Naxçıvan bu hakimiyyətin siyasi poliqondur…

İstiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli

Qadağalar və yasaqlar azmış kimi birini də doktor bəy qoydu: “ Bilgisayarın qabağında oturma”, dedi! Və başladı səbəbini anlatmağa… sən demə, bilgisayarla polis dəyənəyi arasında gizli bir əlaqə varmış. İşə bax ki, polis dəyənəyinin başda qoyduğu izləri bilgisayar dərinləşdirirmiş.Yadıma əzəli və əbədi nazir Ramil Usubovun məşhur bir kəlamı düşdü: “Daxili Qoşunlar bizim vuran əlimizdir.” Bəs düşünən başlar sizin  nəyinizdir? Cənab nazir! 

Uzun  sürən müalicədən sonra bilgisayarın arxasında oturub: “Qüsura baxma, doktor bəy”, -dedim,- harda qırılar-qırılar… bizimki bizdən keçib… Allah bizdən sonra gələnlərin başını “vuran əllər”dən qorusun! Qoruyacaqmı? Qəliz sualdı, cavab bizlik deyil, çünki Tanrı bizi düz iyirmi ildir unudub. Məni bədgümanlıqda qınayıb “Allah Kərimdir” deyənlərin qulluğuna ərz edim ki, Kərimin quyusu dərindir, amma Vasif Talıbovun quyusu ondan da dərindir!

Vasif Talıbovun quyusu…

İyirmi il bundan əvvəl  Vasif  Talıbovu “Kiçik Torpaq”a sədr təyin edəndə əhli-məmləkət şaşırdı. Nə baş verdiyini anlamayan adamlar başlarını bulayıb “Allah bilən məsləhətdir”, dedilər. Və Kərimin quyusundan çıxıb Vasifin quyusuna düşdülər. Bu quyuların fərqi orasındadır ki, Allah Kərimin quyusuna düşənin ipini kəsmir, çıxmaq üçün bəndəsinə  əlavə bir  şans verir. Vasif  Talıbov isə təbəələrinə aman vermir, quyuya düşənin ipini kəsir. Düz iyirmi ildir ki, ipi kəsilən naxçıvanlılar əllərini yerdən-göydən üzüb axırı-əz Zamanı gözləyirlər.

Allahın əməlisaleh bəndələri…

Amma Allah tala çar-naçar qalan bəndəsinin bütün yollarını bağlamır, qapılardan birini  həmişə  açıq saxlayır. Və onların imdadına catmaq üçün əməli saleh bəndələrindən birini köməyə göndərir. Məlahət və İlqar Nəsibovlar cütlüyü də məhz  Xeyir uğrunda mübarizə aparan əməlisaleh bəndələrdəndirlər. Kim dara düşürsə Məlahət bacı, İlqar qardaş deyib kömək istəyir. Sonuncu köməyi Fərid adlı birisi istədi. O, köməyə getdi əvəzində isə al-qana boyandı, qanına qəltan oldu. Onun ürək dağlayan, ət üprədən fotosu nə Qəzzada, nə İraqda, nə də Suriyada çəkilməmişdi. O foto Azərbaycanın dilbər güşəsi olan Naxçıvanda, demokratiya nəfəsliyi olan “Resurs” mərkəzində  çəkilmişdi. Onu İŞİD başkəsənləri o kökə salmamışdı. Onu Xanın cəlladları qanına qəltan etmişdi. Deyəsən, ürəkləri soyumayıb, cinayət işi açıb həbs etmək istəyirlər. Ölümünə döyülən bir adama cinayət işi açmaq bu məmləkətin anoloqu olmayan bir özəlliyidi.

