Hüquq müdafiəçiləri əfvdən narazıdır

Leyla Yunus: «Ruslan Bəşirlini azadlığa buraxmamaq insafsızlıqdır»

 

Səidə Qocamanlı: «Ruslana görə fəaliyyətimizi davam etdirəcəyik ki, heç olmasa Novruzda azadlığa çıxa bilsin»

Ilham Əliyevin imzaladığı sonuncu əfv fərmanı Azərbaycanda siyasi məhbuslar problemini həll etmir. Bu, hüquq müdafiəçilərinin fikridir.
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus bildirib ki, Hüquq Müdafiə Təşkilatları Federasiyasının siyahısından yalnız bir siyasi məhbus – Rövşən Əliyev azad edilib. Həbsxanalarda isə ən azı 50 siyasi dustaq qalır.
L.Yunus təəssüflə bildirib ki, əfv olunmayanlar arasında mübahisəsiz siyasi məhbuslar – Ruslan Bəşirli və Eynulla Fətullayev var: “Eynulla Fətullayev Avropa Məhkəməsinin qərarına zidd olaraq hələ də həbsdə saxlanılır. Ruslan Bəşirli isə 7 illik cəza müddətinin 5 ildən çoxunu çəkib. Onu azadlığa buraxmamaq insafsızlıqdır. Hamı yaxşı bilir ki, Ruslan 2005-ci il parlament seçkilərinin qurbanıdır. Növbəti parlament seçkiləri keçirildi, amma o hələ də məhbəsdədir. Ruslan Bəşirli əslində vicdan məhbusudur. Onun hərəkətlərində cinayət məsuliyyəti yaradacaq heç nə yoxdur. Mən inanırdım ki, heç olmasa bu il onu buraxacaqlar. Amma bizim iqtidar onun adını bu əfv fərmanına da salmaq istəmədi. Mənim bu gənc oğlana ürəyim ağrıyır. Onun işi ilə bağlı siyasi məhbuslar üzrə məruzəçi ilə də bir neçə dəfə görüşmüşəm. Amma inanmıram ki, o, Azərbaycana gələcək və siyasi məhbuslarla bağlı tədbirlər görəcək”.
L.Yunus hesab edir ki, siyasi məhbusların sayı azalmır, çünki əfv olunan və cəzasını çəkənlərin yerinə yeniləri gəlir: “Məsələn, dindarların mitinqində iştirakına görə üç nəfər 1-3 il müddətinə mühakimə olunub”. 
Qanunçuluq və Insan Hüquqları Bürosunun rəhbəri Səidə Qocamanlı deyir ki, Hüquq-müdafiə Təşkilatlarının Monitorinq Qrupunun siyahısından üç nəfər – Rövşən Yusifov (keçmiş baş nazir Surət Hüseynovun işi üzrə) və keçmiş iki OMON-çu Rövşən Əliyev və Mənsur Quliyev əfv olunub. Onların hər ikisi bir neçə il əvvəl 1990-cı illər hadisələrinə bağlılıqda ittiham olunaraq həbs ediliblər. Jurnalist Eynulla Fətullayevin siyahıya daxil edilməməsinə gəlincə, S.Qocamanlı ümidvar olduğunu bildirib ki, E.Fətullayevin adı Novruz bayramında əfv olunacaq şəxslərin siyahısında olacaq. S.Qocamanlının sözlərinə görə, həbsxanalarda hələ 20 siyasi məhbus var. O, “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin adının fərmana düşməməsindən təəssüf etdiyini bildirib: “Çox təəssüf edirəm ki, Ruslan əfv edilənlər sırasında olmadı. O, cəzasının böyük hissəsini çəkib. Üstəlik səhhətində də problemlər var. Biz onun xəstə olmasını dəfələrlə lazımı qurumlar qarşısında qaldırmışıq və  azad edilməsini tələb etmişik. Onun əfv fərmanına düşməməsi ürək ağrıdır. Amma bu, son deyil. Biz Ruslana görə fəaliyyətimizi davam etdirəcəyik ki, heç olmasa Novruz bayramında azadlığa çıxa bilsin”.
Neftçilərin hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, indiki fərman əvvəlkilər kimi siyasi məhbuslar problemini həll etmədi. “Qızıl amnistiya” elan etməklə problemi kardinal şəkildə həll etmək olar: “Bu zaman təkcə siyasi məhbusları deyil, səhv iş tutan digərlərini də azad etmək olardı”.