Azərbaycanın böyük ziyalısı
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən olan Həmid bəy Şahtaxtinskinin adı XX əsr Azərbaycan dövlətçiliyi və təhsili tarixində şərəfli yerlərdən birini tutur. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş Milli Şuranın üzvü olan Həmid bəy Istiqlal Bəyannaməsinin qəbuluna səs vermiş, 1918-ci il dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan Parlamentinin üzvü kimi milli dövlətçilik tarixinə imza atmış böyük tarixi şəxsiyyətlərdən biridir.
Dövrünün tanınmış siyasi və ictimai xadimi Həmid bəy Xəlil oğlu Şahtaxtinski 1880-ci il martın 12-də Azərbaycanın Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub. O, Naxçıvanda mollaxanada, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. Irəvan müəllimlər seminariyasını (1899) bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. Irəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur.
Ali təhsil almaq arzusu ilə Odessaya gedən Həmid bəy Şahtaxtinski, oradakı Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olub. Təhsil illərində həmin universitetdə azərbaycanlı tələbələrin yaratdığı “Azərbaycan Həmyerliləri” təşkilatının (xatırladaq ki, vaxtilə bu təşkilatda Nəsib bəy Yusifbəyli, Nəriman Nərimanov, Xosrov bəy Sultanov və başqaları fəaliyyət göstəriblər) rəhbərlərindən biri kimi siyasi fəaliyyətə başlayıb. 1912-ci ildə həmin universitetin hüquq fakültəsini bitirən Həmid bəy Gəncəyə gəlib, şəhərin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edib.
1914-cü ildə Gəncə quberniyasının xalq məktəbləri inspektoru vəzifəsinə təyin edilən Həmid bəy maarifçiliklə yanaşı, Gəncə şəhər dairə məhkəməsində andlı müvəkkilin yardımçısı (müavini) vəzifəsində vəkilliklə də məşğul olub. O, 1916-cı ildə Bakıya köçərək, şəhər dairə məhkəməsində eyni vəzifədə vəkillik fəaliyyətini davam etdirib.
O, 1917-ci ildən “Ittihad” partiyasının üzvü, Cənubi Qafqaz Təhsil Idarəsi üzrə komissar idi. Şahtaxtinski, həmçinin Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinələrin də maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur.
Təhsil və maarif fədaisi
O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyuk əmək sərf etmişdir. Şahtaxtinski tədrisi Azərbaycan dilində apara bilən təcrübəli müəllim kadrlarının hazırlanması üzrə 1918-ci il sentyabrın 9-dan etibarən açılmış kursların rəhbəri olmuşdur. Belə kurslar Nuxa və Zaqatalada açılmış, gələcəkdə isə Şuşa şəhərində açılması da nəzərdə tutulmuşdur.
Bakı Dövlət Universitetinin yaradılmasında F.X.Xoyski, M.Ə.Rəsulzadə, N.Yusifbəyli, R.Kaplanov, S.M.Qəniyev, H.Ağayevlə yanaşı, H.Şahtaxtinski və onlarca digər tanınmış şəxslərin böyük rolu olmuşdur.
H.Şahtaxtinski Azərbaycan Respublikasında sovet hakimiyyəti qurulduqdan sonra da pedaqoji fəaliyyətini davam etdirmişdir.
H.Şahtaxtinski Bakı Dövlət Universitetində dərs deyən ilk azərbaycanlı kadrlardan və ana dilində ilk mülahizə oxuyan müəllimlərdən biri kimi fəaliyyət göstərmişdir.
Şahtaxtinski Bakı Dövlət Universitetində müəllim, prorektor (1919-25), həmçinin Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb Institutunda (1930-1940) işləmişdir (1929-cu ildən professor).
