“İlham Əliyev deyir Azərbaycanda siyasi məhbus yoxdur, mən deyirəm var. Ona görə mənə işgəncə verirlər”
Hüquq-müdafiəçiləri, Sülh və demokratiya Institutunun (SDI) direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakı hava limanında Dohaya gedərkən saxlanılıb.
Novruz Məmmədovla danışdıqdan sonra Yunusları sərhəddən buraxsalar da…
Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər. Ancaq Leyla və Arif Yunusları müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini Prezident Administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra onları sərhəddən buraxıblar. Sonradan təyyarəyə minərkən yenidən saxlayıblar. Leyla Yunusun sözlərinə görə, 4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, o, vəkilsiz suallara cavab verməkdən imtina edib. Təxminən 23 radələrində onlara saxlanıldıqlarını bildiriblər. Deyiblər ki, əvvəl çantaları yoxlanılacaq, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq.
“Bizə saxlanmağımızın səbəbini izah etməyiblər. Hava limanında saxladılar. Bütün sənədlərimizi, hətta əlimizdəki bütün kağızları alıblar. Çemodanlarımızda, çantalarımızda axtarış aparıblar, kompüterimizi aldılar. Tələb etməyimizə baxmayaraq vəkilimizi içəri buraxmadılar”, – deyə Leyla Yunus qeyd edib.
Hüquq müdafiəçilərinə order təqdim olunmayıb, ancaq onların vəkili Xalid Bağırova bunu göstəriblər.
Baş Prokurorluğun müstəntiqi Ibrahim Ləmbəranski Leyla Yunusun orderi göstərmək tələbindən imtina edib. Mənzilə neçə müstəntiqin və Leyla Yunusun neçə nümayəndəsinin daxil olacağı barədə uzun müzakirələr Arif Yunusda son dörd gün ərzində ikinci hipertonik böhrana səbəb olub.
Müstəntiqlər Arif Yunusun qəsdən özünü xəstəliyə vurduğu qənaətinə gəliblər və onu evin girəcəyində saxlayıblar, jurnalistləri, Leyla Yunusun yaxınlarını küçəyə çıxarıblar.
Hüquq mühafizə orqanlarının əməkdaşlarının bu cür hərəkəti Leyla Yunusun əsəbiləşməsinə səbəb olub və o, müstəntiqləri mənzilə buraxmaqdan imtina edib. Təcili yardım Arif Yunusu reanimasiyaya götürdükdən sonra müstəntiqlər Leyla Yunusa axtarış aparmağı təklif ediblər, ancaq o bundan imtina edib.
“Hər otaqda bir nəfər gözləməlidir ki, evimə narkotik və ya başqa əşya yerləşdirməsinlər”
Bu qarşıdurma bütün gecə davam edib. Müstəntiq Ləmbəranski vaxtaşırı kiminləsə telefonla danışıb, vəziyyət barədə məlumat verib. Səhər saat yeddiyə yaxın Yasamal rayon polisinin rəisi Ismayıl Əsədov hadisə yerinə gəlib. Leyla Yunusa ultimatum verilib: ya qapını açsın, ya da sındırıb açacağıq. Hüquq müdafiəçisi ultimatuma “sındırın açın” cavabını verib.
Leyla Yunus qapını açmaqdan imtina etməsini ona və həyat yoldaşına qarşı “qeyri-insani” davranış ilə izah edib. O həmçinin polis zabitinin təhqirinə məruz qalıb. Belə ki, polis zabiti onun qonşunun mənzilinə tualetə tək getməsinə izn verməyib.
“Bax, bu ”kişi”, polis zabiti dayanıb mənim unitaza necə əyləşdiyimə baxırdı və bundan sonra siz qanunçuluqdan danışırsınız”,- hüquq müdafiəçisi qəzəblənib.
“Siz operativ qaydaları bilmirsiniz, birdən o, tualetdə özünə nəsə edər, odur ki, bizim əməkdaş onun yanında olmalı və bunun qarşısını almalıdır”, deyə polis rəisi Leyla Yunusun dediklərinə cavab olaraq bildirib.
Leyla Yunus həmçinin evində axtarışda azı 4 nəfər yaxınının və ya hüquq müdafiəçisinin iştirak edəcəyini tələb edib. “Mənim dörd otağım var. Hər otaqda bir nəfər gözləməlidir ki, evimə narkotik və ya başqa əşya yerləşdirməsinlər”,- o axtarış aparacaq şəxslərə bildirib.
Beləliklə, bir neçə saat keçməsinə baxmayaraq axtarış baş tutmayıb və saat 7 radələrində Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsinə gətirilib.
Bütün gecəni yatmayan Leyla Yunus öz vəkili və onu müşayiət edən başqa bir şəxslə saat 7:00-da dindirməyə gedib və saat 16-ya qədər orada qalıb.
“Əsas vəzifə Azərbaycanda son hüquq müdafiəçisini məhv etməkdən ibarətdir”
9 saatdan sonra idarədən çıxan Leyla Yunus jurnalistlərə hüquqlarının pozulduğunu bildirib.
