Hakimiyyət kütləvi savadsızlıq siyasəti yeridir
“Azərbaycandakı ali məktəblərdə təhsil haqlarının yüksək olması çox sayda tələbənin təhsilini başa vurmasına imkan vermir. Təhsil haqlarını verə bilmədiyi üçün təkcə ötən il 8945 nəfər ali təhsil müəssisələrindən xaric edilib”. Bu fikirləri millət vəkili Əli Məsimli söyləyib.
O bildirib ki, Azərbaycanda hər 10 nəfərdən 7-si ödənişli təhsil alır. “Ali məktəblərdə təhsil haqları 900 manatdan 4500 manata qədərdir. Ancaq orta aylıq əmək haqqı 450 manatdır. Azərbaycanda əmək haqqı alanların böyük əksəriyyətinin büdcə təşkilatlarında çalışdığı nəzərə alınsa, onlar 170-300 manat arasında maaş alırlar. Indi bu qədər əmək haqqı alanlar övladlarının 2500-3000 manat təhsil haqqını necə ödəsinlər?”- deyə millət vəkili bildirb.
Biz uzun illərdi Azərbaycan təhsilinin problemlərindən, təhsil haqlarının fantastik olmasından və qiymətlərin əhalinin sosial vəziyyətinə adekvat olmadığından yazırıq. Hakimiyyət təmsilçiləri isə analoqsuz inkişafdan, dövlətin təhsilə yüksək qayğısından danışır.
Ancaq, açıqlanan statistik rəqəmlər göstərir ki, həqiqətən də təhsil sahəsində təhlükəli tendensiya hökm sürür. 1 ildə 8945 tələbənin ali məktəbdən qovulması ölkədə məqsədli şəkildə savadsızlıq mühitinin yaradılması deməkdir.
Məhz bunun göstəricisidir ki, “Təhsil kreditləri haqqında” qanun uzun müddətdi müzakirəyə çıxarılıb, qəbul olunmur. Dünyanın 4 tərəfində xeyriyyə layihələri həyata keçirən, bağçalar, parklar, məktəblər tikdirən hakimiyyət, öz vətəndaşının təhsil almasına bacardığı qədər əngəl törədir.
Ölkədə təhsil haqqının aşağı salınması, dövlət universitetlərində ödənişli təhsilin ləğv edilməsi, təhsil kreditlərinin verilməsi istiqamətində iş aparmaq olar və dünyanın müxtəlif ölkələrində bu təcrübələr var.
Onsuz da Azərbaycanda orta məktəbdən tutmuş, ali məktəbə qədər hansı proseslərin getdiyini hər bir vətəndaş bilir. Təhsilin korrupsiya yuvasına çevrildiyi də heç kimə sirr deyil. Ancaq qanunsuz şəkildə yığılan rüşvət azlıq etdiyinə görə, təhsil haqları hesabına daha da çox qazanc təmin edirlər.
Təsəvvür edin ki, minlərlə tələbə uzun illərin əziyyətindən sonra Universitetə daxil olur və 3000-4000 manat təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən məhrum edilir. Bu, ölkə vətəndaşına qarşı mənəvi terrordu və hakimiyyətin mahiyyətini ifadə edir.
Azərbaycanda hər il dəyəri 100 milyonlarla ölçülən tikinti işləri aparılır. Təkcə gələn il keçirilməsi nəzərdə tutulan yay olimpiya oyunlarına 1 milyarddan artıq vəsait xərclənəcək. Ancaq dünyanın inkişaf etmiş ölkələri bu yarışa ev sahibliyi etməkdən imtina etdi və sərf olunacaq vəsaiti daha səmərəli işlərə yönəltmək qərarını verdi. Azərbaycan hakimiyyəti isə, Azərbaycan xalqından başqa hər yerə milyonlar səpələməyə hazır olduğunu bildirdi. Söhbət, təhsil haqlarının azaldılmasına, təhsil kreditlərinin verilməsinə gələndə isə, büdcəmiz kasıblayır, problemlərimiz çoxalır.
Bir milləti məhv etmək üçün onun təhsilini məhv etmək kifayət edir. Bu gün Azərbaycanda eyni proses gedir və heç kim buna etiraz bildirmir.
Bəli, bura həqiqətən də analoqu olmayan ölkədir. 200 manat maaş alan valideyn, Universitetdə oxuyan övladının təhsil haqqını ödəmək üçün 2000-3000 manat ödəməlidir. Yəni ya acından ölməlisən, ya da savadsız olmalısan.
Göründüyü kimi, biz hər şeyi qara rəngdə görmürük. Sadəcə olaraq hakimiyyət ölkəni qaranlığa aparır və ötən il 8945 nəfər bu qaranlığa qurban gedib.
Akif


