Əbülfət Mədətoğluya təbrik əvəzi

İstedadlı jurnalist, publisist, sevimli şair Əbülfət Mədətoğlunun doğum günüdür. Yenə də doğma od-ocaqdan kənarda qeyd edəcək bu günü. Gələn il necə olacaq? Bu, Tanrının qismətidir. Arzu edirik ki, o gün – hamımızın həsrətlə gözlədiyi gün gəlsin və Əbülfət bəy də ağrı-acıdan, zillətdən qurtulsun… Biz o torpaqların sahibiyik, qəm eləməyin, Əbülfət Mədətoğlu! Bu da keçər. Doğum gününüzü ürəkdən təbrik edirik!

“Azadlıq”

 

bizə açılan qapı
daşdı, dəmirdi bala
düyüb yeddi rəng sapı –
ömrü gəmirdi bala –
bu həyat…

bizə yandırılan şam
küləklərə əyildi
başımız üstdəki dam
göy idi, ev deyildi –
heyhat…

bizə süzülən şərbət
göz yaşıymış, sən demə
sevgi deyilən sərvət –
haqdan paydı, qəm yemə!

bizə nələr yazılıb
biz nələri öyrəndik
sevgimizə qısılıb
həm güldük, həm
kövrəldik…
bu da oldu nəqarət…

**

budaqda
yarpaqların arasında 
gizlənib guya
civiltisi
fəryada oxşayan
quş balası…
budaqda
yarpaqların arasında 
gizlənib
kömək diləyən
quş balasının
artıq hənirini duyub
ona doğru
yalmana-yalmana
sürünür
başının bəlası…
bəlkə də
səsini boğub
dözüm göstərsəydi,
daha ağıllı
seçim etsəydi
yan keçərdi ondan
indi
başının üstünü
almış xətası…
yuvaların qənimi
ilan balası…

**

gəl dil tapaq –
birləşək
sevdirək özümüzü
kədərə
fərqinə varmadan
heç nəyin
dayanmadan,
durmadan
gedək
və gedək
boyun əymədən
qədərə!
gedək,
kədərimizə sevinənlər
görsün ki,
biz dözməyə qadirik
hələ bundan da
betərə!
gəl, sevdirək
özümüzü kədərə…

**

bu da dekabrın sonuncu günü,
bu da yeni ilin ilk saatları
sənli günlərimi ayrılan ildə
uzada biləydim bir saat barı.

bu da ki, çevrilən sonuncu vərəq,
oldu bu təqvim də artıq yararsız.
bir ildə ayrılıb gedir bizlərdən –
talehlə barışıb sözsüz, qərarsız…

bu da köhnə ilə vida düzəni
bu da yeni ilə “xoş gəldin!” anı
gedənin ömrümdə qaldı izləri
gələnin hələ ki, bilinmir halı…

**

televizorda
dahilərə divan tutulur
qəzetlərdə
müxalifətə.
televizorda
müxalifət unudulur
qəzetlərdə –
Qarabağ çevrilir
infarkta –
ironik xiffətə…
gözümü
seriallar
döyənək edir
qulağımı
milli birlik çağırışı…
qəzetləri
çevirdikcə
tökülür səhifələrdən
ayaqlarımın altına
şəkilli,
iddialı
politoloq
qarğışı…
bir sözlə,
göbəyi açıq qalıb
məmləkətin…

**

mən küləyin
yanı üstə yıxdığı
palıd ağacı…
heç yana tələsmədən
heç kəsdən küsmədən,
incimədən –
süzürəm
üstümə yeriyən
əli baltalıları
acı-acı…
çünki
hiss olunmur
gələnlərdən
kiminsə
dayaq durmaq amacı…
yıxılmışam axı…

**

adam dolu şəhərdə
gəzirəm, görən olmur
bir şəhərlik adamdan –
bezirəm, görən olmur.

ayırıb lal-karını
havalanmış harını
yüz yerdən damarımı  –
kəsirəm, görən olmur.

qəm sevinclə calaşdı
gözüm gözdən qamaşdı
canım quru qamışdı –
əsirəm, görən olmur.

bəxtim bir oyun qurub
milyondan qəpik umub –
baxıram, gendə durub –
küsürəm görən olmur.

**

indi
bir parça çörəyi
bir qarın yeməyi
gündəliyə çevirmək
təhlükəsi durur önümüzdə –
azalan iş yerləri –
heç nəyi izah etmir…
çəkilmiş diş yerləri
kimi,
boşalır cibimiz də…
həyat süstləşir
imkan sahibləri
öz kürsülərində bütləşir –
insanlığın ölmək qorxusu
get-gedə
çevrilir fəlakətə…
deyəsən Tanrı da qəzəblənib
tərəzisi əyilmiş
yer adlı məmləkətə…
duyulur
qiyamət görüntüləri
hər günümüzdə…

**

ürəyincə olsun
hər şey
ruhun da sevinsin,
cismin də…
ürəyincə olanların
içində
incimə,
balaca bir
istəyim var
mənim də:
– ürəyin mənim olsun! –
bax ha,
tələsib, “Yox!”  – demə…

**

bu  açılan səhərə,
dan yerinə tut məni…
gözümdə gün doğmasa –
onda sən unut məni.

bu sevgiyə pərvanə
ya da ki, say şam məni
gündüz gözlərimi gör,
gecə sayrışan məni.

bu ömürə ruh, nəfəs
can söyləyən dil, dodaq –
say məni, sınsın qəfəs 
qalanları unudaq!

**

bir yarpaq qopub düşdü
yazdığım şeirin üstə…
yarımçıq ömür gördüm –
kədər dolu bu səsdə!

budaqlara boylandım
sıx yarpaqlar yamyaşıl
günəşə bələndikcə –
az qala göz qamaşır…

təbiət möcüzəsi
yoxsa yarpaq bəxtidi
ayrıldığı budaq yox
şeirim onun taxtıdı!..
**
baxıram gözlərimdə
dünya boş və ötəri…
əzablara dəyərmi –
bu boşluqdan ötəri…

haqqım ayaq altında
sözüm duyulmayan meh…
göz yaşım həyatında –
kiprik ucundakı şeh!

savaşım Don Kixotluq
iradəm əriyən buz…
bu məntiqlə anbaan –
yaraya səpirsən duz!..

amma boşluq içində
işıq görmək gücüm var
bir gün mənim üçün də.
bağlı qapı açılar…

**

budaqdan bir yarpaq üz
uçurt, olsun kəpənək
uçuşu izləyən an –
bizi unutsun fələk…

ayrılaq yerdən, göydən
ruhumuz olsun dən-dən
gəzib, dolaşıb, heydən –
düşəndə dönüb gələk!

şeh üstə yanan nur tək
könül oxşayan Şur tək
Xan Araz, dəli Kür tək –
Qovuşub, deyib-gülək!..