Mətləb Mütəllimli
Bəri başdan deyim ki, vaxtilə Milli Məclisin üzvü olanda səhiyyə nazirliyini, onun keçmiş nazirini ən çox tənqid edənlərdən biri də mən olmuşam, buna da peşman deyiləm. Bu yazı ilə heç də Əli Insanovun günahlarını yumaq fikrində də deyiləm, belə ki, hərə öz əməllərinə görə özü cavab verir.
Amma indi o, 8 ildir həbsxanada bu rejimlə ölüm-dirim savaşı aparır və bu haqda susmağı ədalətsizlik hesab edirəm. Həbsxanada girov saxlanılan Əli Insanov haqqında yazmaq istədiyimi bilən tanışım “Bu sənin hörmətinə xələl gətirə bilər” dedi. “Qoy, olsun” dedim, hətta həbsxanada, qeyri-bərabər şəraitdə belə, xalqının sayılan-seçilən oğullarını, qızlarını həbsxanalara doldurub çürüdən indiki rejimə qarşı cihad edən, müharibə edən sınmaz şəxs haqqında yazmaq özü savabdandır. Həm də, Imam Əli (ə) buyurur ki, “Cihadın savabı ən üstün savabdır”.
Dövlət çevrilişi şousu
“Yalan müvəqqəti uğur gətirə bilər, lakin onun sonu acınacaqlı olur”
Düz 8 il bundan qabaq, 2005-ci ilin oktyabr ayında Azərbaycanın ictimai həyatında sanki ildırım çaxdı, iki nazir – iqtisadi inkişaf naziri Fərhad Əliyev və səhiyyə naziri Əli Insanov dövlət çevrilişinə cəhd adı ilə həbs edildilər. Guya, onlar dövlət çevrilişi etmək istəyiblər. Çox keçmədi, hüquq mühafizə orqanları, bir çox hallarda olduğu kimi, yenə də fakt qarşısında qaldı və olmayan çevrilişi sübut edə bilmədi. Lakin yuxarıdan sifariş verilmişdi, deməli, nəyin bahasına olur olsun sifariş icra edilməli idi. Bu iki nazir, əslində heç bir çevriliş-zad etməmişdilər. Sadəcə seçki öncəsi cəmiyyətin başını qatmaq, ən başlıcası da, qabağından yeməyən Əli Insanovu yerində oturtmaq lazım idi. Fərhad və Rafiq Əliyev qardaşları da bu işdə, necə deyərlər, “çujoy paxmel” getdilər. Baxmayaraq ki, qardaşları həbsə sürükləyən az əhəmiyyətli olmayan ikinci səbəb də var idi. YAP komandasında ciddi münaqişəyə girmiş iki nəfərdən biri – ya Azərbaycanı monopoliyaya çevirmiş Kamaləddin Heydərov, ya da inhisarçılığa qarşı çıxan Fərhad Əliyev tutulmalı idi. Arxası o qədər də bərk olmayan cəlilabadlını tutmaq daha asan oldu, baxmayaraq ki, mətbuatın yazdığına görə, tutan Əliyev tutulan Əliyevlər nəslinə borclu idi.
Eyni tale, fərqli xarakter
“Xarakterin zəifliyi – bu, düzəldilməsi mümkün olmayan yeganə qüsurdur”
Tutulan gündən buraxılan günə qədər keçmiş iqtisadi inkişaf naziri F.Əliyev əsasən, susmağa üstünlük verdi, daim prezident I.Əliyevin onu buraxacağına ümid bəslədi, amma ümidi boşa çıxdı. Hətta həbsdən sonra Fərhad və Rafiq Əliyev qardaşlarına məxsus hesab edilən və onlardan alınıb nazirlər arasında pay-püş edilmiş “Azpetrol” yanacaqdoldurma məntəqələrinin Beynəlxalq Arbitraj Məhkəməsində geri alınması reallaşanda hakimiyyətdən iddianı (800 milyon ABŞ dolları) geri götürmək müqabilində onları həbsdən azad edəcəklərinə söz verilsə də, sözlərindən qaçdılar, qardaşları azad etmədilər. Yalnız 8 ildən sonra prezidentin onlara yazığı gəldi, zindanda sərasər 8 il əsassız yatırdıb özünə səs verdirdi və sonra azad etdi. Əslində hamı şahid oldu ki, “Hamı yerli mal alsın, xeyir Vətənə qalsın” şürarının müəllifi Fərhad Əliyev üçün bu, həqiqi azadlıq deyildi, Ilham Əliyev adına azadlıq idi.
Kişiyana döyüş başladı…
“Ağır çəkiclərin altında ancaq möhkəm dəmirlər davam gətirə bilər”
Azərbaycanın tarixinə qara səhifələr yapan YAP funksionerləri ilk əvvəl Əli Insanovun tutulmasına sevindilər, ümid etdilər ki, onları qamçılayan, özü də, haqlı tənqid edən birisindən canlarını birdəfəlik qurtardılar, amma sevincləri uzun sürmədi. Əvvəllər Ə.Insanov YAP-ın xalqa qapalı olan iclaslarında tənqidi çıxışlar edirdisə, indi səsi məhkəmənin tribunasından gəlirdi. Fərhad Əliyevdən fərqli olaraq Əli Insanov istintaqda, məhkəmədə cəsarətlə danışırdı, istintaqçıların, hakimlərin, necə deyərlər, pişiyini divara dırmaşdırırdı, od püskürürdü. O nə deyirdi?
