“Demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsindən söhbət gedə bilməz”
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı seçki prosesində baş verən pozuntularla bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı bəyan edir ki, 9 oktyabr 2013-cü il seçkilərinin başladığı andan bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar almaqdayıq. Qanun pozuntuları barədə xəbərlər təkcə Cəmil Həsənlini təmsil edən müşahidəçilərdən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvlərindən, onun vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, səs verən tərəfsiz seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olur, eyni zamanda, mediada bu haqda əsaslı məlumatlar, foto və videogörüntülər yayılır”.
Pozuntular bütün ölkədə kütləvi hal alıb və bir qayda olaraq YAP-ın namizədi İlham Əliyevin xeyrinə yönəldiyinin vurğulandığı bəyanatda qeyd edilir ki, pozuntuların böyük əksəriyyəti Cəmil Həsənlinin qələbəsinin qarşını almaq məqsədi daşıyır. Bəyanatda səsvermə zamanı rast gəlinən ən müxtəlif qanun pozuntuları qeyd olunub:
– Səsvermənin ilk saatlarından Cəmil Həsənlini təmsil edən və müstəqil olan müşahidəçilərə qarşı təzyiqlər edilib. Çox hallarda müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb, bir çox yerlədə onlara öz işini aparmağa imkan verilməyib, bəzi hallarda isə onlar seçki məntəqəsindən zorla çıxarılıblar. Bir neçə seçki məntəqəsindən müşahidəçilərin polis tərəfindən həbs edilməsi barədə məlumat almışıq. 12 saylı dairədən Xəqani Əliyev polis tərəfindən oğurlanıb.
– Cəmil Həsənlini təmsil edən məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyalarının işində iştirak etməsinə imkan verilməyib.
– Seçki bülletenlərinin sayılmasında, onların saxlanılmasında, seçicilərə verilməsində qanunun tələbləri bir qayda olaraq yerinə yetirilməyib. Əksər seçki məntəqələrində seçki bülletenlərinin sayılmasında Cəmil Həsənlinin müşahidəçilərinin iştirakı təmin edilməyib. Bir çox məntəqələrdə isə seçki bülletenləri ümumiyyətlə sayılmayıb.
– Səsvermə inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçirilir, dövlət idarələri öz işçilərinin səsverməyə gətirilməsini və onların İlham Əliyevə səs verməsini təmin etməklə məşğul olurlar. Hakimiyyət orqanları tərəfindən edilmiş təzyiqlər nəticəsində, hətta özəl biznes qurumları da öz işçilərini xüsusi nəzarətlə YAP-ın namizədinə səsverməyə gətirməyə məcbur ediliblər.
– Bütün dairələrdə “karusel” üsulundan, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki məntəqələrində təkrar-təkrar səsverməsi halları qeydə alınıb.
– Seçicilərə pul paylanması halları barədə məlumatlar daxil olub.
– Hələ seçki başlanmamış seçki məntəqələrinə seçki qutularının içərisində bülletenlərlə məntəqəyə gətirilməsi halları müşahidə edilib.
– Seçki komissiya üzvlərinin və kənar şəxslərin seçki qutularına topa halında (çox sayda) seçki bülleteni atdığı hallar qeydə alınıb.
– Məntəqələrdə şəxsiyyət vəsiqəsi olmayan vətəndaşların, adları seçki siyahısında olmayanların və qeydiyyatı başqa ərazidə olanların və bir neçə şəxsiyyət vəsiqəsi ilə səsverməyə gələnlərin səs verməsinə imkan yaradılır.
– Çoxsaylı seçicilər müxtəlif məntəqələrdə qeydiyyatdançıxma vəsiqəsi ilə səs verir.
Seçki Qərargahı pozuntuların bir hissəsinin barədə konkret məlumatları indiyədək yaydığı press-relizlərdə ətraflı əks etdirib və bu işi davam etdirir.
Seçki günü baş verənlər sübut edir ki, seçkilərin səsvermə gününədək olan mərhələsinin, həmçinin seçkiqabağı təşviqat kampaniyasının qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza çərçivəsində, ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçirilməsi tendensiyası seçki günü də davam edib. Səsvermə daha kütləvi, daha kobud pozuntularla, nəticələrə əsaslı şəkildə təsir edən amillərlə başlayıb və davam edir.
Seçki prosesinin gedişindən görünür ki, hakimiyyət saxta seçkilərlə İlham Əliyevi yenidən prezident elan etmək niyyətindədir. Nəticə etibarlə demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsindən söhbət gedə bilməz. Ona görə də Prezident seçkilərində alternativ siyasi qüvvə kimi çıxış edən Milli Şura, Azərbaycan cəmiyyəti, demokratik qüvvələr, demokratik inkişaf tərəfdarı olan beynəlxalq təşkilatlar və müşahidəçilər bu seçkilərin azad və ədalətli olduğunu qəbul edə və bu seçkilərin elan olunacaq nəticələrinə etimad göstərə bilməz.