarına bürüdülər.
Antimilli Məclisdə Milli Liderimiz, Ulu Öndərimiz M.Ə.Rəsulzadənin Azərbaycana gətirilməsi ideyası ortaya çıxanda Rəfael Hüseynov adında bir rejim qulluqçusu, diktatura əlaltısı bunu “dinimizə zidd” iş olaraq dəyərləndirdi. Cavidi Azərbaycana gətirdiyinə görə H.Əliyevi kitab-kitab öyən bir adam Rəsulzadə adı gələndə fanatik din adamına çevrildi. Sözsüz, indiyədək aldığı paylardan bir az da almaq üçün.
Indi ortaya rejimin Koroğluya heykəl qoymaq kimi azman bir proyekti çıxıb. Bu proyektin azmanlığı nədədir? Ona ayrılan pulda. Heykəlin başa gəlməsi üçün düz 5 milyon (beş milyon, a millət!) pul ayrılıb. Varlığa nə darlıq, eləmi? Onda, Rəsulzadənin anıtına gələndə niyə “pulumuz yoxdur” deyilir? Bu nə siyasət, nə əxlaqdır belə? Rəsulzadənin 300 min manatdan az pula başa gələn yapısı toz içində qalır. Almağa pul, qoymağa yer tapılmır. Ancaq Koroğluya pul da tapılır, yer də.
Oxucu bəlli bilsin: biz Koroğluya qarşı deyilik – biz Əliyevlərin, əliyevçi rejimin mif yaradıcılığına qarşıyıq. Azərbaycan alplar ölkəsi olaraq tanınıb. Azərbaycanın minillikləri aşan dövlətçiliyi olub. Dövlət, dövlətçilər olubsa, demək, dövləti quranlar, dövlət başında duranlar, dövlətçilik daşıyıcısına çevrilənlər də olub. Bunlar hamısı bir yerdə bizim real tariximizdir. Biz çeşidli yollar-metodlar-araçlarla bunlardan danışmalı, bunları tanıtmalı, bunları aşılamalıyıq. Bunların arasında, sözsüz, Koroğluya da yer ola bilər. Koroğlu bütün türk boylarının ortaq mifik alpıdır. Bizdə Koroğlunun yer-yurdu Çənlibeldi, özbəkdə, qazaxda, qırğızda, türkməndə ayrı yerdi. Bu faktın özü də Koroğlunun mifiklik görsənişlərindəndir.
Bildiyimiz kimi, Atropat, Babək, Uzun Həsən, Sara xatun, Şah Ismayıl, Nadir şah, Abbas Mirzə, Səttarxan, Məhəmməd Xiyabani, Türk-Müsəlman dünyasında ilk Demokratik Respublikanın qurucuları – M.Ə.Rəsulzadə, N.Yusifbəyli, F.Xoylu, M.Topçubaşov, H.Ağayev, eləcə də S.C.Pişəvəri dipdiri tarix faktlarıdır. Onlar gördükləri böyük, önəmli işlər baxımından yalnız keçmiş olaraq qala bilməzlər – bunu bilməliyik. Onlar Azərbaycanı dünəndən bugünə, bugündən yarınlara aparan, aparacaq kimsələrdir. Onların arasında, sözsüz, bir Koroğlu da ola bilər. Ancaq, niyə onlarsız Koroğlu? Əliyevlərin bütün ölkəni, bütün televiziyaları bürüyən bəlli mif yaradıcılığına legitimlik qazandırmaq üçün!
M.Ə.Rəsulzadə bir yana, N.Nərimanovun özü də bütün varlığı ilə Azərbaycana, Azərbaycan idealına bağlı real tarix örnəyi olaraq bunlarda qıcıq, antipatiya doğurur. N.Nərimanovla M.Ə.Rəsulzadənin yolu ayrılmışdı; onlar Azərbaycanın uğurlu gələcəyini başqa-başqa sosial-siyasi prizmalarda axtarır, görürdülər. Ancaq onların arasında olduqca böyük, qırılmaz bir bağ vardı: Azərbaycana sonsuz sevgi! Ortada bunun istər Rəsulzadə, istərsə də Nərimanovla bağlı danılmaz, bugünümüzə, gələcəyimizə görk olacaq örnəkləri var. Belə örnəklər H.Əliyev mifini effektsiz edir. Gərəkən effektin alınması üçün tarixi gerçək – real başçılardan, liderlərdən, alplardan boşaltmaq gərəyi yaranır. Ayrıca siyasi konyunktura olaraq boşaldılan tarixi başdan-başa bir adamla doldurmaq tərs effekt doğurur. Bu yerdə Koroğlu köməyi gərəkir. Burada ən başlıcası Koroğlunun hər hansı siyasi ambisiyadan uzaq olmasıdır.
Rəsulzadəyə gəlincə, onun siyasi ambisiyası çox böyükdür: Rəsulzadə Azərbaycanın 20-ci yüzilliyini bütünlüklə tutan, sonrakı yüzillərə YOL göstərən kimsədir!
Əliyevlərin mif yaradıcılığı
•