Yanıq xəstəxanasındakı qalmaqala Səhiyyə Nazirliyi nə deyir?

Anar Qədirli: «Nazirliyə müraciət etmədən məsələni birbaşa mətbuata çıxarmaq yaxşı hal deyil»

“Narazı həkimlər və tibb bacıları mətbuatdan əvvəl Səhiyyə Nazirliyinə və ya Bakı Baş Səhiyyə Idarəsinə müraciət edərdilər. Səhiyyə Nazirliyinin müvafiq şöbələri də bu məsələ ilə bağlı araşdırmalar aparıb, həqiqəti üzə çıxarardı.

Doğrudan da, mərkəzdə korrupsiya və rüşvət hallarına rast gəlindiyi zaman lazımi tədbirlər görülərdi. Bildiyim qədər, bir neçə şikayətçi şəxs var. Yaxşı olar ki, onlar nazirliyə müraciət etsin. Nazirliyə və ya Bakı Baş Səhiyyə Idarəsinə müraciət etmədən məsələni birbaşa mətbuata çıxarmaq yaxşı hal deyil” – bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli “Şərq” qəzetinə açıqlamasında 5 saylı xəstəxananın tərkibindən çıxarılaraq, Həkimlərin Təkmilləşdirmə Institutunun tərkibinə daxil edilən yanıq şöbəsinin əməkdaşlarının mediaya göndərdiyi şikayət məktubuna münasibət bildirərkən deyib.

Nazirliyin sözçüsü bildirib ki, şikayətçilərin hər biri dövlət işçiləridir və problemləri barədə nəzdində çalışdıqları orqanı xəbərdar etməlidilər.

“Öz etirazları ilə bağlı bizə müraciət edib, cavab ala bilməsələr, məsələni ictimailəşdirərdilər. Ən azı, mətbuatla eyni vaxtda aidiyyəti qurumlara da müraciət edə bilərdilər. Bizə heç bir müraciət daxil olmadığı üçün bu barədə araşdırma aparılmayıb. Yanıq şöbəsi ilə bağlı yayılan məlumatların nə dərəcə həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm”, – deyə Anar Qədirli bildirib.

Qeyd edək ki, həkimlər şikayət məktubunda iki aydır əməkhaqqı almadan işlədiklərini göstəriblər. Bildirirlər ki, yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov fond pulu adı altında iyul və avqust ayları üçün həkimlərdən 300, tibb bacılarından 50, sarğı otaqlarından 100 manat tələb edir.

“Fond pulunu verməyəcəyimiz halda isə bizi işdən çıxaracağıyla hədələyir. Vüqar Ələkbərov əməkdaşlar məzuniyyətdə olarkən onları işdən çıxarır, əvəzlərinə gənc, təcrübəsiz tibb bacılarını işə qəbul edir”, – deyə şikayətçilər qeyd ediblər.