Razi Nurullayev: «Rusiya təhlükəsindən qorunmağın yeganə yolu, Qərbin və NATO-nun zəmanətidir»
Amerikalı politoloq Brenda Şaffer mətbuata açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqaza qoşun yeritmək üçün bəhanə axtarır. O, qeyd edib ki, Amerika Cənubi Qafqazın suverenliyinin itirilməsinə yol verməməlidir: “Qarabağda müharibənin başlanması Rusiyaya imkan verəcək ki, öz qoşunlarını buraya sülhməramlı simasında yeritsin.
Cənubi Qafqazdakı qeyri-stabillik həmçinin keçən ilin dekabr ayında Avropanın Rusiya qazından asılılığını azalda biləcək qaz kəmərinin çəkilişi ilə bağlı böyük layihənin məhv olmasına səbəb yarada bilər. Lakin bir maraqlı məqam var ki, amerikalı məmurlar sonuncu hərbi əməliyyatlardan sonra Rusiyanın təşəbbüsü ilə keçirilən ən yüksək səviyyədəki görüşləri alqışladığını bildirdilər. Məgər Vaşinqton Gürcüstan və Ukraynanın timsalında heç nə öyrənməyibmi? Konfliktin eskalasiyasının Qafqazda qarşısının alınması Putinin yeni əraziləri işğal etməsinin qarşısını alacaq. Prezident Obama gərək Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət etməklə Amerikanın Cənubi Qafqazı tərk etmədiyini göstərsin. Qarabağ Rusiyaya görə itirilmiş imperiyanın bərpa edilməsi üçün növbəti cəbhədir. Əgər Cənubi Qafqazın Rusiya ilə münasibətlərdə suverenliyini itirməsinə icazə verilsə, bu, Amerikanın keçmiş Sovet Ittifaqı ölkələrində və ondan kənarda yeni birliklərin qorunub saxlanılmasına ölümcül zərbə olacaq” – deyə Brenda Şaffer bildirib.
AXCP sədrinin müavini Razi Nurullayev səslənən fikirlərə münasibətində bildirdi ki, Rusiyanın təcavüzkar siyasətinin qarşısı alınmasa, belə təhlükələr reallaşa bilər: “Brenda Şafferi yaxşı tanıyıram və dəfələrlə fikir müzakirəsi də aparmışıq. Qeyd edim ki, bu adam zaman-zaman Azərbaycan hakimiyyətinin maraqlarından çıxış edib və bu istiqamətdə yazılar da yazıb. Ancaq onun fikirlərində həqiqət yükü var və bu ciddi məsələdir. Əgər, Rusiya dayandırılmasa, Avropa və Amerikanın sanksiya siyasəti davamlı olmasa, Rusiyanın iştahı arta bilər. Yəni, Cənubi Qafqaz planı reallaşa bilər. Bu məqamda müharibənin başlanması isə, Rusiyaya imkan yarada bilər ki, qoşunlarını təmas xəttinə yeritsin və Dağlıq Qarabağı özünə birləşdirmək cəhdləri etsin. Bu təhlükədən yeganə çıxış yolu, Azərbaycanın Qərbdən və NATO-dan zəmanət almasından keçir. Ancaq, hal-hazırda Azərbaycan hakimiyyəti qərbə inteqrasiya kursunu göstərməməkdədir. Hesab edirəm ki, Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiriləcək və Rusiyanın bu planları alt-üst olacaq”.
Akif


