Yusif Bəkirov: «Azərbaycanın təhsil sistemindəki problemləri mobil telefonun üzərinə atmaq düzgün deyil»
Orta təhsil müəssisələrində şagirdlərin mobil telefondan istifadə edib-etməməsi zaman-zaman gündəmə gələn mövzulardandır. Doğrudur, mobil telefondan imtina müasir texnologiyalar fonunda mümkünsüz görünür.
Şagirdin valideynilə əlaqə saxlaması, ona dərsdən çıxacağı vaxt barədə məlumat verməsi və digər səbəblərdən mobil telefon daşıması zəruridir. Bununla belə, onu da nəzərə almaq lazımdır ki, şagirdlərin dərs zamanı mobil telefonlar vasitəsilə müxtəlif əyləncəli oyunlar oynaması, telefondan bəzən yersiz istifadə hallarına da kifayət qədər çox rast gəlinir. Belə olan halda, istər-istəməz sual doğur ki, məktəbli özü ilə mobil telefon gətirməlidirmi?
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov orta məktəblərdə mobil telefonların istifadəsini məqbul sayır. O deyir ki, bu məsələyə qadağa qoymaqla Təhsil Nazirliyi orta məktəblərdə nizam-intizam olmadığını boynuna alır. Təşkilat rəhbəri qeyd edir ki, Azərbaycanın təhsil sistemindəki problemləri mobil telefonun üzərinə atmaq düzgün deyil: “Şagird dərs vaxtı telefonla danışır və oynayırsa, bu artıq məktəbdə nizam-intizamın olmamasının göstəricisidir. Mobil telefondan bütün dünya məktəblərində istifadə olunur. Bizdə mobil telefonun təhsilin inkişafına dəxli yoxdur. Onu bir bəhanə kimi hallandırırlar. Azərbaycanda təhsil pulludur. Mobil telefon nəzarət deməkdir. Yəni, şagird müəllimin onu cəzalandırmasını mobil telefonla çəkib sübut edə bilər. Mobil telefonun bir müsbət xüsusiyyəti də müəllimləri intizama məcbur etməsidir. Şagirdlərin zorakılığa qarşı mübarizədə o, bir silahdır. Mobil telefon şahiddir”.
Nigar


