İlin hadisələrinin natamam siyahısı

Bədxassəli hadisələr həddən artıq çoxdur, amma ilin xoşxassəli ovqatla yekunlaşdığına əmin olun

Istədiyiniz adamdan “2010-cu ilin ən əhəmiyyətli hadisəsi nədir” deyə soruşun. Kimsə sizə “Parlament seçkiləri oldu”, deməyəcək.  Açığı 2010-cu ilin ən dəyərli hadisəsinin nə olduğunu mən də deyə bilmirəm, çətinlik çəkirəm. Axı, bu, elə bir hadisə olmalıdır ki, bütün Azərbaycanlılar üçün xüsusi və müstəsna əhəmiyyət daşısın.
Məsələn, düşünürəm ki, bu ilin ən ibrətamiz hadisəsi Mübariz Ibrahimov adlı bir vətən fədaisinin zühur etməyidir. Mübariz fenomeni Azərbaycan gəncliyinin başqa cür – ölkəyə zorla sırınan bərbəzəkli və yaramaz ictimai mentalitetin ötəsində, fərqli bir mənəvi dünya yaşadığını sübut etdi. Mübariz Ibrahimovun şücaəti Azərbaycanda ümumxalq diqqətini cəlb edən və özündə nikbinlik, qələbə qürurunun elementlərini bərpa edən bir hadisə idi.

***

Amma bunun müqabilində çox rüsvayçı hadisələr də olur. Məsələn, dünən “Azadlıq”a zəng edən Hacı Yaşar Ismayılov adlı oxucu bunları duyurdu: “Nəvələrimi sirkə aparmaq qərarı verdim. Bakı sirkinin afişalarına baxıb yanvarın 1-i və ya 2-sinə təyin edilən proqramlardan birinə bilet almaq üçün sirkə getdim. Kassada bildirdilər ki, həmin günlərə bilet satılıb qurtarıb. Amma kassadan bir-iki metr aralanan kimi gənc, bazburutlu birisi mənə yaxınlaşdı, cibindən bir yekə dəst bilet çıxartdı və ayın 1-i üçün neçə bilet lazım olduğunu soruşdu”. Belə yaramazlıqlar Azərbaycanda hər addımda baş verir və təəccüblü bir şey olmaya bilər. Amma düşünəndə ki, bu yaramazlıqlar və yaramazlar bizim körpələrimizin sevinmək payı üzərində də öz alverlərini quraşdırıblar, hiddətlənməmək olmur.

***

Bu ilin ən önəmli hadisələrindən biri Azərbaycan hökumətinin dini dəyərlərlə mübarizəsinin növbəti mərhələsinin əsasının qoyulmasıdır. Ötən il məscidlərin yıxılması kampaniyası davam edirdi. Sonra Iran ayətullahlarından birinin verdiyi ultimatumdan sonra hər kəs yerində farağat oturdu. Bu il isə hicab qovğası başlandı. Həm də təhsil müəssisələrindən. Bu hicab savaşı həm də bir mühüm göstəricini təsdiq edir: Azərbaycan hökuməti büdcə təşkilatlarının və ümumiyyətlə inzibati resurslarının dışında hər hansı qərarını keçirə biləcəyini təsəvvür etmir. Çünki, hökumət özünü cəmiyyətdən çox güclü və çox ağılsız sayır. Hicaba qarşı müharibənin məktəblərdə-yasaqların daha rəvan tətbiq edilə biləcəyi bu təsisatlarda ən uğurlu şəkildə aparıla biləcəyi hökumətin təbirinə uyğundur.
Büdcə təşkilatlarının və bu sıradan, məktəblərin bütün inzibati saxtakarlıqların alətinə çevrilməsi də bu səbəbdəndir.

***

Ötən ilin önəmli hadisələrindən daha biri Azərbaycan hökumətinin dünyanın ən böyük dövləti olan ABŞ-la soyuq müharibəni davam etdirməsi və qızışdırmasıdır. Bu ilin ən sonuncu saylarında rəsmi mövqeni ifadə edən KIV-də ABŞ əleyhinə öldürücü proqram yazısı da göstərir ki, Azərbaycan hökuməti bu müharibəni gələn ilə daşımaq fikrindədir. Açığı, hökumətin bu siyasi kursuna da dəyər vermək çətindir. Amma hələ bir il bundan əvvəl parlamentin vitse-spikeri “Azərbaycan dünyada təklənib” anlamına gələn məşhur bəyanatı verəndə aydın görünürdü ki, bizim xarici siyasətimiz ölkənin mənafelərinin və imkanlarının düzgün balanslaşdırılmamasının ağrısını yaşayır. Görünür, hökumət bu ağrıların əvəzini ABŞ-ı bir fövqəldövlət olaraq sıradan çıxarmaqda görür. Bu da fəna məntiq deyil. Zatən, belə bir mövqenin də yaşamaq haqqı ola bilər ki, Azərbaycanda korrupsiya barədə söhbətlərin kökünü kəsməyin və Qarabağı Azərbaycanın yurisdiksiyası altına almağın əsas və yeganə yolu ABŞ-ı sındırmaqdan keçir.

