Türk Hava Yolları rekordunu təzələdi

Yeni hava gəmisinin təqdimatını keçirən şirkət Azərbaycan jurnalistləri üçün maraqlı səyahət təşkil etdi

 

Dekabrın 14-də 32 media nümayəndəsindən ibarət iki qrup Türk Hava Yolları (THY) şirkətinin xəttilə Istanbulda səfərdə oldu. THY-nin Bakı nümayəndəsi Mehmet Akkaya və Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həbib Kayanın rəhbərliyilə Bakıdan Istanbula səfərin əsas məqsədi – şirkətin Bakı-Istanbul-Bakı aviareysində istifadə edəcəyi “Airbus 330-300″ sərnişin təyyarəsini təqdim etmək idi. Elə bizləri Istanbula aparan da yenicə istifadəyə verilmiş ”Airbus 330-300″ təyyarəsi idi.
Səfər çərçivəsində THY-nin binasında təyyarə heyətinin təlim mərkəzində olduq, bizlərə təyyarələrin uçuş və enişi ilə tanış olmaq imkanı yaradıldı. THY-nin tarixi, fəaliyyəti və təyyarə heyətlərinin, eləcə də dünyada cəmi bir neçə ölkədə olan pilotların hazırlanması mərkəzində yaradılmış şərait, avadanlıq haqqında bizə ətraflı məlumat verildi.

“Türk Hava Yolları”nda görüş

THY sədrinin Şərqi Avropa və Balkan ölkələri üzrə marketinq və satış üzrə müavini Mehmet Başpınar və mətbuat müşaviri Gökalp Yazır bildirdi ki, səfərin məqsədi – media təmsilçilərinin Türkiyə, o cümlədən Istanbul ilə yaxından tanış olmaları, eləcə də THY-nin fəaliyyəti barədə məlumat əldə etmələrinə şərait yaratmaqdır.
Üzümüzə gələn ilin mart ayında Azərbaycanın müstəqilliyinin bərpası və THY-nin Bakıda ofisinin açılmasının 20-ci ildönümləri münasibətilə respublikamızda bu tip silsilə tədbirlər həyata keçiriləcək. Bu tədbirlər ərəfəsində Azərbaycandan Türkiyənin müxtəlif bölgələrinə, Türkiyədən də Azərbaycanın bəzi yerlərinə media nümayəndələri üçün THY tanışlıq məqsədi daşıyan uçuşlar təşkil edəcək.

“Airbus 330-300″ün özəllikləri

Bizlərə verilən bilgilərdən və gördüklərimizdən onun da şahidi olduq ki, 295 nəfərlik “Airbus 330-300″ təyyarəsi həm uçuş və texniki göstəriciləri, həm də komfort və sərnişinlərə yaradılan uçuş şəraiti baxımından öz analoqlarını üstələyir. Təyyarədə əsas yeniliklərdən biri bütün salonlarda sərnişinlərin hər biri üçün ayrıca çoxfunksiyalı ekranın təqdim olunmasıdır. Sensorlu ekranlar televizor, musiqi mərkəzi və məlumat ekranı kimi istifadə oluna bilər. Burda sərnişinlərə müxtəlif filmlər, oyunlar, musiqi təqdim olunur. Daha bir yeniliksə bu ekranların kompüter və xəbər səhifəsi kimi istifadə oluna bilməsidir. Xüsusi rejimlərə keçirməklə ondan kompüter kimi istifadə etmək, mətnlər yazmaq və redaktə eləmək, eləcə də internet xəbərləri izləmək mümkündür. Kompüterlə işləmək üçün televizorun pultunun arxa tərəfində mini-klaviatura yerləşdirilib. Bundan başqa, xüsusi USB çıxışının olması cihaza flaş-kart daxil edib burdakı materiallarla tanış olmağa və onlarla işləməyə imkan verir. Nəticədə klaviatura vasitəsilə sərnişin uçuş zamanı istədikləri kompüter əməliyyatını apara, bu materialları USB çıxış vasitəsilə özü ilə götürə bilir. Eyni zamanda sərnişinlər xüsusi internet səhifəsi rejiminə keçməklə müxtəlif sahələrdə (siyasət, biznes, idman və s.) dünyada baş verən yeniliklər barədə məlumatlar ala bilərlər. Yeni təyyarələrin ən maraqlı və nadir xüsusiyyətlərindən biri təyyarədən birbaşa olaraq dünyanın istənilən nöqtəsinə telefon zəngi etmək imkanının olmasıdır. Bunun üçün sərnişinin beynəlxalq kredit kartının (Visa, MasterCard, AmericanExpress və s.) olması kifayətdir. Bu kartlar üçün terminal idarəetmə pultunun yan tərəfində yerləşdirilib. Başqa sözlə, təyyarədəki televizorun idarəetmə pultu eyni zamanda bir neçə funksiya – pult, telefon dəstəyi, qulaqcıq, klaviatura və kart terminalı funksiyasını yerinə yetirir. Telefon funksiyası təyyarədən SMS göndərməyə də imkan verir.
Jurnalistlərə müsahibəsində Mehmet Başpınar onu da bildirdi ki, THY şirkəti 3 belə təyyarə alıb, onlardan əsasən uzaq məsafəli uçuşlarda- ABŞ, Afrika və London istiqamətində istifadə olunacaq. Çünki bunların uzaq məsafəli reyslər üzrə istifadəsi iqtisadi cəhətdən daha məqsədəuyğundur.

Həmkarlarla görüş və tarixi yerlər

Səfərin ikinci günü jurnalistlərə Istanbulun ən tanınmış restoranlarının birində ziyafət verildi. Bu ziyafətə Türkiyənin mətbuat qurumlarının nümayəndələri də qatılmışdılar. Bizlərlə görüşə gələnlər sırasında Türkiyə Baş Bakanlığı yanında Mətbuat-Yayın və Informasiya Baş Idarəsinin Istanbul bürosunun müdiri Nəcməddin Altuntaş, Istanbul Jurnalistər Dərnəyinin sədri Engin Köklüçinar, Türkiyə Jurnalistlər cəmiyyəti sədrinin müavini Zəfər Atay çıxış edərək, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında KIV təmsilçilərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini yüksək qiymətləndirdilər.
Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Istanbulun görməli yerləri ilə tanış oldular, tarixi Ayasofiya muzeyi, Sultan Ahmet məscidi, “Yerəbatan Sarnıcı” yeraltı muzeyi, Taksim meydanı və digər tarixi abidələri ziyarət etdilər.
Sonda “Azadlıq” qəzeti olaraq səfərin təşkilinə görə, Türk Hava Yolları Şirkətinə, Türkiyənin Azərbaycandakı səfirliyinə, xüsusilə də jurnalistlərdən hər addımda diqqətini əsirgəməyən Mehmet Akkayaya və Həbib Kayaya dərin təşəkkürümüzü bildiririk.

Sücəddin Şərifov