«Fəzail müəllim psixoloq deyil ki, insanın xarakterilə bağlı fikir səsləndirsin»
Deputat Fəzail Ağamalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin vaxtaşırı təhsil naziri Misir Mərdanovu tənqid etməsinin səbəblərindən danışıb. Deputat bu tənqidləri TQDK sədrinin hədsiz təkəbbürlü və karyerist olmasıyla izah edib.
TQDK-nin mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə “Azadlıq”a açıqlamasında ilk növbədə onu qeyd edib ki, həm təmsil etdiyi qurum, həm də Təhsil Nazirliyi Azərbaycanda təhsil siyasətini həyata keçirir. E.Nağızadə deyir ki, müəyyən məqamlarda bəzi fikirlərlə ictimai fikri çaşdırmaq cəhdləri olur: “Istənilən məsələdə iradı, qeydi olan həmin məsələni müzakirəyə çıxa bilər. Fəzail Ağamalının açıqlamasına gəlincə, bunun heç bir əsası yoxdur. Hər halda, o açıqlamada Fəzail Ağamalı xarakterlə bağlı fikirlər səsləndirib. Fəzail müəllim ixtisasca tarixçidir, psixoloq deyil. Bu mənada o, insan psixologiyasıyla bağlı bu cür fikir səsləndirməməlidir”.
Xatırladaq ki, TQDK orta məktəblərin 1-ci sinif “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin istifadəsini məqsədəuyğun hesab etməyib.
TQDK-nın “Azərbaycan dili – 1″ dərsliyinə dair yekun rəyində qeyd olunub ki, dərslik məzmun baxımından qüsurludur: əlifbanın öyrədilməsi, oxu və yazı texnikası üzrə ilkin bacarıqların mənimsənilməsi, dövlət rəmzləri, xalqımızın dili, tarixi haqqında şagirdlərdə ilkin anlayışların yaradılması və təbliği baxımından dərslikdə bir sıra ciddi qüsurlara yol verilib.
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isəÿ mətbuata açıqlamasında deyib ki, 1-ci siniflərin “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri ilə bağlı TQDK-nın rəyi qərəzlidir. F.Şahbazlı qeyd edib ki, müəlliflər tərəfindən bu rəylər qəbul edilmir: “TQDK ilə belə razılaşmışdıq ki, onlar bizə rəyi göndərsinlər, biz rəylə tanış olaq, o rəyə ekspert və müəlliflərin rəyi alınsın və birgə müzakirədən sonra monitorinqin nəticələri elan edilsin. Amma bizim cavabımızı bilməmiş bu rəyin açıqlanması məsuliyyətsiz addımdır. Ictimaiyyəti belə çaşdırmaq olmaz. Dövlət qurumu olan TQDK-nın digər bir dövlət qurumu Təhsil Nazirliyinin dərslikləri haqqında belə informasiya yayması cəmiyyətdə çaşqınlıq yaradır. Bu, qeyri-sağlam münasibətdir və yaxşı yol deyil”.
TQDK-nın mətbuat katibi isə sözügedən məsələyə münasibət bildirərək monitorinqin nəticələrinin qurumun saytında yerləşdirildiyini və real baxışın ictimaiyyətə təqdim edildiyini bildirib.
Nigar