Dünya nələri geridə qoydu?

2010-cu il yaddaşlarda təbii fəlakətlər, silahlı qarşıdurmalar və «WikiLeaks»lə qalacaq

Bu gün sona çatacaq XXI əsrin ilk onilliyinin sonuncu – 2010-cu ilində dünyanın ictimai- siyasi, sosial-iqtisadi həyatında bir çox hadisələr baş verdi. 2010-cu ildə dünyada insanların kütləvi həlakıyla nəticələnən təbii fəlakətlər, silahlı qarşıdurmalar və siyasi gərginliklərlə yadda qaldı.

Insanlıq tarixinin aciz qaldığı anlar

Ilin əvvəllərində bütün dünya “Azadlıq adası” kimi tanınan Haitidə 5.9 və 7 bal gücündə zəlzələnin baş verməsi xəbərindən şoka düşdü. Insanlıq tarixinin aciz qaldığı təbii fəlakətlərdən biri yaşandı. Haitidəki zəlzələdə 200 mindən çox insan həyatını itirdi. Ölkənin 75 faizi tamamilə sıradan çıxdı.
2010-cu ildə baş vermiş təbii fəlakətlərdən danışarkən Pakistanı cənginə alan sel sularından danışmamaq olmaz. Iyulun sonlarında musson yağışlarının artması nəticəsində Pakistanda sel daşqınları oldu. Minlərlə insan həyatını itirdi, 1.5 milyondan çox əhaliyə zərər dəydi. Musson yağışlarından sonra artan çay sularının yaratdığı sel ölkəni iki yerə böldü. Təbii fəlakət 1929-cu ildən bəri bölgədə ən irimiqyaslı sel fəlakəti kimi tarixə düşdü.
Şimal qonşumuz Rusiyada anormal istilərin davamlı olması ölkənin əsas meşə massivlərində geniş ərazini əhatə edən yanğınlara gətirib çıxardı. Meşə yanğınlarının 1 ay ərzində Rusiyaya vurduğu maddi zərərin məbləği 15 milyard dollara yaxın oldu. Yanğınlar nəticəsində 50-dən artıq insan həyatını itirdi, 3,5 min nəfər evsiz qaldı.
Bu il baş verən qəzalardan ən dəhşətlisi və dünyanın siyasi səhnəsində dərin kədər yaradan hadisə Rusiyanın Smolensk vilayətinin hava məkanında yaşandı. Polşa paytaxtı Varşavadan Rusiyanın Smolensk şəhərinə uçan “Tu-154″ təyyarəsi Smolensk vilayətinin ”Severnıy” hərbi aerodromuna eniş edərkən uçuş zolağının 300-400 metrliyində qəzaya uğradı.
Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşının da həlak olduğu təyyarə qəzasında ölkə rəhbərliyinin öndə gələn simaları da daxil olmaqla ümumilikdə 132 insan həyatını itirdi.

Silah səsləri yenə eşidildi

2010-cu ildə diplomatiyanın da aciz qaldığı anlar oldu. Cənubi Koreyaya məxsus “Cheanon” gəmisi Şimali Koreya sualtı atom başlığı daşıyan torpedodan açılan atəşlə batırıldı. Dünya ictimaiyyəti bu olayı kəskin pislədi. Adada müharibə gərginliyi artdı. Lakin rəsmi Pxenyan ona qarşı irəli sürülən ittihamları rədd etdi. Seul məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılmasını və Şimali Koreyaya qarşı sanksiyaların qəbulunu tələb etdi. Dünya birliyinin müdaxiləsilə adada yaranmış gərginlik bir müddət səngidi. Lakin noyabrın 23-də səhər saatlarında Şimali Koreya Cənubi Koreyanın Enphendo adasını artilleriya atəşinə tutdu. Arxipelaqa 200-ə yaxın top mərmisinin atılması nəticəsində 2 nəfər dinc sakin həlak oldu, 18 nəfər yaralandı. Cənubi Koreya ordusu həyəcan siqnalıyla müharibə vəziyyətinə gətirildi. Şimali Koreyaya top atəşilə cavab verildi. Beynəlxalq aləm yarımadada yeni müharibənin, dünyada isə üçüncü cahan savaşının başlanma təhlükəsilə üzləşdi. Dünya, xüsusən də Qərb, Cənubi Koreyanı dəstəkləyən, Şimali Koreyanın hərəkətlərini isə pisləyən bəyanatlar verdi.
2010-cu ilin siyasi-hərbi həyatında daha bir gərginlik isə Türkiyə ilə Israil arasında yaşandı. Blokada şəraitində qalan Qəzza bölgəsinə yardım aparan Türkiyəyə aid “Mavi Mərmərə” gəmisi Israil xüsusi təyinatlılarının silahlı hücumuna məruz qaldı. Qanlı olay nəticəsində 26 nəfər həlak oldu, 30-dan çox adam yaralandı. Bu hadisədən sonra Türkiyə Israillə münasibətlərinə yenidən baxmaq məcburiyyətində qaldı. Ankara Təl-Əvivin Türkiyədən üzr istəməsini və silahlı basqının günahkarlarının cəzalandırılmasını tələb etdi. Israil isə ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmayaraq, Qəzza bölgəsinə tətbiq olunan blokadanı yarmağa cəhd edəcək istənilən addımın qarşısının alınacağını bildirdi. Iki ölkə arasında davam edən gərginlik hələ də davam edir. Tərəflərin heç biri geri çəkilmək fikrində deyil.

“WikiLeaks” ili və siyasi çarpışmalar

2010-cu ilin siyasi səhnəsindən danışarkən hər kəs “WikiLeaks” saytını yada salacaq. Çünki ilk olaraq ABŞ-ın Iraq və Əfqanıstan savaşıyla bağlı gizli dosyelərini açıqlayan sayt çox keçmədi ki, dünya diplomatiyasında zəlzələ yaratdı. “WikiLeaks” dünyanın müxtəlif ölkələrində çalışan ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı gizli məktubların geniş mətnini açıqladı. Sənədlərin yayılması 2010-cu il dünya siyasi həyatının gündəminə çevrildi.
ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasının 65-ci sessiyasında etdiyi çıxışla dünyaya, xüsusən də avtoritar rejimlərə ünvanladığı üstüörtülü mesajları da, 2010-cu il siyasi hadisələrini yada salarkən diqqətdən yayınmamalıdır. NATO-nun Lissabonda zirvə toplantısı, ATƏT-in Astanada keçirilən sammitində gələcək illərdə dünya siyasi həyatını dəyişdirəcək qərarlar qəbul olundu.
Qırğızıstanda 2005-ci ildə inqilab edərək hakimiyyətə gəlmiş qüvvələrin başçısı Kurmanbek Bakiyev elə gəldiyi kimi də getdi. Paytaxt Bişkekdə başlanan etiraz aksiyaları qanlı qarşıdurmalara çevrildi. Bakiyev vəziyyətdən çıxış yolunu istefa verməkdə gördü.
Bir neçə saatdan sonra bütün ziddiyyətləri ilə yaddaşlarda qalacaq 2010-cu il tarixə çevriləcək. Hər kəsin “kürə” deyərək adlandırdığı dünyamız yeni ürəkaçan və xoşagəlməyən hadisələrin şahidi olacaq. Ümid edək ki, 2011-ci ilin dünyasını daha çox ürəkaçan notlar və qeydlərlə tarixə yazacağıq.

Siyasət şöbəsi