Milli Şuranın son sessiyasında təşkilat sıralarına ölkədə tanınmış şəxslərdən daha bir neçəsi üzv qəbul olundu. Milli Şuraya yeni qəbul olunan üzvlər – “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahid, hüquq müdafiəçisi Məlahət Nəsibova, iqtisadçı ekspert Vahid Məhərrəmov, Azərbaycan ordusunun keçmiş zabiti, mühacirətdə olan polkovnik İsa Sadıqov, tanınmış vəkil Fəxrəddin Mehdiyev, iqtisadçı Məhəmməd Talıblı, Ukraynada diaspor fəalı Yalçın Qəhrəmanlı və yazıçı-tərcüməçi Araz Gündüzdür. Niyə məhz Milli Şura? Yeni üzvlərdən bir neçəsinə bu sual ilə müraciət etdik.
İsa Sadıqov: «Özümü mənəvi cəhətdən Milli Şura üzvü sayırdım»
Azərbaycan ordusunun keçmiş zabiti, mühacirətdə olan polkovnik İsa Sadıqov vurğuladı ki, Milli Şura ideyası və onun yaranma prosesi barədə bildiklərini, bu prosesdə necə iştirak etdiyini mətbuat vasitəsilə ictimaiyyətə bölüşüb. İ.Sadıqov hesab edir ki, Azərbaycanda siyasi mübarizənin bu platforması olduqca böyük əhəmiyyət kəsb edir: «Milli Şura yarandığı gündən ictimai-siyasi fikir müstəvisində, sadəcə iki qüvvə arasında ziddiyət və mübarizə mövcuddur. Bir tərəfdə korrupsiyaçı bir rejim, xalqdan səs almayan və seçicilərin iradəsinin ziddinə hakimiyyəti qəsb etmiş bir dəstə, o biri tərəfdə isə Azərbaycanda yeni, mütərəqqi və ədalətli bir cəmiyyətin qurulması üçün mübarizə aparan Milli Şura. Mən zatən, özümü mənəvi baxımdan Milli Şuranın üzvü hesab edirdim. Dünənki qərar isə Milli Şura üzvlüyümü rəsmiləşdirdi. Bu qərara səs verərək mənə etimad göstərənlərin hər birinə təşəkkür edirəm. Şübhəsiz, Mİlli Şura üzvü olan ziyalılar, bu platformada birləşən siyasi güclər və Milli Şuranın lideri professor Cəmil Həsənli totalitarizmə qarşı ictimai dirənişin kompromissiz nümunələrini yaratmaqdadırlar. Buna görə də, millətin gələcəyi üçün məsuliyyət daşıdığına əmin olan hər kəs bu prosesə dəstək verməlidir».
İ.Sadıqovun qənaətincə, Milli Şura üzvü olaraq onların hər birindən daha artıq fəaliyyət tələb olunur və bu prosesin daha ardıcıl, daha qətiyyətli aparılması üçün əlindən gələni edəcək: «Biz siyasi məhbuslarımızın da görməli olduqları işi görməliyik. Öz fəaliyyətimizlə diktaturaya sübut etməliyik ki, Azərbaycan xalqının öz parlaq gələcəyi uğrunda mübarizə potensialı böyükdür, bu potensialı məhv etmək onların imkanları xaricindədir. Ən azından, həm də ona görə ki, biz ideyalarımızın uğrunda, onlar isə öz oğurluqları və şəxsi mənfəətlərinin uğrunda fəaliyyətdədirlər».
Vahid Məhərrəmov: «Milli Şuranın Azərbaycanın taleyində xüsusi rol oynayacağına əminəm»
İqtisadçı ekspert Vahid Məhərrəmov bildirdi ki, yeni üzv olduğu təşkilat Azərbaycanda tanınmış ziyalıları, aparıcı partiyaları, tanınmış QHT təmsilçilərini özündə birləşdirir. Milli Şuranın Azərbaycanın taleyində xüsusi rol oynayacağına əmin olan V.Məhərrəmov vurğuladı ki, bu baxımdan qarşıdan gələn seçkilərdə cəmiyyətin aktivləşməsində də Milli Şura mühüm rol oynayacaq: «Milli Şurada kifayət qədər bacarıqlı, qabiliyyətli ziyalılar, ictimai fəallar cəmləşdiyi üçün təşkilatın qəbul etdiyi qərarlar toplumda keçərli olacaq. Mənim Milli Şuraya gəlməyimdə məqsəd təşkilata öz töhfəmi verməkdir. Azərbaycan iqtisadiyyatında, xüsusilə aqrar sahədəki durumla bağlı dolğun məlumat verməyə çalışacam. Mənim də niyyətim odur ki, Azərbaycanda ədalətli cəmiyyətin qurulması istiqamətində mübarizə aparılsın. Bu baxımdan düşündüm ki, mənim bu mbarizəni aparmağım üçün ən uğurlu təşkilat məhz Milli Şuradır».
Məlahət Nəsibova: «Real, demokratik dəyişiklik istəyən qüvvələr biryerdə fəaliyyət göstərməlidir»
Hüquq müdafiəçisi Məlahət Nəsibova də bildirdi ki, ölkədə real, demokratik dəyişiklik istəyən qüvvələr biryerdə fəaliyyət göstərməlidir. Milli Şuranın üzvü olmamışdan öncə təşkilatın fəaliyyətini yaxından izlədiyini deyən M.Nəsibova vurğuladı ki, cəmiyyət insan haqlarının müdafiəsi baxımından təşkilatın səylərini yüksək dəyərləndirir: «Milli Şuraya üzv olduqdan sonra mənə xeyli müraciətlər oldu. Onların əksəriyyəti Naxçıvandan idi. Hiss etdim ki, Naxçıvanda da Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı böyük ümidlər var. Milli Şura elə bir təşkilatdır ki, burada siyasi kimliyindən, əqidəsindən asılı olmayaraq bütün insanlar birləşə bilər».
Xəyal