«Həbsdən qabaq Fərhad Əliyevin kabinetindən çıxan sonucu deputat Əli Əhmədov olmuşdu»
Cəmil Həsənli: «Birinci beşliyə daxil olan şəxslərdən biri açıq dedi ki, hakimiyyətə iddialı olan bütün başları kəsməyə hazırıq»
Milli Şuranın sədri Cəmil Həsənli yeni bir təxribatla üz-üzədir. Onun qızı Günel Həsənli avtomobillə adam vurub, hadisəni gizlətməkdə ittiham olunur. Hiss olunur ki, Milli Şura sədrinə ondan qızı ilə intiqam ala biləcəkləri mesajını verirlər. Baş verənlərlə bağlı Cəmil Həsənli ilə söhbət etdik. Həmin söhbətin ardını təqdim edirik
– Səhv etmirəmsə siz o vaxt 2005-ci ilin payızında büdcə müzakirələrində də çox sərt çıxış etdiniz.
– Elədir. 2005-ci ilin payızında Məclisdə 2006-cı ilin büdcə layihəsi müzakirə ediləndə mənim hökuməti çox sərt tənqid edən çıxışım oldu. Xüsusilə korrupsiya və rüşvətxorluq, büdcə vəsaitlərinin talanması, əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşması və sair məsələlər ətrafında geniş və əsaslandırılmış bir çıxış etdim. Sonra o çıxışın bəzi epizodları sosial şəbəkələrdə də qoyuldu. Hətta bir sıra deputatlar bu çıxışdan sonra soruşdular ki, sən 2005-ci il parlament seçkilərində iştirak etməyəcəksən? Mən bildirdim ki, edəcəyəm. Dedilər onda bəs niyə belə çıxışlar edirsən? Dedim seçkidə iştiraka görə mən öz prinsiplərimdən imtina edə bilmərəm. Bu prinsip məsələsi onların heç xoşuna gəlmədi və onlar məni öz prinsiplərilə baş-başa buraxmağa üstünlük verdilər. Yaxşı yadımdadır, Zəlimxan Yaqub seçki ərəfəsində bir gün məndən bir sıra qabaqda oturan dostmuzun yanına gəlmişdi və arxayıncasına dedi ki, filankəs müəllim, Cəmil radikal çıxışlar edir, onu deyə bilmərəm, amma sən seçilsən, gələn parlamentdə səninlə oturacağam. Iş elə gətirdi ki, 2005-in noyabr seçkilərində onların heç biri seçilmədi, o filankəs isə 2006-nın may ayında keçirilən seçkilərdə parlamentə düşə bildi. Məni isə son anda Məclisə buraxdılar. Baxmayaraq ki, mənimlə YAP-ın namizədi arasında səs fərqi böyük idi, amma o fərqi minimuma endirib aramızda istənilən anda dəyişə bilən çox kövrək bir fərq saxlamışdılar.
– Səhv etmirəmsə, həmin vaxt parlament seçkilərindən bir neçə gün əvvəl keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edilmişdi?
– Hə, bu, oktyabr ayının 19-da baş vermişdi. Hələ bu həbsdən xeyli əvvəl Eynulla Fətullayev “Realnı Azerbaycan” qəzetində guya Fərhad Əliyevin dəstəyi ilə keçən namizədlərin siyahısını dərc etmişdi və mənim də adım bu siyahıda var idi. Halbuki, məlum həbsdən sonra Fərhad Əliyevin yanına gedib-gələnlərin siyahısın araşdıranda məlum olmuşdu ki, onun qəbulunda heç vaxt olmamış, tək əlin barmaqları ilə sayıla biləcək bir neçə nəfər Milli Məclis üzvündən biri də mənəm. Əlbəttə, mən bunda heç bir pis bir şey də görmürəm, Milli Məclis üzvlərinin müyəyyən problemlərlə bağlı vəzifəli şəxslərlə görüşməsi normal bir şeydir. Amma həmin araşdırmalar zamanı məlum olmuşdu ki, həbsdən qabaq Fərhad bəyin kabinetindən çıxan sonucu deputat Əli Əhmədov olmuşdur. Mən isə hələ heç indi də bilmirəm Fərhad Əliyevin kabineti neçənci mərtəbədə, binanın hansı tərəfində olurdu.
– Amma bütün hallarda Siz onun müdafiəsinə qoşuldunuz.
