Tanınmış ekspertlər iqtidarın korrupsiyaya qarşı mübarizəsinə qiymət verdilər
İbrahim Ibrahimli: “Dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparılsa, rejim çökə bilər”
Nemət Əliyev: “Hakimiyyət korrupsiyaya iqtidarda qalmağın hərəkətverici qüvvəsi kimi yanaşır”
Erkin Qədirli: “Korrupsiyaya qarşı effektli mübarizə üçün sistem dəyişikliklərinə gedilməlidir”
“Azadlıq”ın budəfəki dəyirmi masasının mövzusu Azərbaycanda tüğyan edən korrupsiya və ona qarşı hakimiyyətin elan etdiyi mübarizə şousudur. Qonaqlarımız isə tanınmış siyasətçı İbrahim İbrahimli, iqtisadçı Nemət Əliyev və “ReAl”ın həmsədri Erkin Qədirlidir. Korrupsiyaya həsr olunmuş dəyirmi masa qonaqların bu mövzu ətrafında daha çox polemikası şəraitində keçdi. Ilk olaraq qoyulan mövzu ilə bağlı fikirlərini Ibrahim Ibrahimli bölüşdü:
Korrupsiyanın tarixi Heydər Əliyevlə bağlıdır
İ.İbrahimli:
– Azərbaycanda iki səviyyədə korrupsiya var. Birinci dövlət səviyyəsində, ikinci isə məişət səviyyəsində olan korrupsiyadır. Dövlət səviyyəsindəki korrupsiya milyonlardan başlayır, milyardlarla, məişət səviyyəsindəki korrupsiya isə manatdan başlayaraq milyonlarla ölçülür. Bu məsələyə bir qədər geniş yanaşsaq, görərik ki, Azərbaycan hakimiyyəti dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparmır. Azərbaycan hakimiyyəti yalnız məişət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparır. Dövlət səviyyəsində olan korrupsiyanın tarixi birbaşa Heydər Əliyevlə bağlıdır. Ilham Əliyev isə Heydər Əliyevin əsasını qoyduğu korrupsiyanı təkmilləşdirib. 1993-cü ildən bu günə qədər korrupsiya sadədən mürəkkəbə doğru bir təkmilləşmə prosesi keçib. Heydər Əliyev öz siyasi hakimiyyətini möhkəmləndirəndə regional faktora istinad edirdi. Bu zaman o, kadr dəyişikliyindən başladı. Ayaz Mütəllibov və Elçibəy hakimiyyətindən qalma bütün kadrlar dəyişdirildi. Hər dəyişdirilən kadrın isə öz qiyməti var idi. O zaman hətta Heydər Əliyev korrupsiyanın mərkəzləşdirilmiş sistemini də yaratdı. Söhbət Müdafiə Fondundan gedir. Vəzifəyə daxil olan adam vəzifənin pulunu həmin Müdafiə Fonduna keçirirdi. Bundan sonra 1996-97-ci illərdə özəlləşmə prosesi başladı. Özəlləşmə ilə bağlı korrupsiya geniş şəkildə miqyas aldı. Təbii, bu korrupsiyanı dövlət səviyyəsində korrupsiyaya keçid kimi qəbul etmək lazım idi. Həmin dövrdə Azərbaycanda daşınmaz əmlakın dəyərinin 4 milyard olduğunu deyirdilər, halbuki bu göstərici 20-30 milyard arasında idi. Nəticədə Azərbaycanda mövcud olan daşınmaz əmlak dəyər-dəyməzinə özəlləşdirildi. Üçüncü mərhələ neft gəlirləri ilə bağlı başlayan korrupsiya idi. Burada korrupsiya yeni səviyyəyə qədəm qoydu. Bu təkmilləşmə birbaşa Ilham Əliyevin adı ilə bağlı idi və o, bu korrupsiya piramidasının başında dayanırdı.
