«Bakıelektrikşəbəkə»nin bir neçə dələduz əməkdaşı işlədilən elekrtik enerjisinə görə əlavə və şişirdilmiş sərfiyyat yazır»
“Bakıeletrikşəbəkə” əməkdaşları bizim işlətdiyimiz müəssisələrə 1.500-2.000 manatlıq əlavə sərfiyyat yazırlar”. Bu sözləri Qaradağ rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir neçə sahibkar Axar.az-a göndərdiyi şikayət məktubunda bildirib. Onlar “Bakıelektrikşəbəkə” ASC-nin Ruslan və Canəhməd adlı işçilərindən boğaza yığılaraq Prezidentə şikayət ediblər. Sahibkarların iddiasına görə, bu əməkdaşlar onlardan qanunsuz olaraq külli miqdarda pul tələb edirlər:
“Biz və bizim kimi onlarla sahibkar Qaradağ rayonu ərazisində daş karxanasında mişar daşının istehsalı ilə məşğuluq. Işlədiyimiz müddətdə fəaliyyətimiz tam qanuni olub və heç bir qayda pozuntusuna yol verməmişik. Istehsalatla məşğul olmaq üçün təbii ki, elektrik enerjisindən istifadə edirik. Bunun üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət edərək, müəssisələrimizi sayğacla təmin etmişik. Belə ki, işlədiyimiz müddətdə elektrik sayğaclarına uyğun olaraq sərf edilən enerjinin haqqı vaxtı-vaxtında ödənilir. Lakin artıq bir müddətdir ki, bizim fəaliyyətimiz iflic olub. Belə bir vəziyyətin yaranmasına səbəb ”Bakıelektrikşəbəkə”nin bir neçə dələduz əməkdaşının – Ruslan və Canəhməd adlı şəxsin – qanunsuz hərəkətləridir. Iradımız həmin şəxslərin işlədilən elekrtik enerjisinə görə əlavə və şişirdilmiş sərfiyyat yazmasıdır. Belə ki, hər ay sayğaca baxış keçirilir və sayğacın ilk və son göstəricisi arasındakı fərq elektrik enerjisindən sərfiyyat kimi yazılır. Buna görə heç bir iradımız yoxdur. Nə işlədiriksə, onun da ödənişini etməyə hazırıq. Lakin Ruslan hər dəfə hesab-faktura gətirəndə əlavə olaraq bizim işlətdiyimiz müəssisələrə 1500-2000 manatlıq əlavə sərfiyyat yazır. Biz isə bununla razılaşmırıq və səbəbini soruşduqda, Bu mənlik deyil, mənə rəhbərlik belə göstəriş verib, gedib kimə istəyirsiniz şikayət edin” sözünü eşidirk. Bu adamlar dövlətin qanunlarına məhəl qoymur”.
Sahibkarlar ölkə başçısına müraciət edərək, problemin həll olunması üçün kömək istəyiblər.
Məktubu “ENSO” MMC rəhbəri Eyniyev Natiq Sarıbala oğlu, “NFT” MMC rəhbəri Abbasov Kamal Babalı oğlu, “Karvansaray” MMC sədri Quliyev Ilqar Nadir oğlu, “Minkənd” MMC-nin rəhbəri Qazakov Şirvan Ismayıl oğlu imzalayıb.
Hadisə ilə bağlı “BakıElektrikşəbəkə” ASC Idarə heyətinin sədri Baba Rzayevin köməkçisi Ağamir Əliyev bildirdi ki, idarəyə belə bir şikayət daxil olmayıb:
“Bu problemlə bağlı hər hansı bilgimiz yoxdur. Bu barədə sizdən xəbər tuturuq. Baş verən hadisə tərəfimizdən araşdırılacaq. Nəticə barədə mətbuata məlumat veriləcək”.
“Şikayət məktubunun altında adları yazılan ”Karvansaray” Məhdud Məsuliyyətli Cəmiyyətindən sahibkar Ilqar Quliyev, “Minkənd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şirvan Qazakov əlaqə saxlayaraq belə bir məktubu imzalamadıqlarını söyləyiblər”.
Bu sözləri isə modern.az-a “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
“Həqiqətən də ”Minkənd MMC”nin elektrik enerjisi ilə təchizatı dayandırıb. Buna səbəb onların borclu olmasıdır. Bununla belə adı çəkilən hər iki sahibkar ümumiyyətlə belə bir müraciətin yazılmasından xəbərsiz olduqlarını söylədilər”,- deyə o, əlavə edib.


