Avropalı deputatlar sərt suallarla ölkə başçısını çətin vəziyyətə saldı
Onun çıxışı zamanı isə azərbaycanlı fəallar və "Sərhədsiz Reportyorlar" etiraz nümayişi keçirdilər
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqədar ölkə başçısı İlham Əliyev iyunun 24-də AŞ Parlament Assambleyasında çıxış edib. Onun çıxışı zamanı zalda Azərbaycanda insan haqlarının pozulduğu, siyasi məhbusların mövcudluğu, söz və mətbuat azadlığının boğludunu ifadə edən etiraz nümayişi keçirilib. Avropada yaşayan bir qrup azərbaycanlı İlham Əliyev çıxiş etməyə başladıqdan dərhal sonra "Siyasi məhbuslara azadlıq" şüarı yazılmış uzun plakat qaldirıblar. Aksiyaçılar üzərində siyasi məhbuslarin şəkilləri olan köynəklər geyinib, ağızlarını qara lentlə bağlayıblar.
Məlumatı hazırda Strasburqda olan vətəndaş cəmiyyətinin fəalları facebook profillərində yayıblar.
İlham Əliyevin çıxışı zamanı zaldakı aksiya ilə yanaşı, AŞPA-nın qarşısında da etiraz nümayişi olub. Həmin nümayişi isə “Sərhədsiz Reportyorlar” təşkil edib.
“Sərhədsiz Reportyorlar” bununla Azərbaycanda insan haqları, o cümlədən söz və mətbuat azadlığı sahəsindəki ağır vəziyyətə diqqət çəkib.
İlham Əliyevin çıxışına gəlincə, o, Azərbaycanda iqtisadi və siyasi sahədə islahatların aparıldığını, insan haqları və əsas azadlıqların təmin olunduğunu deyib, təhsilin inkişafından, Qarabağ münaqişəsindən danışıb, dünya birliyini ikili standartlara yol verməkdə ittiham edib.
AŞPA prezidenti Ann Brasser İlham Əliyevə söz verərkən onun 2004-cü ildə Assambleyadakı çıxışını xatırladıb və deyib: “Cənab prezident, axı siz demişdiniz ki, ölkədə güclü iqtisadiyyatın olması kifayət deyil, demokratik dəyərlər, siyasi azadlıqlar və siyasi islahatlar da olmalıdır. Bu gün sizin ölkənizdə güclü iqtisadiyyat var, ancaq demokratiya sahəsində problemlər mövcuddur”.
İlham Əliyev də çıxışa Brasserə müraciətlə başlayıb: “Mən sizə minnətdaram ki, 10 il əvvəl burada, bu zalda dediyim sözləri xatırlatdınız. Mən öz sözlərimin üstündə dururam. Azərbaycan həm siyasi, həm iqtisadi islahatlar sahəsində böyük inkişaf yolu keçib. Və biz qısa müddət ərzində böyük uğurlara nail olmuşuq”.
İ.Əliyev deyib ki, Azərbaycanda demokratik Konstitusiya var, siyasi azadlıqlar, toplaşmaq azadlıqları, söz və mətbuat azadlıqları təmin olunub. Ölkədə çoxlu demokratik institutlar, QHT-lər, partiyalar, azad KİV fəaliyyət göstərir, internet azaddır. Bildirib ki, bu institutlar lazımdır və onlar hökumətə kömək edirlər. Əliyev Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin böyük hissəsinə əməl etdiyini deyib.
İ.Əliyevin sözlərinə görə, Azərbaycanın dünyada yaxşı reputasiyası var və BMT TŞ sədri postundakı missiyasını da uğurla yerinə yetirib. “Bizə inanır, bizi dəstəkləyir və bizə etimad göstərirlər. Bunun sübutu olaraq BMT TŞ-dəki iki illik fəaliyyətimizi göztərə bilərəm”, – deyə o, qeyd edib.
Ölkə başçısı bildirib ki, Azərbaycan əksər ölkələrlə bərabərhüquqlu münasibətlər qurub və regional təhlükəsizlik sisteminin formalaşmasında həlledici rol oynamağa hazırlaşır.
Əliyev çıxışını yekunlaşdırandan sonra yarım saat ərzində əksəriyyəti onun üçün xoşagəlməz olan sualları cavablandırıb. Avropa deputatları ondan siyasi məhbuslar, fəalların həbsi və sərbəst toplaşmaq azadlığının pozulması, onlarla jurnalistin həbsi və söz azadlığının pozulması haqqında soruşublar. Buna cavabda Əliyev bildirib ki, Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş jurnalist yoxdur. “Bizdə 2003-cü ildən etibarən diffamasiyaya görə həbs edilmiş jurnalist yoxdur, sizdə olan məlumatlar yanlışdır”, deyə Əliyev iddia edib.
Sonuncu prezident seçkiləri zamanı saxtalaşdırmalar haqqında sual ümumiyyətlə Əliyevi qəzəbləndirib. Bu sualı verən Britaniyalı deputatı barmaqla hədələyən Əliyev onu yalanda ittiham edib. “Siz sualınızda iki yalan söylədiniz. Birincisi, bütün müşahidəçilər təsdiq ediblər ki, seçkilər azad və ədalətli olub. Ən əsası, seçkilər xalqın iradəsini əks etdirib, pozuntu və saxtakarlıqlar isə sizin ölkənizdə var”, deyə Əliyev hiddətlə bildirib.
Məşhur hüquq müdafiəçisi Leyla Yunusun təqibinin səbəbi haqqında suala cavabda Əliyev qeyd edib ki, o, ondan müvafiq məlumat istəndikdə qaçmaq istəyib, bundan sonra onun barəsində müvafiq tədbirlər görülüb.
Vətəndaş cəmiyyətinə və siyasi rəqiblərə qarşı təzyiqlərin səbəbləri haqqında suala cavabda Əliyev deyib ki, bu sualları verənlər tarixi bilmirlər. Azərbaycanda 1992-93-cü illərdə belə vəziyyət var idi. Bundan sonra stabillik dövrü yaranıb və indiyədək davam edir.