Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ötən il dekabrın 16-da həbs edilib. Bu ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Cinayət işi külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə aparılıb.
Sentyabrın 29-da Anar Məmmədli 2014-cü il üzrə Vatslav Havel Mükafatına layiq görülüb. Qərar həmin gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında elan olunub. Oktyabrın 1-də isə Çexiya paytaxtı Praqada “İnsan Haqları 25 ildən sonra” adlı beynəlxalq konfrans keçiriləcək. Bu konfrans Havel mükafatının qalibinin şərəfinə təşkil edilir.
Vatslav Havel Mükafatını Avropa Şurası Parlament Assambleyası, Praqa Havel Kitabxanası və “Xartiya 77” Fondu birlikdə təsis edib. Bu mükafat insan haqları sahəsində xidmətlərə görə verilir. Mükafat fondu 60 min avrodur.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Samir Kazımlının “Media forum” saytına bildirdiyinə görə, Anar Məmmədli Vatslav Havel Mükafatına layiq görülməsindən sentyabrın 30-da vəkili Əlibaba Rzayevlə görüşdə xəbər tutub: “Anar Məmmədli bu xəbəri böyük sevinclə qarşılayıb. O hesab edir ki, bu mükafat həm də haqsız yerə həbs olunanlara böyük mənəvi dəstəkdir. Yəni Anar Məmmədlinin fikrincə, Vatslav Havel Mükafatına layiq görülməsi bir daha göstərir ki, o, günahsızdır, heç bir cinayət törətməyib”.


