Əlayif Həsənovun məhkəməsi başlayıb

Yasamal Rayon Məhkəməsində məhbus hüquq müdafiəçisi Leyla Yunusun vəkili Əlayif Həsənovun işi üzrə hazırlıq iclası olub. Proses oktyabrın 8-də keçirilib.

Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayif Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. Bir müddət öncə Əlayif Həsənov Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır, içəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir.

 “Media forum”a açıqlamasında Əlayif Həsənov bildirib ki, hazırlıq iclası oktyabrın 10-da davam edəcək: “8 oktyabr iclasında məsələ qaldırmışam ki, iş aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə verilməlidir. Çünki mən Zərdabda qeydiyyatdayam. İşə Zərdabda baxılsa, şikayətçi Nuriyyə Hüseynova Gəncə İstintaq Təcridxanasına köçürülməlidir. Qarşı tərəf etiraz etsə də, biz məhkəmədə köçürülməyə təkid etdik.

İşin Yasamal Rayon Məhkəməsinə aid olduğu hesab edilsə, onda məhkəməyə mahiyyət üzrə dəlillərimiz təqdim olunacaq. Dəlillərdən biri budur ki, ərizə standarta – Cinayət Məcəlləsinin böhtana, təhqirə görə məsuliyyət müəyyənləşdirən 147 və 148-ci maddələrinin tələblərinə cavab vermir, ittiham edənin kim olduğu, hadisələrin nə vaxt, necə törədildiyi haqda ətraflı məlumat yoxdur. Digər dəlilləri məhkəmədə açıqlayacağıq”.