Hökumət QHT-lərə qarşı hücumlarına görə tənqid hədəfi olacaq

Ələsgər Məmmədli: «Baş verənlər hökumətin imicinə də mənfi təsir göstərəcək»

Xeyli müddətdir ki, hökumət müstəqil QHT-lərə qarşı savaş açıb. Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev, Insan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və təşkilatın icraçı direktoru Bəşir Süleymanlı, Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli və başqa vicdan məhbusu hazırda həbsdədir.

Adları çəkilən şəxslər həbs olunandan sonra rəhbərlik etdikləri təşkilatların fəaliyyəti də dayanıb. Bir xeyli müstəqil QHT-lərin rəhbərinin bank hesablarına həbs qoyulub, onların ölkədən çıxışı qadağan edilib.

Bu il mayın 14-dən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanda QHT-lərə qarşı belə bir hücum kampaniyası hökumət üçün hansı nəticələr verə bilər?

Tanınmış hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanda insan hüquqları və media azadlığı sferasında fəaliyyət göstərən QHT-lərin fəaliyyəti son zamanlar kəsilmək üzrədir. Bunun da əsas səbəbi Azərbaycanın dövlət strukturlarının – Vergilər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, hətta Prezident yanında KIV-lərə Dəstək Şurasının birgə fəaliyyəti nəticəsində müstəqil təşkilatlara problemlər yaradılmasıdır.

Azərbaycanın Avropa Şurası qarşısında öhdəlik götürdüyünü yada salan hüquqşünasın sözlərinə görə, Insan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 11-ci maddəsi də birləşmək hüququnu nəzərdə tutur və bu hüquq çərçivəsində QHT-lərin və başqa strukturların, o cümlədən siyasi partiyaların birləşərək fəaliyyət göstərməsinə təminat verir. Eyni zamanda, bu azadlıq Azərbaycan Konstitusiyasının 58-ci maddəsində də öz əksini tapır.

“Hesab edirəm ki, son vaxtlar ölkədə müstəqil təşkilatlara qarşı baş verənlər hökumətin imicinə də mənfi təsir göstərəcək. Xüsusilə Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövr ərzində bu hadisələrin baş verməsi. o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində xeyli problemlərin yaranması Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin icrası baxımından xeyli problematik qiymətləndiriləcək, Azərbaycan hökuməti tənqidlərə məruz qalacaq”, – deyə Ələsgər Məmmədli bildirib.

Ramin DEKO