“Ayaq üstdə güclə dayanıram. Dünən axşam saat 11-dən ayaq üstdəyəm. Bir sutkadan çoxdur ki, yatmamışam. Hətta tualetə polis nəzarəti altında getmək məcburiyyətində qaldım”, deyən Leyla Yunus bunu işgəncə kimi qiymətləndirib.
Bundan sonra SDI-nin ofisinə gedəcəklərini söyləyib.
Axtarışın hansı əsaslarla aparıldığı haqqında suala cavabda o deyib ki, heç bir əsas yoxdur: “Onlar hər şeydə qanunu pozurlar, hər dəqiqə pozurlar. Məndən ölkəni tərk etməmək haqqında iltizam almayıblar, ancaq ölkədən çıxmağa icazə vermədilər, pasportumu əlimdən aldılar”.
Nədə ittiham olunduğu haqqında suala cavabında o deyib: “Nədə ittiham olunduğumu başa düşmədim. Onlar nədəsə təqsirli olduğumu demirlər. Deyirlər ki, ”sən Rauf Mirqədirovla dostluq edirdin?”. Əlbəttə, edirdim”.
Hakimiyyətin motivləri haqqında danışan hüquq müdafiəçisi bunları deyib: “Əsas vəzifə Azərbaycanda son hüquq müdafiəçisini məhv etməkdən ibarətdir. Onlar axmaq ittiham irəli sürərək, hüquq müdafiəçisi kimi bizi, yaxşı jurnalist kimi Rauf Mirqədirovu məhv etmək şansı əldə ediblər”.
“İlham Əliyev deyir Azərbaycanda siyasi məhbus yoxdur, mən deyirəm var”
Jurnalistlərin suallarına cavab verdikdən sonra Leyla Yunus vəkiliylə birlikdə SDI-nin Nizami küçəsi, 63 ünvanında yerləşən ofisinə gediblər. O və onu müşayiət edənlər ofisə çatanda binanın önündə polislərin olduğunu görüblər. Leyla Yunus təkid edib ki, polislər ofisə daxil olmasın. Onun təkidi baş tutub. Polislər ofisə buraxılmayıb. Ofisə prokurorluq işçiləri, Leyla Yunusun vəkilləri və hal şahidləri kimi “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli, “Turan” agentliyinin redaktoru Şahin Hacıyev daxil olublar.
Leyla Yunus ofisə daxil olana qədər binanın qarşısında sərt bəyanatla çıxış edib: “Onlar adam deyillər, onlar kişi deyillər. Polis mənim evimə gəlməsin. Mənim ərim mini-infakt keçirib. Ilham Əliyev deyir Azərbaycanda siyasi məhbus yoxdur, mən deyirəm var. Ona görə mənə işgəncə verirlər”.
Ofisdə axtarış iki saatdan çox davam edib. Axtarışı hüquq mühafizə orqanının 5 işçisi aparıb. Yoxlayanlar bütün kompüterləri, Arif Yunusun kitablarını, müxtəlif çap materiallarını, vizitkaları, o cümlədən Yunusların iştirakı ilə keçirilən konfranslardan materialları müsadirə ediblər. Axtarışın yekunlarına görə, protokol tərtib edilib.
Onu da qeyd edək ki, tanınmış psixoloq Azad Isazadəyə məxsus avtomobil ofisin qarşısından yoxa çıxıb. Avtobilin kimlər tərəfindən haraya aparılması məlum olmayıb.
Ofisdəki axtarışdan sonra Leyla Yunusun mənzilində də axtarış başlanılıb.
Hüquq müdafiəçisinin təkidi ilə axtarış zamanı onun vəkili Xalid Bağırovla yanaşı 5 nəfər KIV və vətəndaş cəmiyyəti təmsilçisi – ekspert Azad Isazadə, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi, vəkil Cavad Cavadlı və RATI-nin hüquqşünası Günay Ismayılova iştirak edib.
Axtarış zamanı bir sıra sənədlər, çap məhsulları eləcə də “Ayna”-“Zerkalo” qəzetlərinin şərhçisi, tanınmış jurnalist Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, istifadə olunmuş bir neçə ölkədaxili qatar bileti götürülüb. Mənzildə kompüterlər olmayıb. Leyla və Arif Yunusun şəxsi kompüterləri aeroportda onlar saxlanılarkən və SDI-nin ofisində axtarış zamanı götürülüb.
Axtarışdan sonra protokol tərtib edilib. Hüquq mühafizə orqanlarının əməkdaşları Leyla Yunusun mənzilini tərk edib.
Leyla Yunusun vəkili Xalid Bağırovun sözlərinə görə, hüquq müdafiəçisi şahid qismində cəlb edilib və təbii ki, ondan ölkəni tərk etməmək barədə iltizam alınmayıb. Ancaq onun xarici pasportu qanunsuz olaraq alınıb və sənədin qaytarılması üçün çalışacaqlar.
Arif Yunusa gəlincə, vəkilin sözlərinə görə, o, bu işlərə cəlb edilməyib. O hətta şahid belə deyil.
Ramin DEKO