Kim mübarizə aparmalıdır?

Yox, proqnoz vermək fikrim yoxdur. Bilirəm, indi bütün yazılara bir proqnoz cəhdi kimi baxırlar. Sadəcə, bir sıra istiqamətlərlə bağlı çox qısa qeydlər və mülahizələr bildirmək istəyirəm. Növbəti ildə Minsk qrupunun həmsədrlərini görmək məcburiyyətində qalacağıq və hərbi ritorikalar yarışı davam edəcək. Ümid edək ki, kəskin, sıçrayışlı qiymət artımı olmayacaq, amma tədricən də olsa, qiymətlərin artımı davam edəcək. Müxalifətin münasibətlərinə aydınlıq gələcək, çox güman ki, növbəti il müxalifət üçün daha çox inteqrasiya cəhdi kimi yadda qalacaq, gah deyəcəklər ki, birləşdilər, gah da deyəcəklər ki, yox, ayrıldılar, beləcə düz bir il söz-söhbət ancaq bu xüsusda davam edəcək. Vəssalam. Elə bu qədər. Ölkə o qədər primitivdir ki, geniş şərhlərə və ətraflı analizlərə elə bir ehtiyac yoxdur, onsuz da hər şey olmasa da bir çox şeylər artıq hamıya və həmişəlik aydındır. Indi ən maraqlı hadisələr iki əsas partiya düşərgəsində baş verir, onlar indi “birləşmiş qabları” xatırladırlar, hər iki partiyada səthlər eyni səviyyəyə çatana qədər bu partiyadan o biri partiyaya və o biri partiyadan da bu partiyaya “axın”lar, daha doğrusu, transferlər və bir də birdəfəlik gedişlər davam edəcək. Amma sonda bir stabilləşmə halı müşahidə olunacaq, fəqət, bu, partiyaların yenə “dərnək” çərçivəsindən bir qədər böyük səviyyəyə gəlib çıxmasına səbəb olmayacaq, ona görə ki, çox şey dəyişməlidir, o cümlədən də…

Iranda kimlər mübarizə aparır?

Bilirsiniz, çox qəribə şeydir. Biz əvvəlcə nəyəsə fikir vermirik, fikir verəndən sonra isə bundan əl çəkə bilmirik. Belə olmasın deyə, çox müxtəsər olacam. Iran son vaxtlar məni həm təəccübləndirir, həm də maraqlandırır. Bu ölkədə çox böyük mübarizə gedir, baxmayaraq ki, bir çox hallarda biz də, elə başqa insanlar da bunu görmürük. Bəs bu ölkənin mübarizə aparanları kimdir? Bu sual sizə təəccüblü görünməsin. Onun cavabı çox maraqlıdır. Iranda əsasən ziyalılar mübarizə aparırlar. Bəs bizdə vəziyyət necədir? Təbii ki, jurnalistlər də ziyalıdır, amma Iranda hər şey jurnalistlərin ümidinə buraxılmayıb. Orada öndə gedən rejissorlar, yazıçılar, alimlərdir. Amma bizdə nə baş verir? Tam əksinə… Burada qədim Şərqin saray ənənəsi, saray sindromu davam edir, hamı çalışır ki, saraya yaxın olsun. Çox maraqlıdır, bizim saraylar həmişə Iran ərazisində olub. Onda bəs necə olub ki, bu mərəzə iranlılar deyil, məhz biz düçar olmuşuq? Bilmirəm. Bilsəydim, çoxdan əlac axtarardım, əminəm ki, belə çarə var, çünki mentalitet problemləri heç də onkoloji fəsadlar deyil ki, əlacı olmasın.

Yeni ədəbiyyat işığında

Bir az da qınaqdan uzaq, başqa söhbətlər edək. Səhv etmirəmsə, lap elə bu günlərdə idi, bir ədəbi mükafat haqqında oxudum. Laureatların çoxu gənc idi, hərçənd ki, əslində onlar artıq gənc deyillər, daha çox orta yaşlı olarlar, təbii, nəzərə alsaq ki, indi insanlar ən çoxu 60-65 il yaşayırlar. Ədəbiyyat aləmində ən çox müqavimətlə qarşılaşanlar məhz bu orta nəslin təmsilçiləri olublar. Onlar hər şeyi görüblər, qələm adamı nə qədər məhrumiyyətə düçar ola bilərsə, onlar da o qədər çətinlik görüblər, çünki bu ölkədə konservativ bir yaşlı nəsil mövcuddur… Orta yaşlılar dedim, başqa bir detal da yadıma düşdü. Elə digər sahələrdə də belədir, bu ölkədə nədənsə “orta təbəqə”ni sevmirlər, ona görə də inkişaf yoxdur. Amma istəməzdim ki, orta nəsil sözü istedad anlamına gəlsin, elə başa düşülsün ki, guya bizdə çox istedadlılar və bir də istedadsızlar var, orta qabiliyyətlilər yoxdur. Yox, mən qətiyyən bu mənada demirəm, çünki belə hesab edirəm ki, bu gənclər, əslində isə orta nəsil, hamıdan istedadlıdır və elə ona görə də qocalar onları qısqanır. Ən azı yeni ədəbiyyata görə onlara minnətdar olmalıyıq, onlar ədəbiyyatdakı bu nəsil baryerini aşdılar, indi cəsarətlə “80-ci” və “90-cı”lar demək olar…

Kiçik sözardı

Qocalırıq. Bioloji anlamı olmasaydı zamanı bəlkə də fiksiya kimi qəbul etmək olardı. Amma dünənki, bugünkü və sabahkı bizlər varıq və onlar heç də eyni deyillər. Eyni olmamaq arzusu ilə…