Buzovnadakı atışmada qətlə yetirilən Hikmət Babayevin qardaşı həbsxanadan «Azadlıq»a yazdı
Bir neçə ay əvvəl Buzovna qəsəbəsində qətlə yetirilən Hikmət Babayevin ömürlük həbs cəzasına məhkum olunmuş qardaşı Hüseynağa Babayev Qobustan həbsxanasından “Azadlıq”a məktub göndərib.
Hüseynağa Babayev qardaşının qətli ilə bağlı “Azadlıq”da dərc olunan yazıya irad bildirir, bu hadisəyə, həmçinin özünün və atası Əmirəli Babayevin ömürlük azadlıqdan məhrum edilməsinə aydınlıq gətirir. Məktubu qısa ixtisarla təqdim edirik:
Əjdər Xanbabayevin qətlinin sifarişçisi Hacı Seyfəldir
“Mən 1935-ci il təvəllüdlü atam Əmirəli Babayevlə 1995-ci ildə eyni iş üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilmişik. Bizim barəmizdə çıxarılan qərar qərəzli və sifarişlidir.
Sizə şikayət ərizəsi ilə müraciət etməyimin əsas səbəbi qardaşım Hikmət Babayevin qətli və xalam oğlu Rəci Zəkiyevin güllə vurularaq yaralanmasıdır. Bu hadisə 21 noyabr 2011-ci ildə Buzovna qəsəbəsində baş verib. Rahib Rəsulov adlı şəxs qardaşım Hikmət Babayevi vəhşicəsinə, qəddarlıqla qətlə yetirib. Xalam oğlu Raci Zəkiyev isə güllə ilə vurularaq ağır yaralanıb. Bu dəhşətli faciədən sonra qəzetinizin əməkdaşı Ramin Deko hadisəni araşdırmadan, öyrənmədən, informasiya toplamadan mərhum qardaşım Hikmət və atam barəsində ağlasığmaz iftira, şər-böhtan və yalan dolu yazılar yazıb.
Yazılarda mərhum qardaşım barəsində təhqiredici sözlər adamı dəhşətə gətirir. Ilk olaraq jurnalist izah versin ki, onu kim öyrədib ki, guya Hikmət Rahibdən 1000.000 (bir milyon) alıb verməyib?!
Atam Əmirəli Babayevə gəlincə, qeyd olunur ki, guya onun Heydər Əliyevə qarşı sui-qəsdə aidiyyəti var. Bu hal çox ciddi araşdırılmalıdır. Respublikanın ictimaiyyəti, hüquq-mühafizə orqanları yaxşı bilir ki, kimlər Heydər Əliyevə sui-qəsd etməyə cəhd edib və buna görə də həbs olunublar.
Yazılarda qeyd olunur ki, Əmirəli Babayev guya Mütəllibovçudur, lakin hər-hansı partiya, qruplaşma, dəstə üzvü olmayıb. Heç olmasa bu barədə sorğu edərdi, lap Maştağa qəsəbəsindən. Məqalədə qeyd edilir ki, guya Əmirəli Babayev Hacı Seyfəl Babayevlə birlikdə Heydər Əliyevin gəlişinə mane olması üçün camaatı hava limanına yığıbmış və guya Əjdər Xanbabayevin qətlində adı keçir. Jurnalist Maştağada sorğu aparsaydı agah olardı ki, atam uzun illərdir Hacı Seyfəllə münasibət saxlamır.
O ki qaldı Hacı Seyfəlin ömürlük həbsə məhkum olunmasına, onu bildirim ki, 1995-ci ildə ömürlük həbs cəzası mövcud deyildi. Hacı Seyfəl isə 1995-ci ildə istintaq zamanı Bakı Şəhər Baş Polis Idarəsində vəfat edib.
Əjdər Xanbabayevin qətli ilə əlaqədar isə bilməlisiniz ki, onun sifarişçisi və başçısı Hacı Seyfəl, qətlə yetirən qatil isə Tarix Quliyev olub. Tarix Quliyev ölüm cəzasına məhkum edilib, 1998-ci ildə ölüm cəzası ləğv olunandan sonra cəzası ömürlük həbslə əvəzlənib və 1999-cu ildə Qobustan həbsxanasında vəfat edib. Cinayətdə sürücü olan Tofiq Əliağa oğlu da cəzasını 7 saylı cəzaçəkmə müəssisəsində çəkib və həbsdən azad olub. Qeyd olunan ağır cinayətlərdə Əmirəli Babayevin adı hallanmayıb, ona aidiyyəti yoxdur.
Harınlamış gənclər qardaşımın başını kəsiblər
Bizim həbs olunmağımızın əsl səbəbi barədə də məlumat verirəm. Mənim mərhum kiçik qardaşım “Xəzər” universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alırdı. O, təhqirə məruz qalan qız qrup yoldaşını müdafiə etmək istəyib, amma 15-20 nəfər harınlamış gənc onu vəhşicəsinə döyüb, bıçaqla başını kəsərək qətlə yetiriblər. Cinayət işiylə əlaqədar ibtidai və məhkəmə istintaqlarının qərəzli, ədalətsiz aparıldığını görən, mərhum qardaşımın dostları Azər Nüsrətov və Ələddin Əliyev qisas almaq niyyətinə düşüblər. Törədilmiş cinayətdə mən bir böyük qardaş kimi, sürücü qismində iştirakçı olmuşam. Lakin əlimə silah almamışam, adam öldürməmişəm.
Bu işdə kimlərsə maraqlı olduğundan heç əsas olmadan, atam Əmirəli Babayev və Iqtisad Universitetinin 5-ci kurs tələbəsi olan kiçik qardaşım Mütəllim Babayev həbs edildi. Təsəvvür edin ki, əlinə silah almayan, adam öldürməyən atama və kiçik qardaşıma ağır cəza verdilər. Atam ibtidai istintaq zamanı aldığı dəhşətli işgəncələrə baxmayaraq (iki qabırğası, baş sümükləri sındırılıb), deyib: “Hər hansı cinayətdə iştirakım olmayıb, təkcə qanunsuz olaraq silah alıb əmanət qismində saxlamışam və yiyəsinə qaytarmışam”. Buna görə ölüm cəzasına məhkum olunub. Qardaşım Mütəllim isə hər hansı cinayətdən bixəbər olduğu halda, 13 il həbs cəzasına məhkum olunub. Mən və atam Əmirəli Babayev ölüm cəzasına məhkum olunduq, lakin 10.02.98-ci il qanunuyla ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildik.
Sabiq rəisi atam güllələməyib
Yazıda qeyd edilir ki, guya Əmirəli Babayev Abşeronun sabiq polis rəisi Cahangir Hüseynovu güllələyib. Cinayət işi ilə maraqlansanız görərsiniz ki, bu, böhtandır. Cahangir Hüseynovu güllələyənlər Azər Nüsrətov və Ələddin Əliyev olub. Onlar ölüm cəzasına məhkum olunub, hazırda Azər Nüsrətov “ömürlük həbs” rejimində saxlanır, amma Ələddin Əliyev 1999-cu ildə Qobustan həbsxanasında vəfat edib. Bildiririk ki, bizim heç kimnən düşmənçilik və ədavətimiz yoxdur.
Gördüyünüz kimi, jurnalist mərhum qardaşım Hikmət Babayevin ruhunu təhqir edib, ona qarşı əsası olmayan, şər-böhtan yazıb. Həmçinin atam barədə yazdıqları da əsassızdır”.
Ramin DEKO