Mirvari Qəhrəmanlı jurnalist Sevinc Osmanqızının işindən danışdı…
“Azərbaycanda çox pis bir tendensiyanın əsası qoyulub və bu, davam etdirilir”. Bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı haqqında cinayət işi açılan jurnalist Sevinc Osmanqızı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“Əlbəttə, burda həyat yoldaşının rolu kiçik də ola bilər. Ölkədə jurnalistlərə qarşı “əcinnə ovu”nun getdiyi bir vaxtda bu, hansısa bir məmurun və ya onu arxasında dayanan qüvvənin sifarişi də ola bilər. Lakin məni hiddətə gətirən xanım jurnalistə qarşı cinayət işinin öz keçmiş ərinin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında açılmasıdır. Bu, artıq münasibətlərin və reputasiyaların manipulyasiyasıdır”, – deyə hüquq müdafiəçisi qeyd edib.
Mirvari Qəhrəmanlı bundan əvvəl də bənzər hadisənin baş verdiyini vurğulayaraq, keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə qarşı üzdəniraq məhkəmə işində onun keçmiş həyat yoldaşının iddiasından istifadə olunduğunu yada salıb: “Görünür, biz artıq repressiya dövrününün yeni, həqiqətən də, analoqu olmayan, mərhələsini yaşamaqdayıq. Əvvəllər jurnalistlər guya küçədə tanımadıqları birisi ilə dava edir, həbsə atılırdılar. Bütün qurama ssenarilər sınaqdan cıxarılıb, qurtardığından, növbə artıq ən yaxın ailə üzvlərinə yetişib. Ərin öz doğma uşaqlarının anasını “casus”, “xarici agent” olmaqda ittiham etməsi artıq jurnalist və hüquq fəallarına qarşı təqiblərin kütləvi səviyyəsindən xəbər verir”.
Hüquq müdafiəçisi hesab edir ki, cəmiyyət üçün bu təhlükəli təmayül ictimai qınağa səbəb olmalıdır. “Ya biz bunun üstündən sükutla ötüb, “həzm edib”, milli dəyərlərimizdən bir az da üz döndərməkdə davam edəcəyik, ya da bu çirkin manipulyasiya texnologiyalarının Azərbaycan cəmiyyəti və mentalitetinə sirayət etməsinə yol verməyəcəyik”.