Belə getsə, qiyamət Naxçıvandan başlayacaq…

Pəki, gözdən-könüldən uzaq o torpağın sirri, görəsən, nədir ki, orada quş quşluğuyla qanad, qatır qatırlığıyla dırnaq salır?  Qüsura baxmayın, cavaba bir az uzaqdan başlayacağam. Qloballaşan dünyada hər dövlətin bir siyasi poliqonu, sınaq labaratoriyası olur. Ki icad etdiyi insanlığa zidd nəyi varsa, işgəncələrdən tutmuş ölüm saçan silah-sursata qədər, hər şeyini, türkün sözü, bütün zir-zibilini orada sınaqdan keçirir. Məsələn, Çnin poliqonu Tibetdir,  Rusiyanın poliqonu Çeçenistandır, Azərbaycanın da poliqonu  Naxçıvandır.

İştə burası “siyasi poliqon” və “sınaq labaratoriyasıdır…

Ağıla gələn-gəlməyən bütün ideyalar əvvəl burada  sınaqdan keçirilir, sonra isə ölkənin digər bölgələrinə tədbiq edilir. Bəzən də  bütün Azərbaycana şamil edilir, o baxır ideyanın tutumuna və möhtəşəmliyinə…  Məsələn, Ramiz Mehdiyevin “süveren demokratiya”sını ( oxu: dədə-baba idarəçilik metodu)  ilk dəfə Vasif Talıbov sınaqdan çıxartdı. Xanlığın anoloqu olmayan dədə- baba idarəçiliyindən vəcdə gələn Azərbaycan hökuməti  uzun sürən müşahidələrdən, təqribən, on il sonra bu metodu “Konstitusiyalı Monarxiya” adı ilə qanuniləşdirdi. Yəni Referendum yolu ilə dədə-babadan qalma sülalə rejimini bərpa etdi.

Və ya İlham Əliyevin “müxalifəti siyasi arxivə göndərmək lazımdır” tezisini  ilk kəz Vasif  Talıbov özünə məxsus şəkildə kullanmışdı: “Müxalifətçiləri təqib edin ki, qoy, əlləri-ayaqlar işdən-gücdən soyusun, ya acından ölsünlər, ya da ölkəni tərk etsinlər. İndi bir müxalifətin qismi təzyiq və təqiblərə dözməyib torpağı tərk edib, bir qismi də işgəncələ dözməyib dünyasını dəyişib. Üz bərkidib qalan bir-iki nəfəri isə  İlqar kimi ölümünə doyüb çəhənnəmə vasil etmək istəyirlər. Hələ bu harasıdır, babalı deyənlərin boynuna,  deyirlər, guya bir komissiya yaradıb Çingiz Aytımatovun “Əsrə bərabər gün” romanında təsvir edilən “yaddaş silmək” üsulunu öyrənib tədbiq etmək istəyirlər. İşgəncələrdən salamat qurtaranların  başını qırxıb dəvə dərisinə bükəcəklər ki, keçmişini, müxalifətçiliyini tamam unutsun.

Bu sirri-xudanı öyrənmək üçün “Tarixi-Nadiri” oxumaq lazım…

Tibeti başa düşdük: Çin öz imperiyasını qoruyub saxlamaq istəyir. Bərk ayaqda, Çeçenistanı da başa düşmək olar, Putin SSRİ-ni yeni modern forma da bərpa etmək istəyir. Bəs, o zaman bizimkiləri necə başa düşək!? Niyə məhz Naxçıvanı seçiblər!? Bu sirri- xudadan agah olmaq üçün, gərək “Tarixi-Nadiri” vərəqləyib bir-iki suala cavab tapasan. 

1. Şeyx Nəsurullah ölü diriltmək üçün Azərbaycana varid olanda nədən məhz Naxçıvanı seçdi?

2.”Qayıdış” və “Qurtuluş” günləri niyə məhz oradan-“Kiçik Torpaqdan” başladı? 

3.Nuh peyğəmbərin gəmisi nədən orada-“Gəmi Qayada” lövbər saldı?

4. Nuhçıxanın adını nədən dəyişib Naxçıvan qoydular.    P.S. Belə getsə, deyəsən, qiyamət Naxçıvandan başlayacaq!