ABŞ diplomatının məktubunda «cib müxalifəti» ifadəsi yer alıb
«WikiLeaks» hakimiyyətin korrupsiya ilə mübarizə yalanını da üzrə çıxardı
Dünyanın müxtəlif ölkələrində çalışan ABŞ diplomatlarının Vaşinqtona göndərdiyi məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yaydığı sənədlərin dərcini davam etdiririk. Növbəti məktublardan biri ABŞ-ın Azərbaycandakı səfirliyinin Hilland soyadlı əməkdaşına məxsudur. Diplomatın 2006-cı il avqustun 11-də göndərdiyi məxfi teleqramda 2005-ci il parlament seçkilərindən sonra Milli Məclisdə yer qazanmış partiyaların fəaliyyətindən bəhs olunur.
Deputatın məxfi “fraksiya siyahısı”
Asim Mollazadə
Hilland məxfi məktubunda müstəqil və müxalifətçi deputatların parlament fraksiyası yaratmaq cəhdləriylə bağlı gördüyü işlərdən yazıb. Parlamentin müstəqil və müxalifət üzvlərinin fəaliyyətindən bəhs edən məxfi teleqramda maraqlı məlumatlar əksini tapır. Diplomat yazır ki, müstəqil millət vəkili Asim Mollazadə parlamentdə fraksiya yaradılması üçün tələb olunan deputat sayının 25 nəfərdən 15-ə endirilməsinin daha məqsədəuyğun olduğunu bildirib. Səfirlik əməkdaşı qeyd edir ki, parlamentdə üstünlük hakim Yeni Azərbaycan Partiyasında olduğu üçün müxalifət və müstəqil deputatlar alternativ fikirlərin qəbuluna nail ola bilmirlər.
“Səfirlik təmsilçiləri ilə görüşən Asim Mollazadə mövcud qanunvericiliyin dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib. Mollazadənin təklif etdiyi müstəqil fraksiyanın üzvləri əsasən iş adamları və elm xadimləridir. Millət vəkili fraksiyaya daxil olacaq deputatların siyahısını səfirlik əməkdaşına təqdim edib. Siyahıda Vaqif Səmədoğlu, Azər Kərimov, Çingiz Əsədullayev, Anar Məmmədxanov, Ülvi Quliyev, Fuad Muradov, Asim Mollazadə, Azay Quliyev, Rüfət Quliyev, Azər Əmiraslanov, Rövşən Rzayev yer alıb. Mollazadə səfirlik əməkdaşlarından xahiş edib ki, bu siyahı sentyabra qədər gizli saxlanılmalıdır. Çünki bu tarixə kimi həmin siyahıya dəyişiklik və əlavələrin edilməsi gözlənilir”, – deyə Hilland məktubunda yazıb.
Nəsib Nəsibli ilə “cib müxalifəti” müzakirəsi
Nəsib Nəsibli
Amerikalı diplomat daha sonra qeyd edir ki, parlamentin müxalifətdən (Müsavat Partiyası) olan üzvü Nəsib Nəsibli səfirlik əməkdaşları ilə görüşü zamanı müxalif fraksiyanın yaradılması istiqamətində görüləcək işlərdən danışıb. Məxfi teleqramda özünü müxalifyönlü millət vəkili kimi təqdim etməyə çalışan “konstruktiv”lərin gerçək kimliyi də müzakirə mövzusu olub. Nəsib Nəsibli amerikalı diplomatların diqqətinə çatdırıb ki, millət vəkili Pənah Hüseyn Müsavat Partiyasının rəsmi üzvü olmasa da, partiya üzvlərinin Milli Məclisdə yaradacağı fraksiyaya qoşulacaq. Parlamentdə daha çox hakimiyyətə loyal münasibət bəsləyən “müxalif”lərin müzakirəsi zamanı isə Nəsib Nəsibli əlavə edib ki, qanunverici hakimiyyətin işində iştirak edən “cib müxalifəti” də öz fraksiyasını yaratmağa cəhd göstərir. Müsavatçı deputat Qüdrət Həsənquliyevi, Fazil Qəzənfəroğlunu, Aynur Camalqızını, Sabir Rüstəmxanlını və Iqbal Ağazadəni “cib müxalifət”i adlandırıb. Nəsib Nəsibli onların özlərini müxalifətçi kimi təqdim etmələrinə baxmayaraq, həmin deputatların Azərbaycan hakimiyyəti ilə sıx əlaqələrinin olduğunu söyləyib.
Asim Mollazadə Kəmaləddin Heydərovdan pul alır?
Kəmaləddin Heydərov
Hilland Vaşinqtona ünvanladığı məxfi məktubun “Bio məlumatlar” bölümündə də 2005-ci il parlament seçkilərində “qələbə” qazanmış Azərbaycan Demokratik Islahatlar Partiyasının sədri Asim Mollazadə barəsində qeydlər edir. Diplomat yazır ki, Asim Mollazadə özünü müstəqil deputat adlandırsa da, onun hakim partiya ilə sıx əlaqələrinin olduğu söylənilir. Hətta bəzi mənbələr Mollazadənin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun himayəsində olduğunu bildirirlər. Cəmiyyətdə Heydərovun Mollazadənin rəhbərlik etdiyi təşkilata maliyyə yardımları ayırdığı haqda iddialar dolaşır. Deyilənlərə görə, Kəmaləddin Heydərovun “maaş cədvəli”ndə Asim Mollazadənin adı var. Mollazadə Heydərovun yaxın çevrəsində tez-tez görünür və nazirin maraqlarına uyğun “oynayanlardan” sayılır. Səfirliyin mənbələrindən biri bildirib ki, Mollazadə israilli diplomatlarla görüşündə “beynəlxalq sionizmi və ABŞ imperializmini” dəstəklədiyini söyləyib.
“Korrupsiya Azərbaycanın vəziyyətini çətinləşdirir”
“WikiLeaks”in açıqladığı başqa bir məxfi sənədin müəllifi də Hillanddır. Diplomatın senator Luqarın Azərbaycan səfəri öncəsi Vaşinqtona göndərdiyi (14 avqust 2006-cı il) məxfi teleqramda ölkəmizdəki ictimai-siyasi durum, sosial-iqtisadi vəziyyət xarakterizə olunub.
Amerikalı diplomat yazır ki, Azərbaycanda iqtisadi artımın 36 faiz təşkil etməsi tamamilə enerji gəlirlərinin ölkəyə daxil olması hesabınadır. Hilland məktubunda Azərbaycana enerji gəlirlərinin daxil olmasını sunamiyə bənzədib. Diplomat ölkəyə daxil olan külli miqdarda maliyyənin eyni zamanda ciddi problemlər yaradacağını da qeyd edib. “Faktiki olaraq Azərbaycan külli miqdarda valyuta axınına hazır deyil. Hökumətin normal iqtisadi sistemin inkişafına dair faydalı proqramının olmaması, maliyyə sisteminin effektli idarə edilməməsi ölkəyə gələcək gəlirlərin ciddi problemlər yaradacağına olan ehtimalları artırır” deyə qeyd edən Hilland Azərbaycanın hazırkı iqtisadi sistemindəki boşluqların və ölkədə ciddi islahatların aparılmamasının “Holland sindromu”nun təkrarlanmasına gətirib çıxara biləcəyini də yazıb.
Amerikalı diplomat Azərbaycanda sosial-iqtisadi inkişafın qarşısını alan ən ciddi problem kimi korrupsiyanı qeyd edib. Hilland yazır ki, korrupsiya hallarının bütün istiqamətlər üzrə artması Azərbaycanın vəziyyətini daha da çətinləşdirir. ABŞ hökumətinin və başqa beynəlxalq maliyyə qurumlarının korrupsiyayla mübarizə sahəsində konkret təkliflərinin olduğunu yazan diplomat Azərbaycan hakimiyyətinin bu təklifləri dəyərləndirməkdən boyun qaçırdığını vurğulayıb.
“Mətbuat azadlığının vəziyyətində pisləşmə hiss olunur”
Diplomat ictimai-siyasi durumla bağlı məlumatında yazır ki, parlament islahatları və söz azadlığı Azərbaycanda demokratiyanın gələcək inkişafı baxımından əsas açar rolunu oynayır: “Son aylar ölkədə mətbuat azadlığının vəziyyətində pisləşmə hiss olunur. Iki müxalifət qəzetinin əməkdaşı fiziki hücuma məruz qalıb. Bundan başqa, ayrı-ayrı məmurlar qəzetlərə qarşı şəxsi iddia ilə çıxış ediblər və maddi təzminat ödənilməsini tələb ediblər. Bu kimi hallar azad mətbuatın susdurulmasına yönəlik addımlardır”.
Wiki-Arxiv:
“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də
İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?
Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb
Əliyev Türkiyəyə yalançı və satqın deyib
İqtidardaxili savaşın şok detalları
XİN əməkdaşları İlham Əliyevi satıb
Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib
“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”
Əliyev Kramerlə nəyə görə savaşıb?
Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb
Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib
«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar
Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?
İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib
“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər
İlham Əliyevin sərvəti kimin adınadır?