“WikiLeaks” hakimiyyətin daha bir neçə sirrini faş etdi
Ziya Məmmədovla Cavid Qurbanov 17 milyona çəkdikləri yolu 5 milyona çəkmək təklifini rədd ediblər
Səməd Seyidov isə Azərbaycan adından ABŞ-a İran məsələsindədəstək vəd edib
ABŞ diplomatlarına aid gizli teleqramları açıqlayan “WikiLeaks” saytında yer alan Azərbaycanla bağlı çoxsaylı sənədlərdən növbətilərini dərc edirik.
Sənədlərdən daha biri ABŞ-ın ölkəmizdəki səfiri olmuş Enn Dersinin 22 fevral 2008-ci ildə Vaşinqtona göndərdiyi məktubdur. Dersi teleqramında müdafiə naziri Səfər Əbiyevin Irana planlaşdırılan səfəri, keçirəcəyi görüşlər və aparacağı danışıqlardan bəhs edir. 2008-ci il fevralın 18-i və 19-da Iranda olan Əbiyev səfər öncəsi ABŞ səfiri Enn Dersi ilə görüşüb.
Səfər Əbiyev Irana səfərindən öncə Enn Dersi ilə nələrdən danışıb?
Enn Dersi məxfi teleqramında yazır: “Müdafiə naziri Səfər Əbiyev 2004-cü ildən sonra ilk dəfə bu il 18-19 fevral tarixində Irana səfər edib. Nazir səfərdən öncə fevralın 12-də səfirlə görüşüb. Əbiyev Iranda keçirəcəyi görüşlər, aparacağı danışıqlar barədə məlumat verib. Səfir müzakirə olunacaq mövzularla bağlı ətraflı məlumat almaq istəyəndə Əbiyev gülmsəyərək və utana-utana Iranın Ermənistana verdiyi dəstəklə və başqa məsələlərlə bağlı müzakirələr aparılacağını bildirib. Nazir müzakirə olunacaq mövzulardan birinin də Iran Inqilabı Keşikçiləri Korpusuna casusluq etməkdə ittiham edilən ”Mehdi Ordusu” qrupunun üzvlərinin işi ilə bağlı olduğunu söyləyib. Əbiyev səfirin diqqətinə çatdırıb ki, həmin qrupun üzvləri Azərbaycana qarşı fəaliyyət göstəriblər. Səfir ABŞ-ın Iranla bağlı mövqeyini Səfər Əbiyevin diqqətinə çatdırıb. Səfir qeyd edib ki, Iranın nüvə proqramı, terrorçu qruplara dəstəyini ABŞ hökuməti diqqətlə izləyir”.
Müdafiə naziri: “Iran Azərbaycanın müstəqilliyinə qarşı olub”
Amerikalı səfir öz məktubunda onu da vurğulayır ki, Azərbaycan-Iran münasibətlərindən daha geniş danışan Əbiyev Iranın Azərbaycanın müstəqilliyinə qarşı olduğunu və Iranda yaşayan etnik azərbaycanlılara qərəzli mövqe sərgilədiyini bildirib: “Nazir 2002-ci ildə Xəzər dənizində bp və Iran arasında yaranmış insidentə istinad edərək mübahisəli ərazidə Irana aid kiçik gəmilərin sayının artmasından ciddi narahatlıq keçirdiyini də söyləyib. O, Xəzər dənizində Iranın fəaliyyətinin xarici şirkətlərə qarşı təzyiq göstərməkdən ibarət olduğuna inandığını bildirib. Nazir həmçinin Irandan Azərbaycana qarşı təxribatın hər an gözləndiyini sözlərinə əlavə edib”.
