AMEA əməkdaşı yenidən dövlət başçısına məktub yollayıb
AMEA Fizika institutunun əməkdaşı Elman Şahverdiyev bu il Akademiyada keçirilən seçkilərlə bağlı müraciətlərini davam etdirir. Onun fikrincə, seçkilər ədalətli olmayıb, Prezident Administrasiyasının birbaşa göstərişi əsasında təyinatlar olub. Müraciətləri cavabsız qalsa da, Elman müəllim ədalətin nə vaxtsa bərpa olunacağına ümidini itirmir. Bu səbəbdən yenidən dövlət başçısı Ilham Əliyevə üz tutub.
“Cənab Prezident!
Bildiyiniz kimi, 30 iyunda AMEA-ya yeni təyinatlar olub. Fizika üzrə 7 müxbir və 3 həqiqi üzv təyin edilib. Baxmayaraq ki, ən konservativ verilənlər bazasında – SCOPUS-da elmi işlərimə sitatların sayı və Hirş indeksim AMEA-nın bütün həqiqi və müxbir üzvləri arasında ən yüksəkdir, mən AMEA-dan kənarda saxlanıldım.
Müxbir üzv təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır. Həqiqi üzv təyin edilmış 3 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından az qala iki dəfə azdır. AMEA üzrə təyin edilmişlərdən ən azı beş nəfərin ikili vətəndaşlığına dair ciddi şübhələr var. Təyin edilmişlər arasında 28 il məqalələr dərc etdirməyən bir nəfər var; onu Sizin ən yaxın rektor qohumunuz təyin etdirib. Həm də iki həqiqi üzvü. Bir nəfər isə faktiki seçkidə iştirak etməyə-etməyə təyin edilib, çünki sənədlərini yazılı ərizəsi ilə geri götürmüşdü. Onu və digər dörd nəfəri isə PA HŞ şöbəsi müxbir üzv təyin edib. Bir həqiqi və bir müxbir üzvü isə PA rəhbərliyi təyin edib.
PA tərəfindən təyin edildiklərinə baxmayaraq, onların demək olar, hamısının səsi “seçilmək” üçün lazım olan baryeri aşmaq üçün şişirdilib. Məsələn, bir nəfərin topladığı 4 səs 28 səs olub (31 səsdən). Digər bir nəfərin 2 səsi 25 “yazılıb” və sair.
Təyin edilmişlərin böyük əksəriyyəti Azərbaycan elminə azacıq da olsa sitat gətirməyənlərdir. Baxın, illərdir bu cür təyinatların nəticəsidir ki, “http://www.scimagocr.com/countryrank.php” məlumatına görə, Azərbaycan elmi işlərə olan sitatların sayına, Hirş indeksinə, bir məqaləyə sitatların sayına görə hər iki Cənubi Qafqaz ökləsindən dəfələrlə geridə qalır, fərq ildən-ilə böyüyür, keçmiş 15 sovet respublikaları arasında isə 12-ci yeri tutur.
Cənab Prezident!
Mən bu ədalətsizliklər barəsində Sizə aylardır saytınız və mətbuat vasitəsi ilə müraciətlər edirəm. Cavab almamışam. Axı necə ola bilər ki, Azərbaycan elminə cüzi sitat gətirənlər üzv təyin edilirlər, mükafatlandırılırlar, ən çox sitat gətirən isə Akademiyadan kənarda saxlanılır!!! Sizin bu cür ədalətsizliyə mövqe bildirməməyiniz layiqsiz təyinatları həyata keçirənləri yeni ədalətsizliklərə ruhlandırır və ruhlandıracaq. Görəsən niyə Sizin etibar etdiyiniz məmurlar Azərbaycan vətəndaşlarına ikili standartlarla, selektiv yanaşırlar!!!
Cənab Prezident!
Sizə bildirmək istəyirəm ki, bu cür ədalətsizliklə barışa bilmirəm, “oldu-keçdi” deyərək insanları fakt qarşısında qoymaq yanaşmasını qəbul edə bilmirəm, ədalətin bərpası üçün potensial addımların “geri çəkilmək kimi, zəiflik kimi” qəbul edə bilməsi fikri ilə razılaşmıram və ona görə də Sizdən xahiş edirəm ki, vəziyyətdən çıxış yolunu göstərəsiniz”.
Hörmətlə, Elman Şahverdiyev


