Qurumun baş katibi insan haqları sahəsində Azərbaycanın tutduğu mövqeyi dəyişməyə çağırıb
Avropa Şurasının baş katibi Thorborn Yagland Azərbaycanda Avropa Şurası standartlarına riayət olunmasıyla bağlı Ilham Əliyevə məktub yazıb. Məktubda Yagland Azərbaycanda plüralizm, ifadə və birləşmə azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib.
Martın 11-12-də Bakıda keçirilmiş aksiyalara toxunan baş katib toplaşma azadlığı ilə bağlı Azərbaycanın tutduğu mövqeyi dəyişməyə çağırıb. O, Azərbaycan hakimiyyətinin Insan Haqları üzrə Avropa Məhkəməsinin qərarını hələ də yerinə yetirməməsindən, jurnalist Eynulla Fətullayevin həbsinə son qoyulması üçün bütün imkanları nəzərdən keçirməməsindən təəssüfləndiyini bildirib.
Baş katib insan hüquqları və əsas azadlıqların təminatı sahəsindəki qanunvericiliyin, inzibati və məhkəmə təcrübəsinin Avropa Şurası səviyyəsinə çatdırılması üçün Azərbaycan hökumətinə öz köməyini bir daha təklif edib.
Yagland Bakıya səfər edib bu məsələləri Ilham Əliyev və onun administrasiyası ilə müzakirə etmək arzusunu da bildirib.