***

Bu ilin ən mühüm hadisələrindən biri də budur ki, Azərbaycan hökuməti ölkədə siyasi məhbuslar məsələsini həll etdi. Təbii, onların azadlığa buraxılması kimi intensiv sayıla biləcək yolla yox, bir qədər fərqli, ekstensiv sayıla biləcək yolla. Bu yol ölkədə vicdan məhbusları kateqoriyasını yaratmaq, yerli və beynəlxalq ictimaiyyəti yalnız onlarla ilgilənməyə vadar etməklə. Fikir verirsinizmi, daha heç kim (yaxud, ən azı heç kim) Azərbaycanda siyasi məhbusların məsələsi ilə maraqlanmır. Yerli hüquq müdafiə təşkilatları cəmiyyətdən küsdülər. Bu, Azərbaycanın müstəsna özəlliyidir: Hüquq müdafiə təşkilatları yalnız özlərinin lazım bildiyi hallarda hüquq müdafiəsi işinə girişirlər. Deməli, bu da ilin ən mühüm hadisəsi sayıla biləcək bir dəyərdir.

***

Amma Azərbaycan bir az da dünyanın tərkib hissəsidir. Buna görə də, hər halda, “Vikiliks” adlı saytın peyda olmasını da Azərbaycan üçün əhəmiyyətli hadisələr sırasına daxil etmək olar. Bu sıradan daha bir detalı da əlavə etmək olar: dünyanın iri kütləvi informasiya vasitələri Azərbaycanın inzibati-siyasi elitasına qarşı ciddi kampaniyaya başladı. Hətta bu kampaniyanın daxilində “qara piar” kimi dəyərləndiriləcək elementlər də oldu. (Buradaca qeyd etmək olar ki, hökumətin rəsmi və ya qeyri rəsmi informasiya kanallarının illər uzunu föhş və rəzalət püskürməsinə baxmayaraq yerli müstəqil media həmin “qara piar”ı ölkədə tirajlamadılar; müstəsna olaraq peşə prinsiplərini nəzərə alaraq). Azərbaycan hökumətinə qarşı bu kampaniyanın isə xarici siyasətimizdə ciddi problemlərin yaşanmasından savayı bir anlamının olmadığı kəsindir. Bu, 2010-cu ilin diqqəti cəlb edən tendensiyası sırasına daxil ediləcək hadisədir.

***

2010-cu il ölkə vətəndaşlarının xüsusi mülkiyyətinə inzibati zorakılıq yolu ilə əl qoyulduğu, daha doğrusu, bu prosesin kütləvi hal alması kimi səciyyələndiriləcək il kimi də diqqətəlayiqdir. Bakının mərkəzində vətəndaşların zorla evindən çıxarılması, bu prosesin üzümüzə gələn il də davam edəcəyinin proqnozlaşdırılması qorxulu filmlərdəkinə bənzər çox üzücü və məşəqqətli bir mənzərəni seyr etmək imkanları yaradır: bütün bunlar bütün ölkə boyu baş verir. Azərbaycanlılar öz sosial-siyasi hüquqlarından hansı intensivliklə məhrum edilmişdilərsə, indi eyni intensivliklə əmlak və maddi hüquqlarından məhrum edilirlər. Bu, korrupsiya naminə zəruridir. Hər bir azərbaycanlının fiziki, mənəvi və maddi imkanları korrupsiya prosesinin əlavə elementlərinə çevrilib və bu, məhz, 2010-cu ildə bir sistem olaraq qurularaq başa çatdırılıb. 2011 və daha sonrakı illərdə biz həmin sistemin hansı uğurlarla çalışdığını müşahidə edəcəyik…

Və…mediada

Iki əziz dostumu itirdiyimi deyə bilərəm. Şahin Ağabəylini və fotoqraf Elxan Kərimovu. Mənim üçün həm də ona görə ağrılıdır ki, onların heç birinin dəfn mərasimində iştirak edə bilmədim. Az qala, hər gün onların ruhu naminə nə edə biləcəyim barədə özümə hesabat verirəm… 

***

Amma 2010 yalnız bədbin notlardan ibarət deyil. 2010 insanların səfərbər olunmaq əzminin çox parlaq şəkildə ortalığa çıxdığını göstərən bir ildir. Yaxından-uzaqdan tanıdığım bütün insanların özünə ünvanladığı bir sualın olduğunu görürəm: Mən (və ya biz) hökmən nəsə etməliyəm!
Bu niyyət 2010-un ən kütləvi ictimai dəyəridir və 2011-ə doğru!
Hamının, bütün azərbaycanlıların bayramını təbrik edirəm!