Ermənistana gedənlərə qadağa qoyub, ermənilərlə eyni masa ətrafında əyləşmək nə deməkdir?
NATO-nun “Rose Roth” seminarında iştirak etmək üçün Ermənistandan üç nəfərlik nümayəndə heyəti Bakıya gəlib. Ermənistan nümayəndə heyətinin tərkibinə Irs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və Irəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.
“Cənubi Qafqaz. Çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda Ermənistan nümayəndə heyətinin iştrakı məsələsi müzakirə olunub və Azərbaycan tərəfi nümayəndə heyətinin təhlükəsizliyinə təminat verməyə hazır olduğunu bildirib.
Tevan Poqosyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, bütün mövzular üzrə biz öz mövqeyimizi çatdıracağıq və imkan verməyəcəyik ki, bu seminar birtərəfli olaraq Azərbaycanın piarına çevrilsin.
Verilən məlumata görə, seminarın gedişində də erməni nümayəndə heyəti onları qane etməyən fikirlərə etiraz ediblər və öz mövqelərinin haqlı olduğunu sübut etməyə çalışıblar.
Bir sözlə, erməni nümayəndə heyəti Bakıda heç bir kompleks keçirmədən iştirak ediblər və aqressiya nümayiş etdiriblər.
Maraqlı məqam ondan ibarətdir ki, hansısa xarici diplomat Ermənistana, Qarabağa səfər edəndə, Azərbaycan hakimiyyəti bunu faciəyə çevirir və həmin şəxsləri “persona non qrata” elan edir.
Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rene Rukeyə də “arzuolunmaz şəxs” siyahısına salınıb və ötən ay AŞ PA-nın Bakıda keçiriləcək iclasında iştirakına icazə verilməyib. Səbəb isə, vaxtilə işğal altındakı ərazilərə icazəsiz səfər etməsi olub.
Bugünə qədər Azərbaycan Xarici Işlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə 335 nəfəri “persona non qrata” (arzuolunmaz şəxs) elan edərək “qara siyahı”ya salıb. Onların arasında Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks, Dumanın MDB və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini, MDB ölkələri Institutunun direktoru Konstantin Zatulin, Almaniya Berlin Akademiyasının prezidenti Eckart D.Stratenschulten, Fransa Milli Assambleyasının üzvü Fransua Roşblan, Fransa Milli Assambleyasının deputatları Corc Kolombye və Valeri Boyer, müğənni Monserrat Kabalyen, Avropa Ittifaqının Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Piter Semnebi və başqalarının da adları var.
Bu adamların “persona non qrata” elan edilməsinin Azərbaycana nə xeyri var?
Əvvəla, bu adamlar üçüncü ölkə kimi regiona səfər edirlər, baş verənlərlə yaxından tanış olurlar və bu onların peşəsidir. Dünyada tanınan, kifayət qədər mühüm postlar tutan, dünya mətbuatına söz demək imkanı olan adamlar Azərbaycandan niyə narazı qalmalıdır?
Bu adamları “arzuolunmaz şəxs” siyahısına salıb, Azərbaycandan uzaqlaşdırmaq əvəzinə, ölkəmizə dəvət edib, haqlı mövqeyimizi çatdırmaq daha yaxşı olmazmı?
Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 335 nəfər, heç bir beynəlxalq tribunada Qarabağı ermənilərin işğal etdiyini söyləməz. Çünki Azərbaycan hakimiyyəti bu adamları incik salıb və bu şəxslərin Qarabağ həqiqətlərindən xəbəri yoxdur.
Yəni hakimiyyətin kütləvi “persona non qrata” “xidmət”i Qarabağ münaqişəsinin həllinə əngəl törədir. Saxta vətənpərvərlikdənsə, həqiqi təbliğat aparmaq və düzgün siyasi addımlar atmaq lazımdır.
Bir halda ki 3 erməni ölkənin paytaxtında bülbül kimi danışa bilir, Azərbaycan hökuməti bu şəxslərin təhlükəsizliyinə təminat verir, o zaman hansısa diplomatın Ermənistana səfəri niyə süngü ilə qarşılanmalıdır?
Bəlkə bu gün NATO-nun seminarında iştirak edən Tevan Poqosyan, Riçard Kirakosyan və Koryun Naapetyan müharibə zamanı vətəndaşlarımızı qətlə yetirən şəxslərdəndir.
Yəni hansısa diplomatın Ermənistana getməsi faciədirsə, ermənilərin Bakıya gəlməsi də qadağan olunmalıdır.
Sözümüzün canı odur ki, münaqişənin həlli yolunu tapa bilmirsinizsə, süni münaqişələr yaratmağa cəhd etməyin.
Bu cür addımlar Azərbaycanın diplomatik cəbhədə məğlubiyyətini artırır.
Akif