Səməd Seyidovun Rusiya nostalgiyası
Enn Dersi 2007-ci il martın 15-də yazdığı məxfi teleqramda isə Milli Məclisin üzvü və beynəlxalq əlaqələr komitəsinin rəhbəri Səməd Seyidovla keçirdiyi görüşün təfərrüatlarını qeyd edib. Diplomat görüş zamanı Səməd Seyidovun Azərbaycan-Rusiya əlaqələrindən söhbət açaraq keçmiş sovetlər tarixiylə bağlı nostalji xatirələrdən danışdığını yazıb. Dersi qeyd edir ki, Seyidov uzun illər Azərbaycanın Rusiya ilə bir dövlət tərkibində yaşamasına baxmayaraq, siyasətin fərqli olduğunu söyləyib. Seyidov Rusiyanın Qazaxıstan və Türkmənistanda güclü təsirinin olduğunu deyib və Azərbaycanın bu ölkələrlə münasibətlərinə ciddi problemlər yaratmasından şikayətlənib. Deputat səfirə söyləyib ki, Azərbaycan və Gürcüstanın Avroatlantik məkana inteqrasiya etməli olduğunu anlayır. Səməd Seyidov deyib ki, Rusiya “parçala və hökm sür” siyasətini davam etdirməklə regionda öz varlığını isbatlamağa çalışır.
Deputat Iran məsələsində ABŞ-a dəstək vəd edib
Iranla münasibətlərə gəlincə, Seyidov bildirib ki, Azərbaycanın dəstəyə ehtiyacı var. Onun sözlərinə görə, Iran başqda dövlətlərdən daha qəlizdir və məhz bunun üçün də Bakı Tehranla normal münasibətlər qurmalıdır. Seyidov Iran məsələsində Azərbaycanın ABŞ və onun müttəfiqlərinə yardım etməyə hazır olduğunu da səfirin diqqətinə çatdırıb. Seyidov Iranın beynəlxalq hüquqa məhəl qoymadığını və Tehranın bu anlayışı tanımadığını söyləyib.
Səməd Seyidov “köhnə qvardiya” ilə üz-üzə
Səfir məktubunda qeyd edir ki, Səməd Seyidov Azərbaycan parlamentinin ən fəal üzvlərindən biridir. Onun ölkə başçısı Ilham Əliyevə yaxın olduğu söylənilir. Hətta bəzi xəbərlərdə Seyidovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə münaqişə vəziyyətində olduğunu və zaman-zaman aralarında maraqlar toqquşması yaşandığını deyib. Təhsil sistemində köklü islahatların aparılmasıyla bağlı uzun müddət davam edən müzakirələr zamanı isə Seyidov hakim partiyanın yüksək vəzifəliləri, o cümlədən “köhnə qvardiya”nın üzvü, ölkə başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevə qarşı mövqedə dayanıb. Səfirlik hesab edir ki, Səməd Seyidov hakim partiyanın aparıcı fiqurlarından biridir və daha çox islahatçı imici ilə tanınır.
Əliyev Iranı regionda sabitliyə təhlükə adlandırıb
WikiLeaks-in açıqladığı başqa bir məxfi məktub isə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Luya məxsudur. Diplomat 2008-ci il 15 yanvar tarixli gizli teleqramında Azərbaycan rəhbəri Ilham Əliyevin ABŞ Konqresinin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı aparılan danışıqlardan bəhs edir. Diplomat qeyd edir ki, Konqres təmsilçilərindən biri Şüsterlə Ilham Əliyevin görüşü zamanı ABŞ-Azərbaycan strateji təfərdaşlığının möhkəmləndirilməsi, enerji, Iran, Azərbaycanın regionda mövqelərinin gücləndirilməsi və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əlyevin həbsi məsələsi geniş müzakirə olunub: “Əliyev Şusterlə görüşdə Azərbaycanın mövqelərinin güclənməsinin Qərbin maraqlarına uyğun olduğunu söyləyib. Regional problemlərin müzakirəsi zamanı Ilham Əliyev Dağlıq Qarabaş münaqişəsinə və Iranın nüvə proqramına toxunub. O, bu və digər problemlərin regionda sabitliyə ciddi maneələr yaratdığını diqqətə çatdırıb”.
Fərhad Əliyev qərbmeylli, yoxsa iranmeylli olub?
