Oktyabrın 14-də Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin toplantısı keçirilib. İclasda partiya sədri Sərdar Cəlaloğlunun istefa ilə bağlı müraciət ərizəsi müzakirə olunub.
“Media forum” saytına danışan ADP sədrinin müavini Həsrət Rüstəmov deyib ki, Sərdar Cəlaloğlunun istefası qəbul olunmayıb: “İdarə Heyəti üzvləri birmənalı şəkildə sədrin istefasının əleyhinə oldular. Eyni zamanda nizamnaməyə görə nəzərə alındı ki, növbəti qurultayın vaxtıdır, hətta vaxtdan bir qədər ötüb. Ona görə də yaxın üç ay ərzində növbəti qurultayın çağırılması haqqında qərar qəbul olundu. Qurultaya qədər partiya sədrinin və İdarə Heyətinin öz səlahiyyətlərini icra etməsi uyğun hesab edildi.
Qərara alındı ki, Sərdar Cəlaloğlu qurultayda öz istefa ərizəsində göstərdiyi tezislər də daxil olmaqla ötən qurultayın qəbul etdiyi konstruktiv müxalifətçi kursunun uğurlu olub-olmaması ilə bağlı siyasi məruzə hazırlasın”.
Həsrət Rüstəmov bildirib ki, yaxın zamanda partiyanın Ali Məclisi çağırılacaq və qurultayın vaxtı müəyyən olunacaq.