Tikinti bumu çirkli pulların yuyulma mexanizmi idi
Korrupsiyanın milyardlarla ölçülməsi 2005-ci ildən başladı. Bu zaman isə korrupsiya ilə əldə olunmuş çirkli pulların yuyulmasına ehtiyac var idi. Məhz həmin dövrdə geniş miqyas alan tikinti bumu korrupsiya ilə əldə olunan pulların yuyulma mexanizminə çevrildi. Hətta Irandan, Türkiyədən, Pakistandan, bəzi məlumatlara görə Bərzaninin pulu burada leqallaşdırılmağa yönəlmişdi. Daha sonra isə çirkli kapital ölkədə yeni yaranan banklara yönəldi. WikiLeaks saytında da Azərbaycanda çirkli pulların məhz banklarda saxlandığı vurğulanmışdı. Dövlət səviyyəsində korrupsiyalaşmada, mülkiyyətin bölüşdürülməsində bu dövr ərzində yeni bir qrup da meydana gəlmişdi. Bu qrup Paşayevlər idi. Paşayevlərin meydana çıxması, mülkiyyət uğrunda mübarizəyə qoşulması hakimiyyətdaxili qruplar arasında ciddi çarpışmaların baş verməsinə gətirib çıxardı. Paşayevlər Heydər Əliyevin dövründə mərkəzləşdirilən korrupsiyanın əsas nöqtəsini dəyişdi. Nəticədə Heydər Əliyev Fondu meydana gəldi və kapital birbaşa bura axmağa başladı. Məhz bu üzdən fondun bugünkü fəaliyyətində heç bir şəffaflıq yoxdur. Bütün bunlar onu göstərir ki, hakimiyyət dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparmır. Iqtidar məişət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparır. Icra başçılarının yerinin dəyişdirilməsi, kiçik məmurların işdən uzaqlaşdırılması görüntüdür. Bunun fəsadları özünü göstərəcək, məsələn, Gəncənin icra başçısı Eldar Əzizovu Sumqayıta gətirəndən sonra məlum oldu ki, o, sonuncu gün 42 sərəncam imzalayıb. Bu sərəncamların hamısı isə torpaq satışı ilə bağlı olub. Korrupsiya hakimiyyətin qan damarıdır, nəfəs borusudur. Hakimiyyət kriminallaşmış maliyyə oliqarxlarının çiynində dayanıb. Dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparılsa, rejim çökə bilər. Dövlət başçısının korrupsiyaya qarşı mübarizə ilə bağlı imzaladığı sərəncamda bir məqam da var ki, Nazirlər Kabineti gəlir bəyannaməsi ilə bağlı texniki sənədləri hazırlamalıdır. Hələ indiyə qədər bu addım atılmayıb. Bu da Ilham Əliyevlə bağlıdır. Əgər Ilham Əliyev prezidentliyə namizədliyini verəndə öz gəlirləri ilə bağlı bəyannaməni təqdim etmirsə, nazirlər də bunu etməyəcəklər.
Hakimiyyət yalnız korrupsiya ilə iqtidarı əlində saxlayır
N.Əliyev:
– Doğrudan da son zamanlar korrupsiyaya qarşı mübarizə adı altında bir kampaniya həyata keçirilir. Bir neçə yerdə səkkizinci, onuncu dərəcəli məmurları tutub, daha sonra isə azad etməklə belə bir xof yaradıblar ki, hakimiyyət korrupsiyaya qarşı mübarizəyə başlayıb. Hələ bir müddət əvvəl dövlət səhiyyə obyektlərində tibbi xidmətin pulsuz olması ilə bağlı bir kampaniya aparılırdı. Amma ötən müddət ərzində məlum oldu ki, bu da kampaniyadan başqa bir şey deyildi. Insanların gözünə kül üfürmək mümkün deyil. Insanların gözü tərəzidir. Hakimiyyət korrupsiyaya iqtidarda qalmağın hərəkətverici qüvvəsi kimi yanaşır. Hakimiyyət korrupsiyaya, inhisara, haqsız rəqabətə rəvac verməklə dövlət qulluğunda işləmiş insanları bəlli bir çevrənin iradəsindən asılı vəziyyətə gətirirlər. Bu nədən irəli gəlir? Beynəlxalq ictimaiyyət də bunun fərqindədir ki, Azərbaycanda siyasi hakimiyyət zəbt olunub. Belə bir məqamda əgər xalqın iradəsi ilə hakimiyyətdə təmsil olunmursa, insanları necə idarə edə bilərsən? Burada çox asan feodal bir üsul var. Korrupsiya ilə insanları təzyiq altına alaraq onları özünçün işlədirsən. Bu, səhv yoldur. Hakimiyyət xalqa qulluq yolunu seçsə, daha yaxşı olar. 2005-ci ildə Korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun qəbul olunsa da, heç nə dəyişməyib. Necə olur ki, ötən beş il müddətində korrupsiyaya qarşı mübarizə komitəsi olduğu halda məhz indi bu bəlaya qarşı mübarizə yada düşür. Bu, təsadüfi deyil. Bu, Şərq ölkələrində baş verən proseslərlə bağlıdır. Bu onun görsənişidir ki, Azərbaycan hakimiyyəti xalqların ayağa qalxaraq istibdad rejimlərini devirməsindən narahat olub.
