stefan-fule-yeni

AB komissarından hakimiyyətə mesaj

“Azərbaycan Avropa dəyərlərinə və prinsiplərinə sadiqliyini nümayiş etdirməlidir”

Ştefan Füle: “Azərbaycanın vətəndaş cəmiyyətini dəstəkləmişik və dəstəkləyəcəyik”

Sentyabrın 9-da Bakıda Avropa Ittifaqı (AI) “Şərq Tərəfdaşlığı” ölkələrinin XIN rəhbərlərinin görüşündə həmin dövlətlərin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, enerji təhlükəsizliyi, demokratiya və vətəndaş cəmiyyətinin inkişafı məsələləri müzakirə edilib. Bu barədə görüşdən sonra mətbuat konfransında Azərbaycan XIN rəhbəri Elmar Məmmədyarov bildirib.

Öz növbəsində AI-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle deyib ki, AI “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığa mühüm önəm verir və onların suverenliyini, ərazi bütövlüyünü qorumağa hazırdır. Lakin bu dövlətlər öz suverenliklərini özləri müəyyən etməlidirlər.

AI 2009-cu il Madrid müqaviləsi ilə öz prioritetləri sırasında demokratiyanın inkişafı, insan hüquqları, ədalətli ədliyyə sistemi, korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmyyətinə hörmətlə yanaşılmasını müəyyən edib. Fülenin fikrincə, islahatların həyata keçirilməsi üçün hökumətlə vətəndaş cəmiyyəti arasında dialoq olmalıdır.

AI-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Helda Şmit müdafiə və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparıldığını bildirib. O qeyd edib ki, Ukrayna böhranı “Şərq Tərəfdaşlığı” ölkələrinin təhlükəsizliyinə qorxu yaradır.

AI “Şərq Tərəfdaşlığı” məkanında bütün münaqişələrin nizamlanmasına tərəfdardır. O, vətəndaş cəmiyyətininin inkişafının və onun hökumətlə dialoqunun vacibliyini qeyd edib. Füle jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Krımın Rusiya tərəfindən anneksiyası “bu münaqişənin dinc yolla nizamlanması imkanlarını aradan qaldırır”.

Qarabağ münaqişəsinə gəlincə, bundan ötrü beynəlxalq çərçivələr var və AI bu səyləri dəstəkləyir. Onun fikrincə, məsələnin həlli hər iki tərəfin iradəsindən asılıdır və AI öz tərəfindən dəstək göstərməyə hazırdır. Azərbaycanın iqtisadi nailiyyətlərini qeyd edən Füle deyib ki, ölkədə vətəndaş cəmiyəti üçün məkan daralır. Onun fikrincə, hökumət vətəndaş cəmiyyəti ilə birlikdə onun problemlərinin həlli yollarını tapmalıdır.
“Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi şəraitində ölkə Avropa dəyərlərinə və prinsiplərinə sadiqliyini nümayiş etdirməlidir”, – komissar vurğulayıb.

Bundan başqa Füle vətəndaş cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşündə Azərbaycanda insan haqlarının məhdudlaşdırılması faktları ilə bağlı ciddi narahatlığını ifadə edib: “Avropa Ittifaqı hazırki vəziyyətdə vətəndaş cəmiyyəti fəallarının əzmkarlığını çox yüksək qiymətləndirir. Biz insan haqları, demokratiya və əsas azadlıqlar ilə bağlı problemləri diqqətlə izləyirik. Avropa Ittifaqı dəfələrlə vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyə edilmiş məhdudlaşdırıcı dəyişikliklər,  bir sıra tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi ilə bağlı öz narahatlığını ifadə edib”.
O, stabil demokratik dövlətdə ictimai debatların çox vacib olduğunu xatırladıb. “Məhz buna görə də biz Azərbaycanın vətəndaş cəmiyyətini dəstəkləmişik və dəstəkləyəcəyik. Bu məqsədlə Avropa Ittifaqı Azərbaycan vətəndaş cəmiyyətinə, demokratiya və insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə 3 milyon avro ayırıb”, – deyə komissar bildirib.