Tofiq Yaqublu Müsavat başqanlığına namizəd ola bilərmi?

Başqanlığa namizədlər sırasında yeni ad…

Müsavat başqanlığına iddialı şəxslərin adları məlumdur. Bu sırada Arif Hacılı, Qubad Ibadoğlu, Tural Abbaslı, Səxavət Əlisoyun adları çəkilir. Heç onların özləri də iddialarını gizlətmirlər. Onlar mövqelərini açıq şəkildə ortaya qoyurlar. Namizədlərin hər birinin də ayrıca tərəfdarları var.

“Yeni Müsavat” bu mövzunu təhlil edərək yazır ki, amma bu namizədlərin heç biri böyük əksəriyyətin etimadını qazanmayıb: “Ortada hələlik hər kəsin, ən azı 90 faizin ”mənimki” deyəcəyi bir namizəd də yoxdur. Belə bir məqamda hər kəs birləşdirici fiqur arayışında olur. Müsavatda isə hazırda belə bir fiqur var. O, hazırda həbsdə olan Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqubludur”.

Tofiq Yaqublu haqqında Müsavatda kimsənin mənfi fikirdə olduğu güman edilmir: “Tofiq Yaqublu həm də Müsavat rəhbərliyində olan azsaylı şəxslərdəndir ki, narazı elektoratın digər siyasi təmsilçisi olan AXCP, Milli Şura və başqaları ilə münasibətləri pozulmayıb; onlar tərəfindən də qəhrəman, mübariz demokrat kimi qəbul olunur. O, həm də bir simvoldur”.

Tofiq Yaqublunun namizədliyi məsələsini şərh edən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, Tofiq bəyin belə bir fikri yoxdur: “Bu açıqlamanı da Şəkidən – Tofiq bəyin məhkəməsindən qayıdarkən verirəm. Tofiq bəy məndən onun Hüquqlarını Müdafiə Komitəsinin sədr müavini kimi, namizədliyini Məclis üzvlüyünə irəli sürməyimi xahiş etdi. Bu baxımdan Tofiq Yaqublu başqanlığa namizədliyini vermək fikrində deyil. Kiminsə belə bir arzusu varsa, bu, Tofiq bəyə istək və məhəbbətdən irəli gəlir”.

Nigar