– Bilirsiniz, elə şeylər var ki, onu etmək lazımdır. Həyat ancaq vəzifədən, deputatlıqdan ibarət deyildir. Bir də ki, 2005-ci il seçkiləri zamanı “Azadlıq” bloku yaxşı səs toplamışdı və təxminən 75 dairədə xalqdan böyük dəstək almışdı. Təəssüf ki, total saxtakarlıq həmin seçkidə də geniş miqyas aldı və o adamların xeyli hissəsi Avropa Insan Haqları Məhkəməsində öz qələbələrini təsbit edə bildilər. Bunun ən parlaq nümunəsi Əli Kərimli, Flora xanım, Nemət Əliyev və onlarca digər tanınmış şəxslər haqqında Avropa Məhkəməsinin çıxardığı qərarlar idi. Həsən Kərimovun həmin seçki barədə şikayəti bu günlərdə təmin edilib. Görünür, bir neçə nəfərin nümunə kimi haqqını tanımağa, topladığı səsi etiraf etməyə qərar vermişdilər, bunlardan biri də mən idim. Amma istəməsəydilər buraxmazdılar, çünki, səs deputat olmaq üçün meyar deyil. Bir də bir Amerika təşkilatının bir sıra dairələrdə təşkil etdikləri ekzit-pollar var idi və mənim namizəd olduğum 18-ci dairə də onların içərisində idi. Bir tərəfdən ekzit-pol böyük üstünlüklə mənim xeyirimə idi, digər tərəfdən axşam qaranlıq düşəndən sonra ATƏT-in müşahidəçiləri bir neçə məntəqədə YAP-ın namizədi üçün topa bülletenlərin atıldığını tutmuş, bir neçə məntəqədə isə oları səslərin sayılmasını müşahidə etməyə buraxmamışdılar. Onlar da bütün bunları işin gedişində MSK və digər rəsmi orqanlara çatdırmışdılar. Görünür, bunların da müəyyən rolu olmuşdu. Amma mən Fərhad Əliyevin müdafiəsinə xeyli sonra qoşuldum və bunun da öz səbəbi var idi.
– Nəydi o səbəb?
– Bu, Elmar Hüseynovun ölümünü onun üzərinə atmaq cəhdi ilə bağlı idi. Bilirsiniz, onu Elmarın qətlinin sifarişçisi kimi təqdim etmək üçün hər şeyi hazırlamışdılar. Hacı Məmmədov məhkəmədə açıqlama vermişdi ki, məhz Fərhad Əliyevin sifarişi ilə o, Elmarı qətlə yetirib. Üstəlik, Elmarın ən yaxın adamlarını da hazırlamışdılar ki, Hacının açıqlamasını təsdiq etsinlər. Burada həm Fərhad Əliyevi gedər-gəlməzə göndərir, onun beynəlxalq aləm və ölkə ictimaiyyətindən dəstəyini kəsir, onu jurnalist qətlinin sifarişçisi kimi damğalayır, eyni zamanda Elmarın hələ bu günə qədər tapılmayan qatillərini də “tapmış” olurdular. Dövlət çevrilişi ittihamı özünü doğrultmayanda, bu istiqamətdə heç bir tutarlı dəlil ortaya qoyulmayanda, istintaqın istiqamətini Elmarın qətlinə yönəltmək istəyirdilər. Müəyyən mülahizələri nəzərə alaraq mən məhz həmin məqamda Əliyev qardaşlarının hüquqlarını müdafiə etməyi öz üzərimə götürdüm. Bilirsiniz, buna göz yummaq, biganə qalmaq olmazdı. Bundan sonra mənim üçün çox ağır və narahat bir dövr başladı. Hakimiyyətin birinci beşliyinə daxil olan şəxslərdən biri açıq dedi ki, hakimiyyətə iddialı olan bütün başları kəsməyə hazırıq. Kim bu iddiaya düşsə, ona heç bir güzəşt yoxdur. Eyni zamanda etiraf etməliyəm ki, o, səmimi şəkildə məni bu işdən çəkindirməyə çalışırdı. Mən müdafiə komitəsinin sədrliyini öz üzərimə aldığım gündən Bakının bütün mənzil istismar idarələrinə göstəriş verdilər ki, mənim və ailə üzvlərimin adına nə varsa, hamısını hazırlayıb istintaqa təqdim etsinlər. Rəsmi yaşadığım mənzil və onun zirzəmisindən başqa bir şey tapılmayanda bir yüksək vəzifəli şəxs demişdi: bizi yandıran odur ki, F.Əliyev bunun üçün heç nə etməyib, amma yaxşılıq etdiyi adamlar hamısı qaçıb gizlənib, bu sinəsini verib qabağa. Mən müdafiə komitəsinin rəhbərliyini öz üzərimə alan günün səhəri artıq xüsusi xidmət orqanlarının müşayiəti ilə gəzir, məni izləyən maşınları və adamların bəzilərini tanıyırdım.
– Bəs Elmar Hüseynovun qətli ilə bağlı iddia necə qurtardı?
