“Təəssüf ki, Qubad bəy mətbuata doğru olmayan, insanları çaşdıran məlumatlar ötürməkdə davam edir. Açığı, heç gözləmirdim”.
Bunu Müsavat Partiyasının Məclis üzvü Səxavət Soltanlı öz facebook səhifəsində yazıb.
S. Soltanlı Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun qurultayda 200 səs toplamasının İsa Qəmbərin qohumlarının ona dəstək verməsi ilə bağlı olduğunu deyib: “İsa Qəmbərin böyük qardaşı Rövşən Qəmbərin və ağsaqqal əmisinin, eləcə də digər yaxın qohumlarının Qubad bəyi bəyanatla dəstəklədiklərini bəyan etmələri Qubad bəyin 200 səs toplamasında əsas amildir. Əks halda Qubad bəy o qədər səs toplaya bilməzdi! Mən siravi müsavatçılar arasında “İsa Qəmbər açıq şəkildə Qubad bəyi dəstəkləməsə də, qohumları vasitəsi ilə mesajını verir” fikirlərinə kifayət qədər rast gəlmişəm”.
S. Soltanlı qeyd edib ki, İsa Qəmbərin ətrafında olan insanlar, mühafizəçisindən tutmuş, texniki işçilərə qədər hamısı Q. İbadoğlunu dəstəkləyiblər: “İsa Qəmbər başqa namizədə dəstək versəydi ən azı öz qohumlarına və mühafizəçilərinə deyə bilməzdimi bunu?”
Onun sözlərinə görə, heç bir halda siyasi tərəf tutmamalı olan MNTK-nın sədri və üzvləri də Q. İbadoğlunu açıq şəkildə dəstəkləyiblər: “Göz yummuşuq! Baxmayaraq ki, həmin şəxslərin əksəriyyəti qurultay üzvləri deyildilər, amma bu müsavatçıların fikirlərini formalaşdırmaqda, xeyli rol oynamışdı”.
S. Soltanlı onu da qeyd edib ki, bu sadaladıqlarını saxtakarlıq, seçkiyə qatılmış haram, ədalət prinspinin pozulması kimi qiymətləndirmir: ” Amma faktları təhrif etdikləri, xalqı aldatmağa çalışdıqları üçün bunları yazıram. Onların öz məntiqi ilə məsələyə yanaşıram. Xeyli faktlar saya bilərəm ki, Qubad bəyin səslərinin çox olmasına səbəb olub, əsasən bunlar İsa Qəmbərin adından ya birbaşa ya da dolayısı ilə istifadə etməklə olub!”