Korrupsiyanın iqtisadiyyata vurduğu ziyan misilsizdir
Korrupsiya Azərbaycanın sosial həyatını zəhərləməklə ölkə iqtisadiyyatına ciddi zərbələr vurur. Adi energetika sektorundan bir nümunə gətirmək istəyirəm. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2005-ci ildə əhali 13 milyard kilovatt saat enerji istifadə edib. Enerji daşıyıcılarının qiyməti qaldırılarkən bildirdim ki, bu rəqəm ən yaxşı halda 4 milyard kilovatt saat ola bilər. Çünki 90-cı ildə əhalinin elektrik enerjisindən istifadəsi ildə 1 milyard kilovatt saat olub. 2005-in statistikasına inansaq, 1 milyard göstərici 13 milyard olsa da, yenə də regionlarda əhali işığı fasilələrlə alır. 2009-cu ildə Dövlət Statistika Komitəsinin açıqladığı daha bir məqam da marağa səbəb olur. Bu zaman elan olundu ki, 2009-cu ildə əhalinin elektrik enerjisindən istifadəsi illik 5.7 milyard kilovatt saat olub. Necə olur ki, əhali 2005-ci ildə 13, 2009-cu ildə isə 5.7 milyard kilovatt saat enerji istifadə edir. Buna səbəb həmin dövrdə əhaliyə, kommersiya və istehsalat müəssisələrinə satılan enerjinin ayrı-ayrı qiymətə olmasında idi. Korrupsiya yolu ilə kommersiya müəssisələrinin işlətdiyi enerjinin böyük hissəsi əhalinin, istehsalat müəssisülərinin işlətdiyi enerji isə kommersiya müəssisələrinin adına rəsmiləşdirilirdi. Beynəlxalq ekspertlər də bunu etiraf edirlər ki, Azərbaycan iqtisadiyyatının 40 faizi kölgə iqtisadiyyatıdır. Ölkə iqtisadiyyatından əldə olunan gəlirlərin 40 faizi rəsmi statistikadan gizlədilir. Ümumiyyətlə, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparmaqla külli miqdarda maliyyə vəsaitlərinə qənaət etmək mümkündür. Son dövrlər korrupsiya özünü infrastruktur layihələrinin gerçəkləşməsində göstərir. Oğuz-Qəbələ zonasından su kəməri çəkilib. Artıq bu su kəməri istifadəyə verilib. Təxminən bu layihəyə bir milyard dollar vəsait xərclənib. Bu rəqəm onu deməyə əsas verir ki, burada ciddi yeyinti olub. Çünki neçə il əvvəl daha bahalı və daha uzun Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi yeddi milyard dolları aşmamışdı. Amma uzunluğu 200 kilometri keçməyən Oğuz-Qəbələ kəməri bir milyarda başa gəlir. Hələ bu günlərdə məlum oldu ki, layihəyə Dövlət Neft Fondunun builki büdcəsindən də 37 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Kəmər istifadəyə verilibsə, əlavə vəsaitlərin xərclənməsinə nə ehtiyac var?
