«Yad dildə»nin qələbəsindən sonra hakimiyyətyönlülər jüridən istefa verdi
“Azadlıq” qəzetinin yazarı Pərviz Cəbrayıl Milli Kitab Mükafatının (MKM) builki qalibi oldu. 17 nəfərlik münsif heyətindən ən çox səsi “Yad dildə” romanı qazanıb. Ikinci yeri Məqsəd Nur (“Şəhər meri” romanı), üçüncü yerin sahibləri isə Natiq Rəsulzadə (“Xunxarlar” romanı) və Nəriman Əbdürrəhmanlı (“Yolsuz” romanı) qazanıblar.
ABŞ səfirliyinin dəstəyi ilə keçirilən Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi nominasiyasında isə tərcüməçi Kamran Nəzirli qalib gəlib. K.Nəzirli tanınmış Amerika ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan oxucusuna az tanış olan Herman Mervillin irihəcmli “Mobi Dik və ya Ağ kit” romanını çevirib. Qalibə səfirlikdən 1000 dollar həcmində mükafat verilib.
Pərviz Cəbrayıl həm də müsabiqənin saytında oxucular arasında keçirilən səsvermədə (58373 səslə, ikinci yerin sahibi Məqsəd Nurdan 16 min səs irəlidə idi) də birinci olduğu üçün mükafatlandırılıb. Elə çoxlarını da bu üzdü. Çünki qalibin kimliyi açıqlanmazdan öncə bir neçə münsif “Yad dildə”nin qalib ola bilməyəcəyini deyirdi. Fikirlərini belə izah edirdilər ki, internet səsvermədə Pərviz qalib olmaqla “oyundan” kənarlaşdırılacaq. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Pərvizə qarşı kampaniyada xüsusi fəallığı ilə seçilirdi. Hətta yeganə jüri idi ki, finala hələ bir neçə gün qalmış kimlərə səs verdiyini açıqlamışdı (Halbuki o MKM-in birinci müsabiqəsində, ötən il “Mediaforum” saytına bunları demişdi: “10-luğa düşən əsərlərin əksəriyyətini əvvəlcədən oxumuşdum. Ancaq mövqeyimi açıqlamadım ki, digər münsiflərdə bəri başdan hansısa fikir formalaşmasın). Bununla da kimlərəsə mesaj göndərmişdi. Ancaq münsiflər heyətinin üzvü professor Rafiq Əliyev Pərvizi tribunaya səsləyəndə hər şeyin öz axarı ilə getmədiyinə də şahid olduq.
“Mən çox ümidsiz idim. Amma görünür, ümid etmək və inanmaq lazımdır” – bunu qalib kürsüyə çıxan zaman dedi.
Çox sevinən, hətta kövrəldiyi də hiss edilən yazar romanına dəyər verildiyi üçün münsiflərə təşəkkür etdi. Bunu qəbul etməyən Rəşad Məcid özünəməxsus tərzdə zalı tərk etdi. Az sonra məlum oldu ki, o, münsiflər heyətindən istefa verib. Bir neçə dəqiqə keçəndən sonra o, mətbuata açıqlama verdi ki, onunla yanaşı Çingiz Abdullayev də istefa verib. R.Məcid deputat Rəbiyyət Aslanovanın da istefa verəcəyinə əmin olduğunu söyləyib. Ancaq gün ərzində adları çəkilən şəxslər istefa verib-verməmələri barədə heç bir söz demədilər.
Müsabiqənin təşkilatçısı Nigar Köçərli isə sözügedən münsiflərin belə addım atması haqda məlumatlı olmadığını, onların bunu etməsinə inanmadığını bildirib.
Qeyd edək ki, MKM-in sponsorları – “Bakcell” şirkəti və “Unibank”dır.
Mükafatın təsisçisi “Əli və Nino” Nəşriyyat Evidir. Ötən il mükafatı Elxan Qaraqan “A” romanına görə almışdı.
Ramin DEKO