Donald Lu daha sonra yazır ki, Əliyev-Şuster görüşündə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsi və onun hüquqlarını Azərbaycan hökumətinin məhdudlaşdırması da müzakirə olunub: “Konqres nümayəndəsi Fərhad Əliyevin həbsdə saxlanmasına toxunaraq onunla humanist davranılması və hüquqlarının bərpası ilə bağlı ABŞ Konqresinin bəyannaməsi olduğunu söyləyib. Şuster bildirib ki, Azərbaycan hökuməti bəyannaməyə uyğun olaraq Fərhad Əliyevin humanitar hüquqlarının qorunmasıyla bağlı müsbət addımlar ata bilərdi. Ilham Əliyev isə amerikalı qonağın diqqətinə çatdırıb ki, Fərhad Əliyev həbsdə saxlandığı müddət ərzində hər hansı qeyri-insani rəftarla qarşılaşmayıb. Onunla qanunlar çərçivəsində və hüquqlarının qorunması əsasında davranıblar. Azərbaycan rəhbəri Fərhad Əliyevə digər dustaqlarla davranıldığı kimi münasibət göstərildiyini və ona başqalarından fərq qoyulmadığını söyləyib. Ilham Əliyev eks nazirin ölkənin ən korrupsioner və ən varlı şəxslərindən biri olduğunu da Şusterə bildirib. Əliyev əlavə edib ki, keçmiş nazirin Avropa və ABŞ-ın yüksək dairələriylə əlaqələri olub. Ilham Əliyev Fərhad Əiyevin qərbmeyli islahatçı imicinə toxunaraq bildirib ki, eks nazirin Iranın yüksək vəzifəli rəsmiləri ilə də sıx əlaqələri olub. Fərhad Əliyev Qərbdən çox Irana yaxın olub”.
6 milyonluq yola 17 milyon
Açıqlanan digər məxfi məktubda isə Almaniyanın “Bechtel” şirkətinin vitse-prezidenti Çarlz Redmanın Azərbaycana işgüzar səfəri, onun Ilham Əliyevlə və nəqliyyat naziri Ziya Məmmədovla apardığı danışıqlardan bəhs edilir. ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersi 2007-ci il 6 aprel tarixli teleqramında yazır ki, martın 29-da onunla görüşən Çarlz Redman Ilham Əliyev və nəqliyyat naziri Ziya Məmmədovla aparılan danışıqlar barədə məlumat verib. Redman bildirib ki, Ilham Əliyev “Bechtel” şirkətinin Azərbaycanda fəaliyyətini genişləndirməsinin tərəfdarı olduğunu söyləyib. Azərbaycan rəhbəri şirkətin bu ölkədə layihələrə cəlb olunması məsələsini dəstəklədiyini vitse-prezidentin diqqətinə çatdırıb.
Nəqliyyat naziri Ziya Məmmədovla görüşündən danışan “Bechtel”in vitse-prezidenti bildirib ki, nazir şirkətin nəqliyyat infrastrukturuna cəlb edilməsi istiqamətində araşdırmalar aparılmalı olduğunu söyləyib. Redman isə bir müddət sonra şirkət təmsilçilərinin yenidən Azərbaycana səfər edərək təkliflərini irəli sürəcəyini nazirə bildirib. Görüşdə iştirak edən “Azəryolservis”in prezidenti Cavid Qurbanov Redmandan yol infrasturkturuna xərcələnən maliyyənin təxmini həcmini soruşub. Şirkət rəhbəri isə hər kilometrə təxminən 5-6 milyon dollar xərcələnə biləcəyini söyləyib. Məmmədov və Qurbanov bu rəqəmin baha olduğuna işarə ediblər (Qeyd: Söhbət Bakı-Aeroport yolundan gedir. Azərbaycan hökuməti sonradan bu yolunun hər klometrinə 17 milyon manat xərcələndiyini açıqladı).
Siyasət şöbəsi
“WikiLeaks” ARXİVİ:
Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb
Əliyev Türkiyəyə yalançı və satqın deyib
İqtidardaxili savaşın şok detalları
XİN əməkdaşları İlham Əliyevi satıb
Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib
“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”
Əliyev Kramerlə nəyə görə savaşıb?
Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb
Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib
«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar
Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?
İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib
“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər
İlham Əliyevin sərvəti kimin adınadır?