Zaur Qurbanlının anası: “Səhhətində problem çoxdur”

Sentyabrın 12-də “Media forum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus Zaur Qurbanlının vəziyyəti ilə maraqlanıb.

Zaur Qurbanlının anası Səkinə Qurbanlı oğlu ilə bu həftə görüşdüyünü deyib: “Təcridxananın rəhbərliyindən də, işçilərindən də, şəraitindən də Zaur da, mən də çox razıyıq. Zaur talassemiya xəstəsidir, səhhətində problem çoxdur. Mərhələli şəkildə müalicə olunur. Həkimlərin yazdığı dərmanlarla təmin olunur.

Zaurun bir istəyi azadlığa çıxmaqdır. Günahsız yerə tutulub. Əlimi hər şeydən üzüb oturmuşam. Zaurun cəzasının il yarımı gedib, gözləyirəm ki, 6 il yarımdan sonra oğlum azadlığa çıxacaq”.

Zaur Qurbanlı ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Bu il mayın 6-da Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.

Zaur Qurbanlı 1987-ci ildə Şəki şəhərində anadan olub. Subaydır. 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.