Qərbdən Rusiyanın maliyyə sektorunu vuran yeni sanksiyalar

Məhəmməd Talıblı: «Bu sanksiyalar Rusiya iqtisadiyyatının əhəmiyyətli şəkildə zəifləməsinə gətirib çıxaracaq»

Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minib. “Wall Street Journal” xəbər verir ki, yeni sanksiyalar Rusiyanın neft və müdafiə sənayesi sahəsindəki şirkətlərini əhatə edəcək.

Qəzetin məlumatına görə, sanksiya siyahısına “Rosneft”, “Qazpromneft”, “Transneft”, “Oboromprom”, “Uralvaqonzavod” və “Birləşmiş Aviaqayırma Korporasiyası” daxil edilib. Sanksiyalar bundan ibarət olacaq ki, adıçəkilən şirkətlər Qərb ölkələrinin banklarından 30 gündən artıq müddətə kredit götürə bilməyəcəklər.

Bundan başqa, yeni sanksiyalar paketində nəzərdə tutulub ki, bir sıra Avropa Birliyi ölkələrinə “Kalaşnikov” silahlarının idxalı qadağan edilsin.

Iqtisadçı ekpsert Məhəmməd Talıblı deyir ki, bu, Qərbin Rusiyaya qarşı sanksiyalarının üçüncü mərhələsidir: “Bu sanksiyalar Rusiyanın daha çox maliyyə, bank sektorunu əhatə edəcək. Məqsəd daha çox banklara zərbə vurmaqdı. Ölkə iqtisadiyyatının qan-damar sistemi olan maliyyə sisteminə ciddi təhlükələr vəd edir. Rusiyanın Ukraynaya təzyiqi hərbi müstəvidə davam edir. Bir çox şəhərlər Rusiyanın hücumuna məruz qalır. Ancaq faktiki olaraq, Rusiyaya müqavimət göstərən təkcə Ukrayna deyil. Digər demokratik ölkələr də Ukraynaya qarşı baş verənlərə görə birləşiblər. Ona görə də bu sanksiyalar bir ölkəni deyil, böyük bir coğrafiyanı əhatə edəcək. ABŞ və Avropanın iqtisadiyyatı güclü olan ölkələrinin Rusiyaya təzyiqləri artacaq”.

Bəs, bu sanksiyalar Rusiya iqtisadiyyatı üçün nə vəd edir?

Ekspert hesab edir ki, bu, uzun müddət davam etsə, Rusiya iqtisadiyyatının tamamilə çökdürülməsinə olmasa da, əhəmiyyətli şəkildə zəiflədilməsinə gətirib çıxaracaq: “Indiki halda, müəyyən geriləmələr yaradacaq. Rusiyanın bu təzyiqlərə nə qədər davam gətirməsi daha çox təzyiqin  xarakteri və onun davamlı olub-olmayacağından asılıdır. Xarici investisiyalar Rusiyadan tamamilə uzaqlaşacaqsa, bu o deməkdir ki, Rusiya iqtisadiyyatı çətin duruma düşəcək”.

Məhəmməd Talıblı onu da qeyd edir ki, Rusiya vətəndaşlarının böyük bir hissəsinin öz iqtisadiyyatlarına inamı azalıb: “Rusiya vətəndaşlarının uzunmüddətli əmanatlərini bank sektorundan geri çəkmələri haqda məlumatlar yayılıb. Əslində, bu, bank sektoruna, ölkənin iqtisadiyyatına olan inamın zəifləməsindən xəbər verir”.

Ramin