Qubad İbadoğlu başqanlıq planlarını açıqladı

«Birinci addımım Müsavat Partiyasında yaxşı olanları saxlamaqla yeni yaxşılar yaratmaq olacaq»

Müsavat başqanlığına iddia edən Qubad İbadoğlu bu gün namizədliyini rəsmiləşdirdi. Partiyanın qərargahında keçirdiyi mətbuat konfransında seçki platformasını açıqlayan Q.İbadoğlu başqanlığa namizədliyi qeydə alınan 3-cü şəxs oldu. Qeyd edək ki, Müsavat Partiyasında seçki prosesi avqustun 28-dən başlayıb. Sentyabrın 27-nə təyin olunmuş partiya qurultayının gündəliyində duran əsas məsələ başqan seçkisidir. 

Jurnalistlər qarşısında namizədliyinin qeydə alınması ilə bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri İ.Qəmbərə ünvanlanan ərizəni imzalayan Q.İbadoğlunun seçki platforması “8 addımla 2018-ə” adlanır. Q.İbadoğlu öncə jurnalistlərə platforması barədə məlumat verdi: «Başqan seçilərəmsə, birinci addımım Müsavat Partiyasında yaxşı olanları saxlamaqla yeni yaxşılar yaratmaq olacaq. Müsavat Partiyasının şərəfli tarixindən, Rəsulzadənin zəngin irsindən, İsa Qəmbərin siyasi təcrübəsindən qaynaqlanan kursu davam etdirmək niyyətindəyik. Gəncliyi Müsavatın aparıcı qüvvəsinə çevirmək, partiyaya demokratik ideyaların carçısı olan müasir dünya görüşlü, fədakar gəncləri cəlb etməklə Müsavatın potensialını genişləndirmək daha bir məqsədimizdir. Bundan başqa daha bir məqsəd Azərbaycanın gələcəyinə baxışın alternativlərini yaratmaqdır». 

Q.İbadoğlunun sözlərinə görə, platformada 4-cü addım şəffaf və hesabatlı siyasi partiya modeli yaratmaqdır. Platformada eyni zamanda Müsavatın şqarşıdan gələn seçkilərdə iştirakı ilə də bağlı məqamlar yer alıb. «Siyasi şəraitdən asılı olaraq partiyanın seçkilərdə iştirakı barədə kollegial qərarlar qəbul etmək, 2015-ci il parlament və 2018-ci il prezident seçkilərində partiyanın hətta minimum demokratik seçki mühitində belə qələbələrini reallaşdırmağa nail olmaq növbəti məqsədimizdir», deyə Q.İbadoğlu vurğulayıb.

Qarabağın azadlığı üçün Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi də Q.İbadoğlunun məqsədləri sırasındadır. Onun sözlərinə görə, təşkilatın qaçqınların sosial-iqtisadi vəziyyətini diqqətdə saxlanması istiqamətində səylər artırılacaq. Qarabağın azad olunması üçün davamlı çalışılacaq.

Eyni zamanda Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasını sürətləndirmək, ölkənin assosiasiya sazişinə qoşulması, Dünya Ticarət Təşkilatına daxil olması üçün davamlı səylər göstəriləcək.

Və nəhayyət sonuncu istiqamət milli və dövlətçilik maraqlarını partiya maraqlarından üstün tutmaqla bağlıdır. «Ölkənin müstəqilliyinə, ərazi bütövlüyünə təhlükə yaranarsa, dövlətin maraqlarını partiya maraqlarından üstün tutaraq, Azərbaycan dövlətinin və onun müstəqilliyinin qorunmasında fəal iştirak edəcəyik», deyə Q.İbadoğlu vurğuladı.

