Qərargahımız mübarəkdi
Natiq Ədilov, AXCP mətbuat xidmətinin rəhbəri
Yeddi ildən sonra Azərbaycan Xalq Cəhbəsi Partiyası (AXCP) yeni fəaliyyət dövrünə başlayır. Bu yenilik özünü partiyanın mərkəzi ofisə sahib olmasından ibarətdir.
Geniş ictimaiyyət AXCP-nin ofis problemi olduğunu bilirdi, yenilər üçün isə xatırladaq ki, 2006-ci ilin noyabrında Azərbaycan hakimiyyəti qanunsuz olaraq, zorakılıqla AXCP-ni “Azadlıq” qəzeti və “Turan” İnformasiya Agentliyi ilə birgə yerləşdiyi “Xaqani 33” ünvanından çıxarıb.
Bu özbaşınalıq məhkəmə predimentinə çevirilib, hazırda şikayətimiz Avropa İnsan Haqları Məhkəməsində baxılmaq növbəsindədir.
Hakimiyyət AXCP-ni mərkəzi ofisdən məhrum etməklə kifayətlənmədi, ötən bu müddət ərzində partiyanın normal, işgüzar fəaliyyəti üçün lazım olan bütün pislikləri Əliyev rejimi törətdi, bizləri təzyiq altında saxladı.
Bəlli olduğu kimi, Siyasi Partiyalar Haqqında Qanuna görə hökumətin partiyaları ofisə təmin etmək vəzifəsi var. Fəqət dəfələrlə bu yöndə AXCP-nin etdiyi müraciətləri hakimiyyət qulaq ardına vurub, nəinki bizə mərkəzi qərargah verib, əksinə bəzi rayonlarda qalan bir-iki xırda qərargahı da alaraq bağlayıb.
Ötən yeddi ildə AXCP ofislə bağlı mübaliğəsiz dramatik həyat yaşayıb. Biz fəaliyyətimizi üçün bir çox sahibkarlarla razılaşma əldə edib onların şəxsi mülkiyyətini kirayələmək istəsək də, son anda hakimiyyət bundan xəbər tutaraq prosesi dayandırıb; sahibkarlar özləri bizə təzyiqlərə tab gətirə bilmədiklərini deyərək razılaşmaları pozub.
Ofislə bağlı heç zaman dilə gətirmədiymiz bir hadisəni də indi ictimailəşdirmək olar.
2011-ci ilin martında biz sahibi cəbhəçi olan bir ofisi icarə götürdük, müqavilə imzaladıq. Hakimiyyət dərk edəndə ki, artıq indi yeni stiuasiyadır, cəbhəçini təzyiqlə geri oturtmaq olmayacaq, onda sözün əsl mənasında analoqsuz addım atdı: ofisin qapıları qaynaq edildi və bu günə qədər o vəziyyət davam edir.
AXCP olaraq bu gülünc və qəddar hadisəni də məhkəmələrə daşımışıq. Ofis sahibi də iddiaçıdır. Ancaq Azərbaycan məhkəmə instansiyalarının heç birində gün kimi aydın olan hadisəyə ədalətli qərar verən hakim tapılmadı. Bu iş də yaxınlarda Avropa Məhkəməsinə göndəriləcək. Sual yarana bilər ki, bəs nəyə görə bu çağa qədər qeyd edilən “analoqsuz” hadisə barədə ictimaiyyətə xəbər verilməyib, cavab sadədir: ümidimiz hələ tam tükənməmişdi ki, hansısa sahibkardan ofis icarələyə biləcəyik. Ehtiyatlanırdıq ki, “qaynaq” hadisəsi vəziyyəti daha çətinləşdirər, potensial icarədarları da bizdən uzaqlaşdırar.
Nəhayət, bu günlərdə belə bir imkan ələ düşdü və biz əvvəllər ACP-nin ofisi kimi tanınan mülkin sahibi ilə icarə bağladıq.
Hazırda xaricdə yaşayan həmin sahibkara AXCP olaraq təşəkkür borcumuz var. Onun hərəkəti əslində normal ölkələr üçün adi sayılardı, bizim şəraitdə isə bu, az qala qəhrəmanlıqdır.
Bütün bunları ona görə yazdım ki, birincisi, jurnalistlər, fəallar artıq AXCP-nin mərkəzi ofisidə fəaliyyət göstərdiyini bilsinlər. Yeni ünvanımız budur: Nərimanov, Tələt Şıxaliyev küçəsi 8.
İkincisi, hər kəs bilsin ki AXCP hansı məhrumiyyətlər altında dönməz fəaliyyət göstərir; bizə olan təzyiqlərin üzdə olanları bir yana, hələ “aysberqin görünməyən hissələri” də var.
Nəhayət, yerli və beynəlxalq ictimaiyyətə səslənirik ki, bizə, eləcə də ofisin sahibinə qarşı törədiləcək təxribatdan qorunmaqda dəstək olsunlar.
P.S. Azərbaycan hakimiyyətinin müxalif şəxs və qurumlardan narkotik, silah, partlayıcı “tapmaq” məharətinə bələd olduğumuzdan ofisin bütün künc bucağın çəkilişə almışıq, arzu edənlərə təqdim edə bilərik.