Münaqişənin həlli Azərbaycan və Ermənistanın öhdəsinə buraxılarsa nə baş verə bilər?
Vəfa Quluzadə: «Probleminin həllinin münaqişə tərəflərinin nəzarətində olmaması nəticədə çıxılmaz situasiya yaradıb»
Oktyabrda Azərbaycanla Ermənistanın dövlət başçıları Fransa prezidentinin təşəbbüsü ilə Parisdə biraraya gələcəklər. Bu görüş ərəfəsində verilən bəyanatlar maraq kəsb edir. İlk bəyanat ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikə məxsusdur. O, bildirib ki, NATO-nun Uels sammitində qəbul olunmuş yekun Bəyannamədə BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına istinad olunub. C. Uorlikin sözlərinə görə, prinsiplər özlüyündə güc tətbiq olunmamasını, ərazi bütövlüyünü və eyni zamanda xalqların öz müqəddəratını təyinetmə hüququnu ehtiva edir: “Münaqişənin nizamlanması bu prinsiplərə əsaslanmalıdır. Həmsədr ölkələr dayanıqlı həllə nail olmaq üçün tərəflərlə işləməyə davam etməlidir”. Amerikalı həmsədr qeyd edib ki, dinc və azad Avropa ideyasına sadiq qalan NATO Dağlıq Qarabağ münaqişəsinin də həllini istəyir.
Uorlik bundan başqa vurğulayıb ki, münaqişə tərəfləri ABŞ-ın vaxtı ilə Karneqi Fondunda elan etdiyi 7 prinsip üzrə danışıqlar aparmaqdadır.
İkinci mühüm bəyanat isə Fransanın Azərbaycandakı səfiri Paskal Moyedən gəlib. O, bildirib ki, Qarabağ münaqişəsinin həlli çoxdan çatıb və Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu problemin həlli üçün əlindən gələni etməyə hazırdır.
Görüş ərəfəsində səslənən fikirləri mühüm dəyərləndirən politoloq Vəfa Quluzadə də mövzuda qoyulan sualın cavabı ilə bağlı nikbindir. O, da hesab edir ki, probleminin həllinin münaqişə tərəflərinin nəzarətində olmaması nəticədə çıxılmaz situasiya yaradıb. Rusiyanın problemin həllinin qarşısını alması isə illərdir aparılan danışıqları gərəksiz edib: «Qarabağ münaqişəsi ona görə həllini tapmır ki, Ermənistan Rusiyadan qorxur. Rusiya zəiflədikcə Ermənistan öz milli maraqlarını qorumağa çalışacaqdır. Ermənistan çoxdan sülhə can atır. Amma Rusiya problemin həllini dondurub. Ona görə tərəflərin səyləri nəticə vermir. Problemin həllinin münaqişə tərəflərinin öhdəsinə buraxılması problemin tezliklə həlli ilə nəticələnə bilərdi».
Xəyal


