Prokurorun ailəsi binanın zirzəmisi və həyətini ələ keçirib

Həyətdəki çoxillik ağacların yerində restoran tikilməsi planlaşdırılır

Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yaşayan Rafiq Həsənov Bakı Şəhər Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin prokuroru Məmməd Əliyevdən şikayətçidir. Rafiq Həsənov həmin prokurordan dövlət başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova şikayət məktubları göndərib. O, həmin məktubların surətini “Azadlıq”a da təqdim edib. Şikayətçi məktubunda yazır:

“Binanın sakinlərinin ümumi paylı mülkiyyətində olan  zirzəmini və həyəti Məmməd Əliyev həyat yoldaşı və oğlunun adına rəsmiləşdirib. Nəticədə binanın zirzəmisində konstruktiv dəyişikliklər edilib, həyətdəki çoxillik ağaclar məhv olunub. Bu şəxs məni dövlətə xəyanət, casusluq kimi ağır cinayətlərdə ittiham edərək, bu barədə məhkəmə və dövlət orqanlarına bilə-bilə yalan məlumat verib.

Oğlunun adının Heydər Əliyev olmasından öz məqsədlərinə nail olmaq, kimlərəsə təzyiq, təsir göstərmək üçün sui-istifadə edir. Təəssüf ki, bu barədə çoxsaylı şikayətlərimə baxan yoxdur, qanunsuzluğu ört-basdır edirlər.

Binanın zirzəmisinin 115 kvadrat metri Məmməd Əliyevin yoldaşı Fəridə Əliyevanın adına özəlləşdirilib, 98.5 kvadrat metri isə onun adına icarə kimi sənədləşdirilib, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə Fəridə Əliyeva arasında 15 aprel 2011-ci il tarixli icarə müqaviləsi bağlanıb.

Bina sakinlərinin ümumi istifadəsində olan həyətin 120 kvadrat metri Məmməd Əliyevin Moskva Dövlət Universitetinin hüquq fakültəsində oxuyan oğlu Heydər Əliyevin adına kommersiya məqsədilə 49 illiyə icarə kimi sənədləşdirilib. Bu barədə Binəqədi bələdiyyəsilə 16 avqust 2007-ci il tarixli icarə müqaviləsi bağlanıb.

Sakinlərin əldə etdiyi məlumata görə, həyətdəki çoxillik ağacları məhv edib yerində restoran tikilməsi planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin 14 may 2012-ci il tarixli məktubunda da fakt təsdiqlənərək, tədbir görülməsi üçün toplanmış sənədlərin Binəqədi Rayon Polis Idarəsinə göndərildiyi bildirilib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də 8 aprel 2013-cü il tarixli məktubuyla faktı təsdiqləyib.

“Azərdövlətlayihə” Dövlət Baş Layihə Institutunun baş direktoru Əsədovdan alınan ekspertiza rəyi əsasında binanın arxa tərəfində yükdaşıyıcı divarı kortəbii surətdə dağıdaraq  qapı boşluğu açıblar. Binanın sağ yan tərəfindən  zirzəmiyə nəzarət qapısını daşla hördürərək, orada meyvə-tərəvəz mağazası açılıb.

Sözügedən qanunsuz konstruktiv dəyişikliklər əlaqədar qurumların vəzifəli şəxslərilə əlbirlik şəraitində həyata keçirilib. Bu qurumlar baş verənlərə qanuni don geyindiriblər.

Heydər Əliyev 2012-ci ilin martında Ekologiya və Təbii  Sərvətlər Nazirliyinə yalan məlumatlardan ibarət ərizə verib ki, guya, binanın həyətindəki ağacları mən sındırmışam. Prokuror Məmməd Əliyev isə 31 mart 2012-ci ildə nazirliyin  sektor müdiri Əziz Səlimovun mobil telefonuyla məni və nümayəndəmi ölümlə hədələyib. Bu məsələ üzrə çoxsaylı şikayətlərimə Binəqədi rayon prokurorluğu, Bakı şəhər prokurorluğu və Baş Prokurorluq qanuna uyğun şəkildə baxmır, qanunsuzluq, özbaşınalıq faktları ört-basdır edilir. Şikayətlərimə baxılmasını, günahkarların məsuliyyətə cəlb edilməsi, pozulmuş hüquqlarımın bərpa olunmasında köməklik göstərməyinizi xahiş edirəm”.

Baş Prokurorluq nə deyir?

Rafiq Həsənovun məktubunda göstərdiyi hallarla əlaqədar Baş Prokurorluqla əlaqə saxladıq. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi ki, Rafiq Həsənovun Bakı şəhər prokurorluğunun şöbə prokuroru Məmməd Əliyev tərəfindən ona qarşı yol verilmiş qanun pozuntularına dair müraciətində göstərilən xüsusatlar Baş Prokurorluqda araşdırılıb. Araşdırmaların nəticəsi barədə Rafiq Həsənova müvafiq cavab verilib. Eyni zamanda, aralarında yaranmış mülki mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etməsi barədə hüququ da ona izah olunub.

Sosial şöbə