Qubad İbadoğlu həmçinin başqanlığa namizədliyini verdiyinə görə, ictimai sektorda tutduğu bütün postlarda fəaliyyətini dondurub. Bu təşkilatlar İqtisadi Tədqiqatlar Mərkəzi, Amerika Təhsili Məzunlar İctimai Birliyi, Milli Büdcə Qrupu, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsüdür. Adları çəkilən təşkilatlardakı gələcək fəaliyyət seçkinin nəticələrindən asılı olacaq. Amma Q.İbadoğlu bildirib ki, buna baxmayaraq, iqtisadçı kimi işini davam etdirəcək. O, vurğulayıb ki, başqan seçildikdən sonra belə jurnalistlərin bu sahə ilə bağlı suallarını cavablandıracaq.

Qurultayda yeni başqan seçiləndən sonra Müsavatın hazırkı başqanı İsa Qəmbərə xüsusi statusun verilib-verilməyəcəyinə gəlincə, Q.İbadoğlu bildirib ki, o, İ.Qəmbərə statusun verilməsinin tərəfdarı deyil: “Çünki Azərbaycanda bu məsələ müsbət qarşılanmır. Amma qurultayda bunula bağlı müzakirələr açılarsa, bununla bağlı kollegiyal qərar qəbul olunacaq. İsa Qəmbər elə bir siyasətçidir ki, onun xüsusi statusa ehtiyacı yoxdur. O, hər hansı postda olmasa belə hadisələrə, proseslərə kifayət qədər təsir etmək gücündə olan siyasətçidir. İsa Qəmbər bundan sonra da Müsavatın, Azərbaycan siyasətinin ən önəmli simalarından biri olaraq qalacaq. İsa Qəmbər Müsavatdan getmir, sadəcə olaraq o, bundan sonra nizamnaməyə uyğun olaraq başqan səviyyəsində idarəçilikdən gedir. Bizim üçün hər bir üzvün potensialı dəyərlidir. İsa bəyin təcrübəsindən bundan sonra da yararlanmaq niyyətindəyik».

Q.İbadoğlunun sözlərinə görə, o, başqan olarsa belə, 2018-ci ildə keçiriləcək prezident seçkisində Müsavatın namizədi İsa Qəmbər olacaq. Amma partiyanın seçkilərlə bağlı ilkin hədəfi 2015-ci il parlament seçkiləridir və təşkilat öncə seçki mühütünün, qanunvericiliyinin təkmilləşdirilməsinə çalışacaq.

Qurultaydan sonra Müsavatda mümkün parçalanmanın ola biləcəyi ilə bağlı suala cavab verən Q.İbadoğlu vurğulayıb ki, hazırda namizəd olan digər şəxslər də partiyanın potensialını təşkil edirlər və həmin potensialdan seçkidən sonra da yararlanılması vacibdir.

İsa Qəmbər: «Sıravi müsavatçı kimi qalmaq istəyirəm»

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər də qərargahda jurnalistlərin sualların cavablandırıb və başqanlıq seçkisindən danışıb. O, Bakı meriyasının qurultay üçün təklif etdiyi Əmircandakı Mədəniyyət evi haqda danışıb və bildirib ki, Məclisin qərarı yerinə yetirilməlidir: “Sentyabrın 27-də qurultay keçirilməlidir. Məkan məsələsi ilə bağlı qərar həftənin birinci günü müzakirə edilib qərar veriləcək. Bununla bağlı şəxsi fikrimi iclasda səsləndirəcəyəm”. Müsavat başqanı qurultaydan sonra sıravi müsavatçı kimi qalmaq istədiyini bildirib: “Amma son qərarı müsavatçı dostlarla, məsləkdaşlarla bir yerdə verəcəyik”. 

İsa Qəmbər həmçinin qurultaydan sonra gözlənilən parçalanmalar və önləyici planlar haqda da danışıb: “Seçkilərin nəticələrindən kimsə narazı qalıb partiyanı tərk edib gedəcəksə, bu onun zəifliyi kimi qiymətləndiriləcək. Düşünmürəm ki, bu Müsavatda böyük əsk-səda yaradacaq. Seçki məhz ondan ötrüdür ki, seçən şəxslər kiməsə üstünlük versinlər. Seçilməyən şəxs də seçilənin iradəsinə hörmətlə yanaşmalıdır».

Xəyal