Burada olduğum üçün danışmıram…
“Cəsarətli adamlar bu dünyada aslan təbiətli olurlar”
Keçmiş səhiyyə naziri məhkəmədən tələb edərək aldığı mikrofonfdan cəmiyyətə xitabən deyirdi ki, mənim həbsim də, bu məhkəmə də bir şoudur. Mən burada olduğum üçün danışmıram, orada danışdığım üçün indi buradayam. Üzünü dövlət ittihamçısına tutaraq: “Sizi öyrədən məmurlara deyin ki, Əli Insanov çox şey bilir, danışsa, onların atasını yandırarlar”.
Lax yumurta
“Düşməndən yox, onların birliyindən qorx”
Mən YAP-ın Idarə Heyətinin iclasında demişəm ki,bizim xalqa sırıdığımız siyasət qızıl suya çəkilmiş lax yumurtaya oxşayır. Bu partiyaya dəvət etdiyim və mənə görə bura üzv olan on minlərlə insandan az qalıram ki, üzr istəyim. Mən həqiqəti demişəm və bu sözlərim onları əqrəb kimi sancdı.
Kim kimi ittiham edir?
“Susmaq sonradan ən böyük ittiham ola bilər”
Əli Insanov məhkəmədə ona qarşı irəli sürülən korrupsiya, rüşvət ittihamının əslində prezidentə şamil edilməsinin gərək olduğunu bildirdi və dedi: “Rusiya müğənnisi Alla Puqaçova Azərbaycanda çıxış edəndə dedi ki, Ilham Əliyevlə Mayamidə qonşudurlar və onların orada villası var. Prezident maaşı ilə o necə belə böyük mülkə sahib ola bilər. Ilham Əliyevin təkcə Mayamidə yox, dünyanın bir çox ölkələrində böyük mülkləri var”.
Satınalma əməliyyatı
“Satqınlıq kiminsə xoşuna gələ bilər, satqınları isə heç kimin görməyə gözü yoxdur”
2007-ci il aprelin 10-da keçirilən məhkəmədə sabiq səhiyyə naziri Əli Insanov son sözündə də bildirdi: “2003-cü ilin prezident seçkiləri ərəfəsində seçki komissiyalarını ələ almaq üçün nazirlərdən və nazirliklərdən küllü miqdarda pul alınırdı”. Beləliklə də, artıq illərdir ki, bizim uşaqlarımıza, guya dərs deyən “müəllimlər”in və sağlamlığımızı etibar etdiyimiz “həkim”lərin mütləq əksəriyyəti nəsillərin bu gününü və gələcəyini bir tikə yala sataraq seçkiləri saxtalaşdırmaqda davam edirlər. Çox təəssüflər olsun ki, builki prezident seçkiləri də istisna olmadı.
Hakimiyyət zəbt edilib
“Əgər maddə naxış qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağı bacarmaz”
Keçmiş səhiyyə naziri məhkəmədə prezident Ilham Əliyevi təkcə iqtisadi cinayətlərdə suçlamırdı, onun hakimiyyəti zəbt etdiyini deyir və fikrini belə əsaslandırırdı: “Heydər Əliyev koma vəziyyətində ona baş nazir vəzifəsini verə bilməzdi”. O, Ilham Əliyevə müraciət edərək “Mənim nazir təyin edilməyim haqqında fərmanımda Heydər Əliyevin imzası var, bəs, sənin Baş Nazir təyin edilməyin haqda fərmanda kimin imzası var?”, deyə soruşurdu. Keçmiş prezidentin yaxın həkimi olmuş, tarix üçün hələ ki, sirr olaraq qalan keçmiş prezidentin ölüm prosesinin içərisində olan bir şəxsin dediklərindən də etibarlı mənbə ola bilərmi?
Xəbərdarlıq mesajı
“Ölüm hamı üçün birdir, amma həyat hamı üçün bir deyil”
Səhhətində olan ciddi problemlərə baxmayaraq keçmiş nazir qeyri-bərabər mübarizədən çəkinmədi, amma ictimaiyyəti xəbərdar etməyi də unutmadı. O, məhkəmədə bildirdi: “Səhhətimdə problemlər mövcuddur, onurğa sütunumda yırtıq var. Bu, ağrılar verə bilər, ölümlə nəticələnə bilməz. Ictimaiyyəti xəbərdar etmək istəyirəm ki, əgər başıma bir iş gələrsə, bu, səhhətimdə olan ağrılarla bağlı olmayacaq”. Keçmiş nazirin Indiki hakimiyyətin ondan qisas alacağından ehtiyatlanması üçün ciddi səbəblər vardı…
ardı var