– Bilirsiniz, burada maraqlı bir hadisə baş vermişdi. Hələ Fərhad Əliyevə qarşı bu iddia irəli sürülməzdən əvvəl Pənah Hüseyn Elmarın qətlinin istintaqı ilə bağlı baş prokurorluğa sorğu vermişdi. Prokurorluq həmin sorğuya çox müfəssəl cavab yazmış, hadisə yerindən götürülmüş nümunələrin ekspertizasına qədər qətlin çox mühüm təfərrüatlarını təsvir etmiş, qətli törədənlərin kimliyi, onların hansı tarixdə, hansı saatda, hətta hansı dəqiqədə hansı sərhəd məntəqəsindən Azərbaycanı tərk etmələri barədə faktları təsbit etmişdilər. Bu iddiaya qarşı tutacaq yerlər çox güclü idi. Onu yeritmək, sübuta yetirmək sadəcə olaraq açıq zorakılıq aktı idi. Prezident Əliyev həmin vaxt Avropa səfərlərinin birində mətbuat konfransı keçirərkən Elmarın qatilinin tapılması ilə bağlı sual ona verildi. O, məhz prokurorluğun deputat Pənah Hüseynə verdiyi cavabın əsas tezislərini səsləndirdi və bununla da Əliyev qardaşlarının Elmar Hüseynovun qətlinin sifarişçisi olması kimi saxta iddia öz əhəmiyyətini itirdi. Bu bizim işimizin ən mühüm nəticəsi idi və bundan sonra mənə qarşı təzyiqlər açıq müstəviyə keçməyə başladı.
– Bu nədə özünü göstərirdi?
– MTN nəzarətində olan şəbəkəni işə salmışdı. Yadınazdadırsa, bir dəstə adam “seçici” adı ilə MSK-nın köhnə binasının qarşısına gəlib mənim deputatlıqdan geri çağırılmağım tələbi ilə piket keçirmişdilər. Bu piketin əsas təşkilatçıları bir vaxtlar milli hərəkatda ən fəal iştirak etmiş, özünü vətənpərvər adamlar kimi gözə soxmuş şəbəkə üzvləri idi. Ən maraqlısı odur ki, bir vaxtlar ən mübariz cəbhəçi kimi tanınmış Təhmasib Novruzov, Ramiz Tağıyev və digərləri də mənə qarşı hazırlanan bu etirazlarda iştirak edirdilər. Halbuki, Ramiz Tağıyev Xudatda bir hadisə ilə bağlı həbs ediləndə mən onun hüquqlarının müdafiə komitəsinə başçılıq etmiş, imkanımız daxilində bütün yardımları göstərmişdik. Kütləvi şəkildə Milli Məclisə müraciətlər edilmişdi ki, mən seçicilərimlə maraqlanmıram və deputata yaraşmayan işlərlə məşğulam. Bu məktubları mənə verəndə gördüm ki, ayrı-ayrı ünvanlardan gəlsə də, məzmunları eynidir və müxtəlif ünvanlardan gələn məktublar eyni xətlə yazılıb. Sonra çoxu professor olmaqla 43 tanınmış həkim məndən prezidentə və Milli Məclisin sədrinə şikayət yazdı ki, guya mən onların həkim rəyini şübhə altına almışam. Bu sənədi MTN hazırlamışdı və onların təşkilatçılığı ilə imzalanmışdı. Hətta kimlər etmişdi, onlar da mənə bəlli idi. Çünki, xüsusi xidmət orqanları müdafiə komitəsinə bir sıra adamlar göndərmişdi və onlardan bəziləri komitəyə üzv olmaq üçün çox canfəşanlıq edirdi. Lakin az sonra onlardan biri dolayı yolla anlatdı ki, onu bura göndəriblər və biz ona görə narahat olmayaq, o, bizim üçün problem yaratmayacaq.
– Açıq və gizli hədələr olurdumu?
– Birinci dəfə 2007-ci ilin fevral ayının 25-də saat 12-yə bir neçə dəqiqə qalmış tanınmayan nömrədən telefonuma zəng gəldi. Mən həmin vaxt Xocalı faciəsi ilə bağlı Xəzər televiziyasına verilişə gedirdim və studiyanın qarşısında idim. Bu məni hədələdi ki, sən Fərhad və Rafiq Əliyevlərin müdafiəsindən çəkilməlisən və əgər çəkilməsən, səni və ailə üzvlərini məhv edəcəyik. Mən ondan kimliyini soruşdum, demədi. Dedim ki, valideynlərinin sənə qoyduğu adı deməyə qorxursan, amma məni və ailə üzvlərimi öldürməklə hədələyirsən. Telefonu bağladım və verilişdən çıxandan sonra birinci işim baş vermiş bu hadisə barədə yazılı şəkildə MTN-ə müraciət etmək oldu. Lakin onlar zəngin anonim olduğunu bəhanə edərək zəng edənin kimliyini müəyyən etmək üçün heç bir əməli tədbir görmədilər. Ola bilməzdi ki, çox müasir texnoloji avadanlıqları olan bir xidmət orqanı bu sadə faktı müəyyən edə bilməsin. Düzünü deyim, MTN-nin laqeydliyindən belə qənaətə gəldim ki, bu zəngdən onların xəbəri var…
ardı var