Ünlü gülüş ustası Çarli Çaplin son nəfəsində – “Tanrı ruhunu bağışlasın” deyən rahibə təbəssüm doğuran bir hazırcavablıqla “nədən yox, necə olsa da öz malıdır” cavabını vermişdi. Sözsüz, hər sonluğu belə gülümsəyərək qəbul etmək də asan deyil. Bəlkə ona görə ki, hər yolun sonunda bir hüzn, bir ayrılıq, bir kədər var…
Bugünkü yazımla təqvimdən daha bir səhifə qoparıb getməkdə olan 2010-cu illə vidalaşmaq istədim. Çünki o yalnız ömrümüzün 365 gününü deyil, kiminin “ovcundakı” ümidlərini, kiminin boşa çıxan xəyallarını, kiminin doğmalarını alıb həmişəlik özüylə aparır. Düşünürəm, təkcə mən və yaxınlarım üçün deyil, bütünlükdə ölkəmiz, insanlarımız üçün geridə zor və sıxıntılı bir il qalacaq. Nə gizlədim? Yaddaşım yaşadığımız bu zaman kəsiyində inamı qırılan, dolanışığı zorlaşan, həyatının dadı və keyfi qaçan tanış üzlərlə doludur. Bunun səbəbləri üzərində uzun-uzadı dayanmağın da lüzumu yox. Hər şey göz önündə, hər şey gün kimi aydındır.
Bilirsiniz, bu ara ekranlar, qəzet səhifələri “inkişaf göstəricisi olan fantastik rəqəmlər” və “unudulmaz tarixlər”lə şişib dolacaq. Hər şey uzun boylu statistikadan danışan adamların rəqəmlərin özü kimi saxtalaşdığını ortaya qoyacaq. Çünki belə cəmiyyətlərdə saxtakarlığa bənzəmək, yalan kimi olmaq yaşamaq imkanlarının təmin edilməsi anlamı üzərində gəlib dayanır.
Yeri gəlmişkən, dünən mətbuatda “Qaçqınkom”un sədri Əli Həsənovun “artıq avropalılarla başqa dildə danışmalıyıq, bu gün Azərbaycanda keçirilən prezident seçkiləri və parlament seçkiləri dünyanın çox ölkələri üçün nümunədir” bəyanatını oxudum. Çox da təəccüblənmədim. Məncə, Avropa Ə.Həsənovu bizdən daha yaxşı tanıyır. Çünki onlar da bilir ki, yarandığı gündən böyük “yeyinti sənayesi” sahəsinə çevrilən “qaçqınkom” həqiqətən dünyada analoqu olmayan bir qurumdur. Bu “sənayenin inkişafında” Avropadan qaçqın əhalinin adına ayrılan yardımların da böyük payı var. Xatırlasanız, illər öncə komitənin yeyintiləri ilə bağlı açıqlanan rəsmi rəqəmlər milyonlarla ölçülürdü. Amma nə oldu? Qurum kimsənin bir telinə toxunmadan işinə davam etdi, üstəlik, bu şəxs baş nazirin müavini də oldu.
Dünən oxuduğum bir maraqlı sitat da Bahar Muradovadan. Deputat xanım “müxalifətin yeni birliyi uşaqların evcik-evcik oyununa bənzəyir” deyir. Başa düşə bilmirəm, bu xanım təmsil olunduğu komanda haqqında Wikileaks-in açıqladığı rüsvayçı faktlardan niyə narahat olmur da, müxalifətin birliyinin dərdini çəkir. Xanım Muradova illərdir siyasətə dəxli olmayan diletant bir dəstənin parlamentdə bizim taleyimizlə “evcik-evcik” oynadığını etiraf etsə, daha dürüst görünməzmi?
Uşaqlıqda məktəb yolkasına oyuncaqdan daha çox çəkdiyimiz ən yaxşı bayram rəsmləri və dilək məktubları asılardı. Indi o yolkaya nə asılacaq? Wikileaks-in açıqladığı məktublarmı, həbsdə qalan günahsız məhbusların rəsmlərimi, yoxsa azadlıq və demokratiya arzularımızmı?
Yolkadan söz düşmüşkən… Iki gün əvvəl Qarabağ veteranı olan yaxın tanışlarımızdan biri zəng etdi. Xocalı soyqırımı abidəsinin ucaldığı parkda qurulan yolkaya iradını bildirdi. “Xocalılara edilənlər nə tez unuduldu, bunlarda millət qanı yoxdurmu, soyqırım parkında bayram yolkası qururlar” – dedi. Haqlı sözə nə deyəsən… Amma bu ölkənin dərdi o yolkayla bitsəydi nə vardı, qardaşım!
Hər yeni il ərəfəsi xoş arzularla daha bir addım irəli getməyə güc qazanmağa çalışırıq. Əlbət, xatırlanacaq gözəl şeylər də yox deyil. Məsələn, tanıdığım biri ilin başlanğıcında planlaşdırdığı önəmli bir işin batdığını, amma heç ağlına gəlməyən başqa bir işdə şansının gətirdiyini demişdi. Nə gözəl! Demək ki, çox çalışdığın zaman bəxt gözləmədiyin halda da üzünə gülə bilər. O zaman yeni ilə yeni ümidlər və hər şeyin könlünüzcə olması arzusuyla!
2010-a son söz…
•