Bizdə rüşvət vətəndaşların qanuni haqlarının reallaşması üçün verilir
E.Qədirli:
– Korrupsiyaya qarşı effektli mübarizə üçün sistem dəyişikliklərinə gedilməlidir. Hətta yüksək rütbəli məmurlar vəzifələrindən uzaqlaşdırılsalar belə, bu, korrupsiyaya qarşı mübarizə sayılmamalıdır. Biz “yaxşı adamlar” axtarışı ilə məsələni həll edə bilməyəcəyik. “Yaxşı adamlar” 1992-ci ildə hakimiyyətə gəlmişdilər. Amma sistem onları həzm etmədi. Bu sistemin içərisindən belə, “yaxşı adamların” çıxması az inandırıcıdır. Mən kiminsə cəzalandırılmasını məqsəd kimi təqdir etməmişəm. Əhali üçün müəyyən qıcıq doğursa da, mən maliyyə amnistiyasının tərəfdarıyam. Bu, iqtisadiyyatı da sağlamlaşdıracaq. Bunun dünya təcrübəsi də var. Çünki bu, böyük bir sistemdir. Dayanacaqda 20 qəpik alan da bu sistemin içərisindədir. Çünki bilmirsən onun müqaviləsi var, yoxsa yox. Yəni hamı müəyyən dərəcədə bu korrupsiya məsələlərindən faydalanır. Əgər belədirsə, bunu hansısa formada legitimləşdirmək lazımdır. Ilk növbədə qanunları boşluqsuz, ziddiyyətsiz qəbul etmək lazımdır. Bu sahədə böyük çatışmazlıq var. Qanunlar arasındakı ziddiyyətləri isə məhkəmə çözməlidir. Amma insanlar da məhkəmələrə inanmırlar. Qəribəsi odur ki, bütün dünyada rüşvət qeyri-qanuni işlər üçün verilirsə, Azərbaycanda rüşvət vətəndaşların qanuni haqlarının reallaşması üçün verilir. Vətəndaş bununla həm də zamanına qənaət edir. Bu baxımdan məişət korrupsiyasını aradan qaldırmaq çox asandır. Burada zaman və məkan uzlaşması lazımdır. Məsələn, Avropada növbə olan yerlərdə ziqzaqvari arakəsmələr olur. Vətəndaşlar bu arakəsmələrdə bir-birinin ardınca dayanır. Amma Azərbaycanda bir pəncərə olur, hamı da onun ətrafına toplaşır. Kimin sonuncu olduğunu heç kəs bilmir. Bu zaman vətəndaş asan yol üçün əlaqə axtarır.
Azərbaycanda korrupsiyasız keçinmək olmur
Amma yüksək mərhələdəki korrupsiya ilə mübarizə üçün köklü sistem islahatları olmalıdır. Güclü məhkəmə olmalıdır. Məmuru vətəndaşdan çəkindirən məhkəmə ola bilər. Məmur bilsə ki, ondan narazı qalan vətəndaş onunla bağlı məhkəməyə müraciət edəcək və işi udacaq o, qanunsuz hərəkətlərə getməz. Indiki halda məmur nə məhkəmədən, nə qanundan qorxur. Çünki məmur konkret olaraq rəisinə tabedir. Əslində Azərbaycanda normal bürokratik sistem də yoxdur. Çünki bürokratiya abstrakt hakimiyyətdir. Orada məmur siyasi, sahibkar fəaliyyəti olmur. Onlar yalnız qanuna tabe olurlar. Azərbaycanda isə bütün məmurlar YAP üzvüdür. Əslində müxalifətdən dəfələrlə soruşulur ki, sizin kadrlar kimdir? Elə məhz hazırda işləyən məmurlar normal dövlətlərdə gələcəkdə iqtidar dəyişəndə də işlərini davam etdirməlidirlər. Kənar yerdə istixanada kadr yetişən deyil. Azərbaycanda sağlam bazar münasibətləri yarana bilməz. Çünki bu gün siyasi vəzifələrlə, inzibati vəzifələr bir-birinə birləşib. Eyni qurumlar həm bazar iştirakçısıdır, həm bazara təsir edən qanunları qəbul etmək səlahiyyəti var, həm də bu qərarların icrasına nəzarət edir. Ona görə sağlam bazar münasibətləri yarana bilməz. Dövlətin nəzarətində olan bazar iştirakçıları, özəl bazar iştirakçılarına rəqib kimi baxmırlar. Onlar istər Tarif Şurası, istərsə də lisenziya verən qurumlar vasitəsilə bazara təsir edirlər. Dövlət su, işıq verməməlidir. Dövləti paylayıcı sistemlərdən ayırmaq lazımdır. Əgər dövlət həm paylayıcı, həm istehsalçı, həm nəzarətçi, həm qərarverici, həm də qərarı icraedicidirsə, burada korrupsiyasız keçinmək olmaz. Iqtisadiyyat tam holdinqləşəndə ərəb ölkələrindəki proseslər baş verir. Hakimiyyət bölgüsü olmalıdır. Hakimiyyət bölgüsünün isə olması üçün azad seçkilər, azad mətbuat olmalıdır. Əslində korrupsiya bu gün dövlət üçün təhlükəli həddə çatıb. Bu gün vətəndaş özünü seçki prosesində görmür. Bu isə təhlükəlidir. Dövlətçiliyinə inanmayan vətəndaşı sabah onun müdafiəsinə cəlb etmək olmayacaq.
ardı gələn sayımızda
Xəyal Şahinoğlu