O, Azərbaycanın maarif sisteminə rəhbərlik edənlərdən biri kimi təhsil müəssisələrinin milliləşdirilməsinə, ölkənin şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyük əmək sərf etmişdir. Azərbaycanın ümumtəhsil məktəbləri üçün milli dərsliklərin hazırlanması, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə hökumət komissiyalarının sədri olmuş Həmid bəy yeni Azərbaycan Əlifbası üzrə Dövlət Komissiyasının üzvü kimi də təhsil quruculuğu və əlifba islahatları işinə əvəzsiz töhfələr vermişdir.
Məktəb islahatı sahəsində məsələləri müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsədilə Nazirlər Şurasının qərarı ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin III qurultayına maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski rəhbərlik etmiş, qurultayda geniş nitq söyləmişdir.
Bakı Dövlət Universitetinin müəllimi
Xüsusi olaraq qeyd edirik ki, H.Şahtaxtinskinin sədrliyi ilə keçirilmiş həmin qurultay müstəqillik dövründə Azərbaycanın müəllim və pedaqoqlarının çağırılmış ilk qurultayı idi. Bu qurultayda müzakirə edilən məsələlər və qəbul edilmiş qərarlar, habelə məktəb-tədris və təlim-tərbiyə işinin müxtəlif sahələri üzrə irəli sürülmüş elmi-pedaqoji ideyalar və təkliflər öz müstəqilliyini yenicə əldə etmiş Resublikada aparılan yeni məktəb quruculuğu işində son dərəcə əhəmiyyətli olmaqla yanaşı, sonrakı dövrlərdə də təhsil işçilərinin: direktor, müfəttiş və müəllimlərin fəaliyyət proqramına çevrilmişdir. Qurultayın qərarını əsas tutan Xalq Maarif Nazirliyi həmin qərarların bir çoxunun həyata keçirilməsi məqsədilə sonralar Hökumət və Parlament qarşısında məsələ qaldırmış, müvafiq qərar və qanunların qəbul edilməsinə nail olmuşdur.
Qurultayın Xalq Maarifi Nazirliyinə təqdim etdiyi təkliflər əsasında məktəb islahatı, o cümlədən ümumi təhsilin məzmunca milliləşdirilməsini nəzərdə tutan proqram və dərslik islahatı üzrə Dövlət
Proqramı hazırlamaq məqsədilə 1919-cu il noyabrın 7-də Xalq Maarifi Nazirliyi yanında Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə Hökumət Komissiyası yaradılmışdır.
Həmin Komissiya yeni məzmunlu milli dərsliklərin hazırlanması işinə böyük töhfələr versə də, 28 aprel işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən həmin islahat proqramını axıradək reallaşdırmaq mümkün olmamışdır.
Məlum olduğu kimi, Azərbaycan tarixində Şahtaxtinski soyadını daşıyan ziyalıların özünəməxsus yeri və böyük xidmətləri vardır. Bu məşhur nəslin nümayəndələri görkəmli dövlət xadimi, ictimaiyyətçi, diplomat, hərbçi, həkim, müəllim kimi və digər sahələrdə doğma xalqa hər zaman layiqincə xidmət ediblər. Onlardan Isa Sultan Şahtaxtinski, Məhəmmədağa Şahtaxtlı, Əbülfət Şahtaxtinski, Leyla xanım Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Behbud bəy Şahtaxtinski, Həbibulla bəy Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya, Toğrul Şahtaxtinski, Məhəmməd Şahtaxtinski və Aleksis Şahtaxtinski nəinki Azərbaycanda, eləcə də dünyada xalqımızı layiqincə təmsil edərək, öz dövrlərinin nüfuzlu simalarından olublar.
Həmid bəy də əslən Şahtaxtı kəndindən olan xalası qızı Səkinə xanımla evlənib, bu izdivacdan 4 qız övladı (Məsmə, Leyla, Aliyə və Səidə) dünyaya göz açıb. Onların hamısı yüksək təhsil alıb və Bakıda yaşayıblar. Hazırda Leyla xanımın qızı, Səkinə xanımın isə oğlu Bakıda yaşayırlar.
Repressiyaya məruz qalan Şahtaxtinski 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində dünyasını dəyişib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir